28 Aprel 2021 21:48
1998
Tədbirlər
A- A+

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti ilə videokonfrans formatında görüşü olub   YENİLƏNİB

 

Aprelin 28-də Dünya İqtisadi Forumunun prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü olub.

AZƏRTAC xəbər verir ki, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende forumun təsisçisi və icraçı sədri Klaus Şvabın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Klaus Şvabın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədrinə çatdırmağı xahiş etdi.

Görüşdə ölkəmizlə Dünya İqtisadi Forumu arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirildi, bu əməkdaşlıq çərçivəsində Azərbaycanın Dünya İqtisadi Forumunun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi qeyd olundu. Vurğulandı ki, Azərbaycan ilə Dünya İqtisadi Forumu ölkəmizdə qeyri-neft sektorunun inkişafı sahəsində də uğurla əməkdaşlıq edir.

Prezident İlham Əliyev Borge Brendeyə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verdi. Dövlətimizin başçısı bildirdi ki, həmin ərazilərdə yenidənqurma prosesi gedir, qarşıda nəhəng iş durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq. Bildirildi ki, indi səylərin əsas istiqaməti ərazilərin yenidən qurulması olacaq və bu, həmçinin ölkə iqtisadiyyatının qeyri-enerji sektoruna, xüsusilə tikinti sahəsinə təkan verəcək. İki gün əvvəl “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq kəndlərin təməlinin qoyulduğunu vurğulayan dövlətimizin başçısı işğaldan azad edilmiş əraziləri “yaşıl zona” elan etdiyini, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasından istifadə olunacağını, şəhərlər üçün baş planların hazırlandığını, enerji istehsalı, elektrik enerjisi, avtomagistrallar, dəmir yolları, hava limanları ilə bağlı infrastruktur layihələrinin həyata keçirildiyini dedi və bu sahədə Dünya İqtisadi Forumu ilə əməkdaşlığın perspektivlərinə toxundu.

Söhbət zamanı Azərbaycanda pandemiya ilə mübarizə sahəsində görülən tədbirlər də qeyd edildi, son günlərdə ölkədə sağalanların sayının artması müsbət amil kimi qiymətləndirildi. Azərbaycanda vaksinasiyaya başlanıldığı, əhalimizin 14 faizinin artıq peyvənd olunduğu bildirildi, pandemiya ilə bağlı ölkəmizin təşəbbüsü ilə çox vacib və qlobal tədbirlərin keçirildiyi vurğulandı, Azərbaycanın 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərdiyi qeyd edildi, ölkəmizin milli səviyyədə və Qoşulmama Hərəkatının sədri kimi qaldırdığı məsələlərdən birinin də dünyada vaksinlərin ədalətli bölgüsü ilə bağlı olduğu diqqətə çatdırıldı.

Görüşdə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin fəaliyyəti vurğulandı. Dövlətimizin başçısı MDB regionunda ilk bu cür mərkəzin məhz Bakıda yaradılmasına görə minnətdarlığını bildirdi, iqtisadiyyatı şaxələndirmək və islahatları davam etdirmək üçün, eləcə də investisiyaları cəlb etmək baxımından mərkəzin rolunu qeyd etdi. Bildirildi ki, bu mərkəzin əsası 2020-ci ildə Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin niyyət məktubunu imzalaması ilə qoyulub. Mərkəzin fəaliyyətinin təşkili üçün Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq artıq təmin olunub. İlkin mərhələdə süni intellekt və rəqəmsal iqtisadiyyatla bağlı təhlillər aparılır.

Prezident İlham Əliyev Borge Brendeni Azərbaycana səfərə və mərkəzin fəaliyyəti ilə tanış olmağa dəvət etdi.

İndi gənc nəslin təliminə çox böyük diqqət yetirdiyimizi, son illərdə bilikli insanların yeni nəslinin yetişdiyini deyən Prezident İlham Əliyev azərbaycanlı gənclərin təcrübəçi kimi Dünya İqtisadi Forumunun təşəbbüs və proqramlarında iştirakına imkan yaradıldığına görə Borge Brendeyə təşəkkürünü bildirdi.

İnvestisiyaların cəlb edilməsi üçün ölkəmizdə yaxşı mühitin olduğunu deyən Borge Brende azərbaycanlı gənclərin çox mükəmməl olduqlarını vurğuladı və onların Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi işinə töhfə verəcəklərinə əminliyini bildirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video