18 Dekabr 2014 05:12
590
Tədbirlər
A- A+

Prezident İlham Əliyev “Müslüm Maqomayev” və “Lənkəran” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Dekabrın 18-də SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya mərasimdə iştirak ediblər.

Qeyd edək ki, 2013-cü ilin oktyabrında Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması nəticəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu qurumun təşkili aparılan struktur islahatlarının mühüm tərkib hissəsi olmaqla ölkədə gedən inkişaf proseslərini özündə əks etdirirdi. Bu, həm də dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi sahəsində daha çox nailiyyətlərin əldə olunmasına hesablanmışdı. Digər tərəfdən yeni yaradılan qurumun qarşısında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəqliyyat sahəsində nəzərdə tutulmuş digər vacib vəzifələrin qoyulması onun fəaliyyətinə verilən önəmi bir daha nümayiş etdirir. Bütün bunlar da son illərdə ölkədə nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi və Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün silsilə və kompleks tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olub. Odur ki, son illərdə gəmiçiliyin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görülüb, yeni gəmilər alınıb. Artıq istismara hazır olan “Müslüm Maqomayev” gəmisi də bu sırada mühüm yer tutur.

Gəminin istismara verilməsini bildirən rəmzi lenti Tamara Sinyavskaya kəsdi.

Sonra Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı səsləndirildi.

Daha sonra xatirə şəkli çəkdirildi.

Gəminin kapitanı Prezident İlham Əliyevə raport verdi.

Gəmidə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev bildirdi ki, “Caspian Marine Services” şirkəti ilə uzunmüddətli alyans razılaşması çərçivəsində alınan “Müslüm Maqomayev” sürətli sərnişin gəmisinin uzunluğu 70 metr, eni 16 metr, bortunun hündürlüyü 6 metrdir. Gövdəsi ikiqat, bütövlükdə alüminium qatlarından yığılmış katamaran tipli gəmi təyinatına görə dünyada həmin kateqoriyada ilk sürətli sərnişin gəmisidir. Gəminin inşası Beynəlxalq Dənizçilik Təşkilatının sürətli gəmilərin tikintisində tətbiq edilən HSC kodu tələblərinə uyğun olaraq, Avstraliyanın “Incat-Tasmania” gəmiqayırma zavodunda 1 il ərzində həyata keçirilib. Dəniz sınaqlarını müvəffəqiyyətlə başa vuran “Müslüm Maqomayev” gəmisi oktyabrın 4-də Xəzər dənizinə istiqamət alıb. Bakıya çatmaq üçün gəmi 11.486 mil məsafə qət edib. Gəmidə Müslüm Maqomayevin xatirə guşəsi yaradılıb. Burada dünya şöhrətli müğənninin müxtəlif fotoları yer alıb.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, gəminin yüksək keyfiyyətli alüminium gövdəsi, eləcə də son texnologiyalar əsasında istehsal olunan güc və hərəkət mexanizmləri onun dənizdə idarəolunma qabiliyyətinin yüksək standartlara cavab verməsinə zəmin yaradıb. Beləliklə, Azərbaycan dənizçilərinin səyi və məharəti nəticəsində gəmi uzun yol qət edərək dekabrın 4-də Bakı limanına yan alıb. Əməliyyat təyinatına gəlincə, “Müslüm Maqomayev” gəmisi dənizdə çalışan neftçilərin sərəncamına verilərək, 150 nəfərədək xüsusi dəniz-mədən heyətinin Xəzərdəki neft-qaz platformalarına çatdırılması işlərini yerinə yetirəcək. Hava şəraitindən asılı olaraq (küləyin sürəti saniyədə 17 metr, dalğanın hündürlüyü 4 metrədək olduqda) gəmi saatda 38 dəniz milinədək sürətlə hərəkət edə bilir.

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edən SSRİ xalq artisti Tamara SİNYAVSKAYA dedi:

- Çox sağ olun, cənab Prezident! Dedilər ki, mən indi bu gəminin “xaç anası” kimiyəm və onun “yolu uğurlu olsun” sözlərini deməliyəm.

Cənab Prezident, Sizə böyük minnətdarlığımı bildirirəm. Mən gözləmirdim ki, Müslüm Maqomayevin vəfatından 6 il sonra sakit gülümsəyə bilərəm. Gözləmirdim, çünki burada göz yaşlarından başqa məndə tamamilə fərqli hisslər oyanır. Cənab Prezident, mənim fikrimdə tutduğum arzumu qısa vaxt ərzində gerçəkləşdirdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Məni qoruyan mələk isə həmişə Mehriban xanım Əliyeva olub və bundan sonra da olacaq.

