06 Sentyabr 2017 10:09
815
Tədbirlər
A- A+

Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirak edib

Sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “BP-Azərbaycan” şirkətinin prezidenti Qəri Counz, “Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.

Qeyd edək ki, Bakı gəmiqayırma zavodu fəaliyyətdə olduğu qısa müddətdə kifayət qədər uğurlu layihələr həyata keçirib. Bu layihələrə 25 min ton yükqaldırma gücünə malik “28 May” üzən doku, 50 ton dartıcı qüvvəyə malik olan “SOCAR 1” yedək gəmisini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını və yuxarı bloklarını, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmilərini misal göstərmək olar. Bundan başqa, Bakı gəmiqayırma zavodu 2015-ci ildə “Şahdəniz mərhələ 2” layihəsi çərçivəsində bir neçə gəminin təmir və yenilənmə layihələrini həyata keçirib. Bunlardan “İsrafil Hüseynov” borudüzən gəmisini, “Tofiq İsmayılov” dalğıc gəmisini, “Azərbaycan” kran gəmisini, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini, “Dədə Qorqud” yarımdalma qazma qurğusunu və “Gilavar” tədqiqat gəmisini qeyd etmək olar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə imzalanan müqavilələrə uyğun olaraq, hazırda tikintisi uğurla davam edən iki “RoPax” tipli nadir gəminin və iki neft tankerinin 2019-cu ildə təhvil verilməsi planlaşdırılır.

Dövlətimizin başçısına “Xankəndi” sualtı tikinti gəmisi haqqında videoməlumat da təqdim olundu.

2014-cü il aprelin 17-də “Bakı Gəmiqayırma Zavodu” MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə “Şahdəniz” qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan “BP Exploration” MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlanıb. “Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra ötən ilin mayında suya salınıb. Bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.

Prezident İlham Əliyevə “Şahdəniz-2” layihəsi çərçivəsində görülən işlərlə bağlı da məlumat verildi. Qeyd edək ki, artıq layihə üzrə işlərin 96 faizdən çox hissəsi tamamlanıb. Fəaliyyət dövründə Azərbaycanda 24 min yeni iş yeri açılıb. “Şahdəniz mərhələ 2” üzrə işlənilmə planına bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu ilə qazılan ən az 26 sualtı quyu, suyun 500 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda boru kəmərləri və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. “Şahdəniz mərhələ 2” çərçivəsində əsas diqqət ildə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əlavə etməklə hazırda istismar olunan lay intervallarında qalan ehtiyatlara yönəlib. Buna görə ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək və qalan həcm, yəni, ildə 10 milyard kubmetr qaz Avropa alıcılarına çatdırılacaq.

Dövlətimizin başçısı “Xankəndi” sualtı tikinti gəmisinin rəmzi istismara verilməsini bildirən lenti kəsdi.

Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə “Xankəndi” gəmisinin bütün göyərtə avadanlığı - əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. “Xankəndi” gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib.

DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilən bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnikalarla tam təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17700 tondur və suya oturumu 6,5 metr olmaqla 5 min metrik tondan artıq yükgötürmə qabiliyyətinə malikdir.

Qeyd edək ki, 175 nəfərlik kayutlarla təchiz olunan bu gəmi indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəminin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır.

Sonra Prezident İlham Əliyev gəminin işə salınmasını bildirən düyməni basdı.

“Xankəndi” gəmisi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəmi təhvil verildikdən sonra sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaq və 2017-2027-ci illərdə “Şahdəniz mərhələ 2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.

Daha sonra “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Bu gözəl hadisə münasibətilə sizi təbrik etmək istəyirəm. “Xankəndi” gəmisinin istifadəyə verilməsi doğrudan da tarixi hadisədir. Şadam ki, bu nəhəng gəmi Azərbaycanda, Bakıda inşa edilib. Bu gəmiyə “Xankəndi” adı verilib. Onun da çox böyük mənası var. Xankəndi bizim qədim şəhərimizdir. Xankəndinin adı bizim üçün əzizdir, doğmadır. Təsadüfi deyil ki, dünyada nadir standartlara cavab verən bu gəmiyə məhz bu ad verilmişdir.

Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin inşası, istifadəyə verilməsi eyni zamanda onu göstərir ki, vaxtilə gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərar düzgün qərar idi. O vaxt bu qərarı verərkən və bu zavodun tikintisinə böyük sərmayə ayırarkən biz məhz bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin. Bu gəminin tikintisi eyni zamanda onu göstərir ki, elə bir gəmi yoxdur, biz gəmiqayırma zavodunda bunu inşa edə bilməyək. Hazırda dörd yeni gəmi tikilir - ikisi bərə, ikisi tanker.

“Xankəndi” gəmisinin tikintisi təqribən 400 milyon dollara yaxın vəsaitə başa gəlib. Bu da dövlətimizin gücünü göstərir. “Şahdəniz” qaz yatağının işlənilməsində bu gəminin əvəzsiz xidməti olacaq.

Bu gün mənə verilən məlumata görə, dünyada bu tipdə cəmi 10 gəmi var. Onlardan biri Azərbaycandadır, Azərbaycanda tikilib. Bu gəmidə çalışacaq heyət üzvlərinin əksəriyyəti Azərbaycan mütəxəssisləridir. Yəni, bu gəminin tikintisi ilə eyni zamanda treninq, hazırlıq işləri də aparılmışdır ki, bu gün həm gəminin kapitanı, həm də bütün heyət üzvlərinin əksəriyyəti yerli kadrlardır.

Bir daha demək istəyirəm ki, bu, çox əlamətdar, tarixi hadisədir. “Şahdəniz” qaz yatağının işlənilməsi bizim üçün strateji layihədir. Şadam ki, bu istiqamətdə də işlər yaxşı gedir. İndi mənə məlumat verilib ki, “Şahdəniz-2” qaz yatağının hazırlıq işlərinin səviyyəsi 96 faizdir. Demək olar ki, artıq bu layihə reallaşıb. Bu gəmisiz “Şahdəniz”i böyük səmərə ilə işlətmək mümkün deyil.

Biz bütün bu işləri ardıcıl şəkildə aparırıq. Sərmayə qoyulub, xarici tərəfdaşlarla işlər düzgün qurulub. Azərbaycanda platformalar, üzən qurğular, belə nəhəng gəmilər, Səngəçal terminalı, neft-qaz kəmərləri inşa edilir. Azərbaycanın neft-qaz sektoruna kompleks şəkildə, düşünülmüş və planlı surətdə böyük sərmayə qoyulub. Bu gün biz bunun nəticəsini görürük. Burada həm BP, həm SOCAR şirkətlərinin birgə fəaliyyətini də qeyd etməliyəm. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər artıq reallıqdır.

Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Gəmiçiliyin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəmizə böyük vergi ödəyir. Yəni, nəqliyyat, energetika infrastrukturumuzun uğurlu inkişafı ölkəmizin ümumi inkişafına böyük töhfədir.

Siz yəqin bilirsiniz ki, bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var.

Mən xatırlayıram, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr, həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz “Azəri-Çıraq-Günəşli”dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var.

“Şahdəniz”ə gəldikdə isə bu yatağın minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni, Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək.

Mən bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik etmək istəyirəm. Bu gəminin tikintisində iştirak etmiş bütün vətəndaşları, mütəxəssisləri təbrik etmək istəyirəm. Onlara minnətdarlıq bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, “Xankəndi” gəmisi “Şahdəniz” yatağının işlənilməsində öz qiymətli rolunu oynayacaq, ölkəmizin güclənməsinə töhfəsini verəcək. Sağ olun.

 

X X X

 

Sonda xatirə şəkli çəkdirildi.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video