16 Iyul 2021 00:51
910
İQTİSADİYYAT
A- A+

Prezident İlham Əliyevin elmə və biliyə əsaslanan inkişaf strategiyası, onun kadr təminatı

 

Azərbaycan uğurla inkişaf edir və bu proses həm iqtisadi, sosial və humanitar sahələri əhatə edir, həm də dövlət idarəçiliyində tətbiq olunan tam yeni dövlət idarəçilik texnologiyalarına əsaslanır. Dövlət idarəçiliyində innovativ texnologiyaların tətbiqinin nəticəsidir ki, bu gün beynəlxalq təşkilatların rəsmi hesabatlarına əsasən müstəqilliyinin bərpasından cəmi 30 il keçmiş Azərbaycan Respublikası dünyada inkişafın davamlı və sosialyönümli olması və inklüziv cəmiyyətin qurulması naminə maliyyə resurslarını və insan potensialını ən səmərəli istifadə edən ölkədir.

Bu nailiyyətlərin əldə edilməsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev isə dövlət idarəçilik texnologiyalarını tam yeni səviyyəyə qaldırmış və bugünkü uğurların qazanılmasını təmin etmişdir. Bu texnologiyaların əhəmiyyətli hissəsini institusional islahatlar təşkil edir. Birinci vitse-prezident institutunun yaradılması, bu vəzifədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyədə olduqca səmərəli fəaliyyəti müasir dünyanın əsas prioriteti olan inklüziv cəmiyyətin qurulmasını, bunun üçün yeni nəsil idarəçilərin formalaşmasını təmin etmişdir.

Prezident İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi innovativ texnologiyalar əsasında insan potensialının inkişafı, bu potensialın iqtisadiyyatda insan kapitalına çevrilməsi, ölkənin inkişafının davamlılığı naminə dayanıqlı iqtisadiyyatın və əlverişli sosial mühitin formalaşdırılması durur. 44 günlük şanlı Vətən müharibəsi, ölkənin ərazi bütövlüyünün bərpası və bununla BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin yerinə yetirilməsi, yüz minlərlə qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün imkan və şəraitin yaradılması, bu ali əhəmiyyətli fəaliyyətlərin qlobal miqyasda diplomatik və informasiya təminatı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən şəxsən həyata keçirilmişdir.

İnnovativ inkişaf ölkənin əsas məqsədi olaraq qalır və daha da güclənir. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sərəncamı, 7 iyul 2021-ci il “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı ölkənin sürətli və innovativ inkişafının davamlılığı və genişmiqyaslılığının göstəricisidir.

İnkişafın innovativliyinin təmin edilməsi yalnız yüksək elmi və kadr təminatı şəraitində mümkündür. 2030-cu il üçün hədəflənən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etmək, ölkədə “ağıllı” yaşayış məntəqələrinin salınması,  iqtisadiyyatın müxtəlif sahələrində “yaşıl” istehsalın təşkili, inklüziv cəmiyyətin formalaşması proseslərində ölkənin elmi təşkilatları və alimlərinin iştirakının  təşviqi də eyni məqsədə xidmətdən xəbər verir. Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlardan aydın olur ki, yaxın gələcəkdə elm tutumlu inkişaf daha da güclənəcək, elmin rolu və eyni zamanda məsuliyyəti daha da artacaq. Belə bir şərait elmi işçilərin, ümumiyyətlə, peşəkarların hazırlanması prosesinin də yenidən nəzərdən keçirilməsini və təkmilləşdirilməsini tələb edir.

Qeyd olunan təkmilləşdirmə elmi işçilərin və ümumiyyətlə, peşəkarların hansı istiqamətdə hazırlanması məsələsini də özündə ehtiva edir. Təhlillər göstərir ki, bu sahədə təkmilləşdirməyə ehtiyac olduqca yüksəkdir. Bunu ölkənin rəsmi statistikası da göstərir. Məsələn, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 2021-ci ildə “Doktoranturanın işi haqqında”  hesabat dərc edib.