Müslüm Maqomayevin bənzərsiz yaradıcılığından danışan Prezident İlham ƏLİYEV onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq dedi:

- Bu gün həqiqətən gözəl bir gündür. Müslümün adı verilən bu gəmi gözəl ölkəmizə, Müslümün çox sevdiyi, bağlı olduğu, şərəfinə “Azərbaycan” adlı çox gözəl mahnı bəstələdiyi vətəninə xidmət edəcək. Bu gün bu nəğmə ölkəmizin rəmzidir. Müslümün bəstələdiyi “Dəniz” mahnısı bizim şəhərimizə, dənizə olan məhəbbətini əks etdirir. Yəqin ki, dəniz haqqında daha yaxşı mahnını heç kəs bəstələməyib. Bu gün bu, bizim əziz Müslümümüzün, Azərbaycan xalqının fəxrinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ilk addımdır. İlk, amma sonuncu addım deyil. Gələcəkdə də addımlar atılacaq. Onun adı bizim xatirəmizdə, qəlbimizdə, Azərbaycan xalqının, Rusiyanın ürəyində əbədi yaşayacaq. Çünki o, həmişə deyirdi ki, Azərbaycan mənim atam, Rusiya isə anamdır. Müslüm Azərbaycanda anadan olub, formalaşıb, məşhurlaşıb, Rusiyada isə ümumdünya şöhrəti qazanıb, öz yaradıcı potensialını tam reallaşdıra bilib. Nadir şəxsiyyət, çoxtərəfli istedad olub. Bir şəxsiyyətdə bu qədər istedadın birləşməsini təsəvvür etmək çətindir. Amma bu, həqiqətən belə idi. Onu tanıyanlar bunu bilirdilər. Bununla yanaşı, Müslüm gözəl insan idi. Bir şəxsiyyətdə həm insani, həm yaradıcı keyfiyyətlərin cəmləşməsi çox nadir haldır. Bu günə qədər heç kəs Müslümün mahnılarını onun özü kimi ifa edə bilmir. Cəhdlər çoxdur. Bu, başadüşüləndir, onun mahnılarını ifa etmək arzusunda olanlar çoxdur. Mən bunu alqışlayıram. Çünki bu mahnılar yaşamalıdır. Lakin bu günə qədər heç kim bu mahnıları Müslüm kimi ifa edə bilməyib. Düşünürəm ki, bundan sonra da bunu edə bilməyəcəklər. Bu gün də hər dəfə onun mahnılarını dinləyəndə sevinc hissi duyuruq, Müslümün bizi çox tez tərk etməsindən isə kədərlənirik. Müslüm bizim ürəyimizdə, xatirəmizdə, dostlarının yaddaşında yaşayır.

Biz onunla çox yaxın dost olmuşuq, bir-birimizə böyük rəğbət və hörmətlə yanaşmışıq. Çox şadam ki, bu gün Tamara və Mehribanla gəmidə Müslümün atamla birlikdə olduğu və onların münasibətlərini əks etdirən fotolara baxdıq. Atam ona oğul kimi, o isə Heydər Əliyevə ata kimi yanaşırdı. Düşünürəm ki, bizim ailəvi münasibətlərimizdə hökm sürən ab-hava bütün cəmiyyətə sirayət edib. Müslümü Azərbaycanda seviblər, sevirlər və bundan sonra da əbədi olaraq sevəcək və xatırlayacaqlar.

Tamara SİNYAVSKAYA dedi:

- Təşəkkür edirəm! İlahi, Azərbaycan torpağını qoru! Cənab Prezident Allah Sizi, Mehriban xanımı, bu gəmini qorusun! Yolu uğurlu olsun!

Sonra Tamara Sinyavskaya gəminin istismara verilməsini bildirən düyməni basdı.

Dövlətimizin başçısının diqqətinə o da çatdırıldı ki, “Müslüm Maqomayev” gəmisinin istifadəsi xüsusi heyətin və yüklərin dənizdəki platformalara helikopterlər vasitəsilə daşınmasını minimuma endirəcək. Dənizçilik Təsnifat Cəmiyyətinin tələblərinə uyğun olaraq, gəmidə tam komfort sistemi yaradılıb ki, bu da öz növbəsində hətta sərt hava şəraitində belə sərnişinlərin təyinat məntəqələrinə tez və rahat çatdırılmasına əlverişli imkan verir. Atmosfer çirklənmələrinin qarşısının alınması və ətraf mühitə zərərli təsirin azaldılması məqsədilə gəmidə müasir tələblərə cavab verən enerjiverici qurğulardan istifadə olunur.

