07 Iyun 2018 09:06
1669
Tədbirlər
A- A+

Prezident İlham Əliyev metronun “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov “Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Qeyd olundu ki, bu stansiyada işlər təyin edilmiş müddətdən xeyli əvvəl yekunlaşdırılıb. Stansiyanın yerüstü vestibülündə müvafiq təmir, yenidənqurma işləri görülüb. Divarlar müasir tələblərə uyğun yenilənib və ümumi memarlıq üslubuna uyğunlaşdırılıb, vestibülün estetik görkəmi dəyişib. Tavanda ümumi memarlıq-dizayn tərtibatını tamamlayan müasir işıqlandırma sistemi quraşdırılıb. Stansiyanın infrastrukturu, o cümlədən stansiya yolları, platforma və platformaaltı səviyyələrdə yerləşən texniki sahələr dövrün ən yeni standartlarının tələbləri nəzərə alınaraq yenidən qurulub və daha funksional olub. Mühəndis-texniki qurğularda əsaslı yenidənqurma işləri aparılıb. Stansiyada hərəkətin tənzimlənməsi, videomüşahidə, işarəvermə və rabitə sistemlərinin avadanlıqları yenilənməklə, onların yerləşdiyi sahələr və otaqlar yeni standartlar səviyyəsinə çatdırılıb. Stansiyada ən müasir mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırılıb.

Qeyd edək ki, stansiyada təmir işlərinə başlanılması, ilk növbədə, eskalatorların dəyişdirilməsi zərurətindən irəli gəlmişdi. Bakı Metropoliteninin 1967-ci il noyabrın 6-da istifadəyə verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu. Onların dəyişdirildiyi müddətdə bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesinin dayandırılması qaçılmaz idi. Stansiyanın uzunmüddətli istismar dövründə sıradan çıxmış, yaxud köhnəlmiş avadanlıq və digər infrastrukturunun yenilənməsi də lazım gəlirdi. Stansiyada genişmiqyaslı yenidənqurma işlərinə 2017-ci ilin avqust ayından start verildi.

Yenidənqurma prosesi çərçivəsində istismar müddətini başa vurmuş 3 eskalator sökülərək əvəzində Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırıldı. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı Metropolitenində tətbiq olunub. Üç eskalator əvəzinə dördünün qoyulması isə bir giriş-çıxışı olan, həmçinin sərnişin axınının gur olduğu stansiyada hərəkətin daha operativ və rahat tənzimlənməsinə şərait yaradacaq. Eskalatorların quraşdırılması başa çatdıqdan sonra stansiyanın ümumi memarlıq ansamblına uyğun örtük təbəqəsi çəkilib, işıqlandırma və videomüşahidə sistemləri, habelə monitorlar yenilənib.

Dövlətimizin başçısı “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmaya qədərki vəziyyətini əks etdirən fotostendlə tanış oldu. Bildirildi ki, burada söküntü başa çatdıqdan sonra metal konstruksiyalar, platforma boyunca stansiya yolları və yol divarları gücləndirilib, eləcə də tunellərdə axıntıya qarşı tədbirlər görülüb.

Bakı Metropoliteninin hər bir stansiyası memarlıq üslubu ilə də seçilir. Özünəməxsus görünüşü olan “Sahil” stansiyasında platformanın orta salonun sonunda əvvəlki pannonun yerində doğan günəş kompozisiyası yer alır. Bütün divar boyu həkk olunmuş kompozisiya mükəmməlliyi ilə diqqəti çəkir. Bundan başqa, pilon divarları boyunca milli xalçaçılıq sənəti elementləri ilə zənginləşdirilmiş pərvazların arxasının işıqlandırılması və digər yeni elementlər stansiyanın memarlıq ansamblını zənginləşdirir.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunmuş Dövlət Proqramına əsasən Bakı Metropoliteni stansiyalarının yenidən qurulması, infrastrukturun müasir standartların tələbləri səviyyəsinə çatdırılması işləri planlı şəkildə aparılır. Dövlətimizin başçısına məlumat verildi ki, hazırda “Bakmil” stansiyasının yenidənqurma tədbirləri mərhələli şəkildə yerinə yetirilir. Yaxın gələcəkdə "Xətai" stansiyasında köhnə eskalatorların dəyişdirilməsi, eləcə də metropolitenin digər stansiya və stansiya yollarında yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulub.

“Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev Bakı Metropoliteninin kollektivinə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video