Hesabatda  2020-ci ildə elm sahələrinə görə fəlsəfə doktoru proqramı üzrə təhsil alanların sayı təqdim olunub. Statistik hesabatdan eyni zamanda aydın olur ki, elmin hansı sahələri üzrə ixtisaslaşmış mütəxəssislər yaxın illərdə ölkənin intellektual əmək bazarına daxil olacaqlar və orada ən azı gələcək 25-30 ildə sayca üstünlük təşkil edəcəklər.  Hesabata görə, hazırda doktoranturada sayca ən çox təhsil alanlar iki ixtisasda təmsil olunublar: iqtisadiyyat və filologiya. 2020-ci ildə təhsil alan 2512 doktorantdan 424-ü iqtisad elmləri, 319-u isə filologiya elmləri sahəsində elmi çalışmalar həyata keçiriblər. Faiz göstəricisinə gəldikdə aydın olur ki, gələcək fəlsəfə doktorlarının 16,9 faizi iqtisadçı, 12,7 faizi isə filoloq olacaq. Müqayisə üçün qeyd edilməlidir ki, ölkədə sənayenin bütün sahələrinin elmi təminatı üçün hazırlanan texniki elmlər üzrə fəlsəfə doktorlarının sayı 275 nəfər, yəni yalnız 10,9 faizi təşkil edir. Ölkənin iqtisadiyyatında, sosial həyatında, əhalinin əmək məşğulluğu üçün xüsusi əhəmiyyət daşıyan aqrar elmlər üzrə hazırlanan doktorantların sayı 177-yə, yəni 7 faizə bərabərdir. Azərbaycan üçün fövqəladə əhəmiyyət daşıyan neft və qaz, mədən sənaye sahələrini təmsil edən yer elmləri sahəsində doktoranturada təhsil alanlar cəmi 2,3 faiz təşkil edir (Şəkil 1).

Şəkil 1. Azərbaycan Respublikasında 2020-ci ildə elmin sahələrinə görə fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar, %. Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2021.

Şəkildən göründüyü kimi, ölkəmizdə gələcək onilliklərdə alimlərin təxminən 30 faizini iqtisadçı və ya filoloqlar təmsil edəcək. Elmin bu istiqamətləri olduqca əhəmiyyətlidir. İqtisadçı alimlər ölkənin inkişaf prosesinə vacib töhfələr verib və verəcəklər. Eyni zamanda Azərbaycan ədəbiyyatı olduqca zəngindir və bu sahədə elmi tədqiqatlar çox əhəmiyyətlidir. Bu səbəbdən planlaşdırılan sayda iqtisadçı və filoloqların hazırlanması həyata keçirilməlidir. Lakin Prezident İlham Əliyevin müasir idarəetmə strategiyasına müvafiq olaraq, ölkədə elmə əsaslanan innovativ iqtisadi, sosial və humanitar inkişafın davamlılığını təmin etmək üçün hazırlanan alimlər və mütəxəssislər arasında iqtisadiyyatın real sektoruna, ölkəyə gəlir gətirən sahələrə xidmət edən alim və mütəxəssislərin hazırlanmasının da layiqli səviyyəyə çatdırılması zəruridir.

Doktorantura səviyyəsində müşahidə olunan ixtisaslar arasında qeyri-mütənasiblik bakalavr və magistr səviyyələrində də özünü göstərir. Məsələn, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi hesabata əsasən, 2019-ci ildə magistraturanı bitirmiş 6,1 min mütəxəssisin 2 mini (32,8 faizi) iqtisadiyyat və idarəetmə ixtisaslarına yiyələnib. Real iqtisadiyyata aid olan texnika və texnologiya ixtisaslarına yiyələnmiş magistrlərin sayı isə 1,2 mindir (19,6 faiz). Kənd təsərrüfatı ixtisasları üzrə magistraturanı 100 nəfər (1,6 faiz) bitirmişdir. Buradan aydın olur ki, real iqtisadiyyatda, sənaye və ya kənd təsərrüfatında çalışmaq üçün magistr səviyyəsində hazırlanmış 1300 mütəxəssis olduğu halda əmək bazarına  2000 iqtisadçı və idarəçi daxil olur. Bu isə o deməkdir ki, magistr səviyyəsində  əmək bazarında 1 mühəndis, aqronom və ya zootexnikə 1,5 iqtisadçı və ya idarəçi düşür. Dövlətin rəsmi statistik hesabatlarına əsasən, bakalavr səviyyəsində hazırlıqda da ixtisaslar arasında oxşar nisbət müşahidə olunur.

Aydındır ki, müxtəlif səviyyələrdə (doktorantura, magistratura, bakalavriatura) kadr hazırlığında ixtisaslar arasında müşahidə edilən hazırkı nisbət optimal hesab edilə bilməz. Prezident İlham Əliyev tərəfindən hədəflənmiş qabaqlayıcı inkişafın davamlılığını və bunun üçün insan potensialının formalaşmasını təmin etmək üçün təhsilin müxtəlif səviyyələrində ixtisaslar arasında nisbət optimallaşdırılmalı, mövcud və gələcək əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır.