X X X

Daha sonra Prezident İlham Əliyev “Lənkəran” yedək-təchizat gəmisində yaradılan şəraitlə tanış oldu.
Prezident İlham Əliyev Qara dənizdə Azərbaycan bayrağı altında üzən gəminin kapitanı ilə videobağlantı vasitəsilə söhbət etdi.
Gəminin kapitanı dedi:
- İcazənizlə, möhtərəm cənab Prezident, mən Əmirov Fuad Adil oğlu “Natəvan” gəmisinin kapitanı olaraq Sizi Rusiyanın Taqanroq limanından salamlayım və bütün heyət üzvləri adından donanmamızın yeniləşdirilməsinə, dənizçilərimizin əmək və həyat şəraitinin yüksəldilməsinə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirək.

Qürurverici faktdır ki, son 5 illik fasilədən sonra artıq yenidən Xəzər dənizindən kənarda, dünya sularında Azərbaycan bayrağı altında üzən gəmilərimiz var.

Prezident İlham ƏLİYEV: İndi haradasan?

Kapitan: Hazırda Taqanroq limanındayıq. Gəmiyə yük vurulur. Buradan, inşallah, Türkiyənin İzmir limanına yola düşəcəyik.

Prezident İlham ƏLİYEV: Çox yaxşı ki, Xəzər Gəmiçiliyinin gəmiləri Qara dənizdə də fəaliyyət göstərir. Gəmiçiliyin gözəl gələcəyi var. Aparılan islahatlar, struktur islahatları və Gəmiçiliyin fəaliyyəti ilə bağlı atılan addımlar gözəl nəticələr verir. Daha da böyük nəticələr olacaq. Bu yaxınlarda Gəmiçiliyin fəaliyyəti üçün əlavə maddi dəstək verilmişdir. Əminəm ki, Xəzər Gəmiçiliyi dünya miqyasında çox gözəl və müasir şirkətə çevriləcəkdir.

Azərbaycanda artıq bir neçə beynəlxalq şirkət fəaliyyət göstərir - SOCAR, AZAL və digər şirkətlər. Əlbəttə ki, özəl şirkətlər də bu sıradadır. Ancaq dövlət şirkətləri arasında Xəzər Gəmiçiliyinin öz yeri, böyük tarixi, ənənələri var. Xəzərdə bizim gəmiçiliyimiz həmişə böyük rola malik olub. Biz bu gün müasir şirkət yaratmaqla həm iqtisadi potensialımızı möhkəmləndirəcəyik, eyni zamanda, Xəzər Gəmiçiliyi dünya miqyasında müasir, çox səmərəli şəkildə idarəolunan şəffaf şirkət kimi özünü təqdim edəcək. Sizə uğurlar arzulayıram.

X X X

Məlumat verildi ki, “Lənkəran” gəmisinin uzunluğu 74,5, eni isə 17,2 metrdir. Texniki göstəricilərinə görə Xəzərdə birinci olan, 16320 at gücündəki bu yeni yedək-təchizat gəmisinin dartma qüvvəsi 207 tondur. “Lənkəran” gəmisinin geniş texniki üstünlükləri onun Xəzərdə bir çox layihələr, o cümlədən “Şahdəniz-2”, “Şəfəq-Asiman”, “Abşeron Faza-1” layihələri çərçivəsində nəzərdə tutulan işlərə cəlb olunmasına da imkan verir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat və neft donanmaları daxildir. Nəqliyyat donanmasının tərkibində 97 gəmi var. İxtisaslaşdırılmış neft donanması isə 188 gəmidən ibarətdir. 2003-2014-cü illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” üçün 23 yeni gəmi, o cümlədən 11 tanker, 6 bərə, 2 quru yük gəmisi, 4 yedək və yedək-təchizat gəmisi alınıb. Həmçinin bu ilin aprelində Bakı gəmiqayırma zavodu ilə bağlanan müqaviləyə əsasən 3 sərnişin gəmisinin tikintisinə başlanılıb. Hər biri 80 nəfər sərnişin tutumuna malik olacaq bu gəmilər dəniz neftçilərinin daha təhlükəsiz və rahat şəraitdə iş yerlərinə çatdırılmasında mühüm rol oynayacaq.

Sonda Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video