09 Fevral 2021 12:28
1379
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın dövlət nazirini salamlayan Prezident İlham Əliyev dedi:

-Sizi Azərbaycanda görməyə çox şadam. Əminəm ki, səfəriniz yaxşı nəticələrlə çox uğurlu olacaq. Bu, bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini və əlbəttə ki, əməkdaşlığımızı davam etdirmək üçün gələcək planlarımızı əks etdirir. Çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var. Sizin Azərbaycana səfəriniz bunu bir daha nümayiş etdirir.

Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir. Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır. Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. “Əsrin müqaviləsi”nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir. Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var. BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir. Yeri gəlmişkən, iki gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclası keçiriləcək. Bu iclasda biz nailiyyətləri nəzərdən keçirəcəyik və gələcək əməkdaşlığa ümid bəsləyəcəyik. Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır - demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq.

Görüşümüzdən əvvəl mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, demək olar 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Bu, həqiqətən də iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensialımız var. Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir. Hər şey dağılıb. Bərpa olunan enerji sahəsində böyük potensial var. Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləri “yaşıl zona” ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir. Sözsüz ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox başqa sahələr böyük əhəmiyyət kəsb edir. Bir daha ölkəmizə xoş gəlmisiniz.

Böyük Britaniyanın dövlət naziri Vendi Morton dedi:

-İkitərəfli münasibətlərimizə gəldikdə, biz bir çox sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcəkdir. Mən dünən səfirimiz tərəfindən təşkil olunmuş proqram sayəsində Azərbaycan mədəniyyəti ilə tanış oldum.

x x x

Görüşdə postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkilləri çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video