Qeyd edilməlidir ki, oxşar vəziyyətə və təhsildə ixtisaslar arasında müşahidə olunan mütənasibsizliyə bir sıra, xüsusən iqtisadi baxımdan yüksək inkişaf etmiş ölkələrdə də rast gəlinir və bu beynəlxalq səviyyədə müzakirə obyektidir. Hazırkı məqalənin müəllifi inkişaf prosesinin idarə edilməsinə dair bir sıra ölkələrdə, o cümlədən ABŞ-ın aparıcı universitetlərində və bu ölkədə yerləşən beynəlxalq inkişaf institutlarında (BMT, Dünya Bankı) məruzələrlə çıxış etmiş və seminarlar keçirmişdir. Həmin tədbirlərdə istifadə olunan və kadr potensialının formalaşması prosesinin optimal idarə edilməsini əks etdirən piramida Şəkil 2-də əks etdirilmişdir.

Şəkil 2. Təhsilin müxtəlif səviyyəsində və müxtəlif ixtisaslar üzrə insan potensialının optimal formalaşdırılması

Şəkil 2-dən göründüyü kimi, piramidanın əsasını və müvafiq olaraq fərqli səviyyədə təhsilə cəlb olunmuşların ən çoxsaylı hissəsini yeni bilik və innovativ məhsullar yaradan təbiət, texniki və aqrar elmlər sahəsində çalışanlar təşkil edir. Bu istiqamətdə elm və texnologiyaların inkişafı nəticəsində yaradılmış yüksək rəqabətqabiliyyətli innovativ məhsul və xidmətlərin kütləvi istehsalını, ölkədə və xaricdə istifadəçiyə çatdırılmasını təmin edən mühəndis, memar, aqronom, zootexnik, digər oxşar sahələrdə təhsil almış və fəaliyyət göstərə bilən mütəxəssislər piramidanın əsasını təşkil edir. Bu, sayca ən böyük qrupdur.

Piramidanın ikinci səviyyəsində cəmiyyətdə innovativ inkişaf üçün əlverişli sosial, mədəni, mənəvi mühitin formalaşmasına xidmət edən və bu sahədə təhsilin müxtəlif səviyyəsində hazırlanmış mütəxəssislər cəmləşib. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il fərmanı ilə prioritet kimi hədəflənmiş inklüziv cəmiyyətin formalaşmasında bu sahənin mütəxəssislərinin rolu çox böyükdür. Bu istiqamətin inkişafında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu olduqca böyükdür və Azərbaycan Respublikasını dünya liderləri səviyyəsinə qaldırıb.

İqtisadiyyat və idarəetmə sahəsində təhsil almış və çalışan mütəxəssislər daha yüksək və daha elitar üçüncü səviyyədə təmsil olunublar. Onların funksiyası piramidanın birinci səviyyəsində əldə edilmiş yeni biliklər və onların əsasında yaradılmış yüksək rəqabətqabiliyyətli məhsulların istehsal və istifadə proseslərini ən səmərəli şəkildə təşkil etməkdir. Eyni funksiyalar piramidanın ikinci səviyyəsində təqdim olunmuş sosial və humanitar işlərə də aiddir. Piramidanın birinci və ikinci səviyyələrində əldə edilmiş elmi və texnoloji nailiyyətlər nə qədər zəngin və innovativ olarsa, üçüncü səviyyədə idarəetmə imkanları bir o qədər geniş olacaq. Bir daha qeyd edilməlidir ki, bu ixtisasların xüsusi statusu mövcuddur və bu elitar status qorunmalıdır. Hüquqşünaslar isə piramidanın dördüncü ən dar seqmentini təşkil edir. Onların funksiyası innovativ inkişafın davamlılığını təmin etmək üçün əlverişli hüquqi mühitin yaradılması və bu mühitin mühafizəsidir. Qeyd edilməlidir ki, əmək bazarında iş yerləri təxminən bu nisbətdə formalaşır.

İxtisasın düzgün seçimi, əmək bazarının hazırkı və gələcək tələblərinin nəzərə alınması yalnız iqtisadi və sosial problem deyil. İxtisasın düzgün seçilməsi ömürboyu təhsilin genişləndirilməsi və diversifikasıyası, müxtəlif səviyyələrdə təhsilə cəlb olunanların gözləntilərinin idarə edilməsi məmnunluğunun təmini üçün olduqca əhəmiyyətlidir. Bu iki amil isə dövlətin siyasi təhlükəsizliyi üçün də olduqca əhəmiyyətlidir. Hazırda doktorantura, magistratura, bakalavriatura səviyyələrində qəbul və ixtisas seçimləri həyata keçirilir. Düşünürəm ki, təqdim olunan məlumatlar bu prosesdə faydalı ola bilər. 

 

Urxan ƏLƏKBƏROV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video