26 Avqust 2021 20:03
1959
Tədbirlər
A- A+

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər  YENİLƏNİB

 

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov burada yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bir zamanlar baxımsız ərazi olan bu yerin indi həmin görkəmindən əsər-əlamət qalmayıb. Paytaxtın Xətai rayonunda yerləşən ərazi yenidən qurularaq Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib.

Hələ 2019-cu il noyabrın 11-də “Gənclik” parkı yeni salınarkən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edən dövlətimizin başçısı parkın abadlaşdırılması, təbii mənzərəsinin qorunub saxlanılması, burada əyləncə və idmanla məşğul olmaq üçün şəraitlə yanaşı, iaşə obyektlərinin qurulması, insanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri infrastrukturun yaradılmasına dair tapşırıqlar vermişdi. Üzərindən qısa zaman keçməsinə baxmayaraq, tapşırıqlar tam şəkildə icra olunub və nəticədə yeni istirahət mərkəzi paytaxtın ən gözəl məkanlarından birinə çevrilib.

Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. Buraya üz tutanlar həm yay, həm də qış aylarında paytaxt Bakının, o cümlədən Xəzər dənizinin əsrarəngiz mənzərəsini də seyr edə bilərlər.

Gənclik parkı 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb. Bir sözlə, sakinlər və qonaqlar parkda asudə vaxtlarını səmərəli keçirə biləcəklər.

Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb.

“Gənclik parkı”nın tərtibatı zamanı hər bir detal xüsusi zövqlə hazırlanıb. Burada təqdim olunan "Ürəklər" kompozisiyası paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm edir.

Burada bağlı və açıq futbol meydançaları inşa olunub. Parkda ziyarətçilər üçün piknik məntəqələri də var. Qaçış üçün cığırlar, eləcə də velosiped yolları parkın idmansevərlərin də ən çox üz tutduqları məkana çevriləcəyindən xəbər verir.

Park ərazisinin genişliyi nəzərə alınaraq istirahət edən şəxslərin rahatlığı üçün müvafiq məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırılıb. Ərazinin ən görməli yerlərindən biri də parkda yaradılan göldür.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə layihələr icra edir. Bu sahədə Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var.

Beləliklə, “Gənclik” parkı paytaxtda aparılan abadlıq-quruculuq işlərinə mühüm töhfə verməklə ölkənin sosial-ekoloji hədəflərinin reallaşdırılmasının davamlı xarakter aldığını bir daha təsdiqləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video