18 May 2021 16:00
1793
Qəbullar
A- A+

Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib  YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Belarusun müdafiə nazirini salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz uğurlu olacaq. Hərbi sahədə əməkdaşlığımızla bağlı məsələləri həmkarınızla ətraflı müzakirə edəcəksiniz. Bizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun Azərbaycana bu yaxınlardakı səfəri bunu bir daha təsdiq etdi. Biz onunla çox ətraflı söhbət etdik, ikitərəfli münasibətlərin geniş gündəliyinə dair danışıqlar apardıq, o cümlədən ölkələrimiz arasında artıq qədim tarixə malik olan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu istiqamətdə, həmçinin bütün başqa istiqamətlərdə əməkdaşlığı davam etdirmək əzmindəyik. Ona görə ki, bu gün Belarus və Azərbaycan qarşılıqlı fəaliyyətin, əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir.

Mən Belarus şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştiraka dəvət etmişəm. Bir qədər sonra mən sizə həmin ərazilərdən çəkilmiş fotoşəkilləri göstərərəm. Onlar 30 ilə yaxın işğala məruz qalmış torpağımızda törədilmiş vandalizmin və dağıntıların səviyyəsini əyani şəkildə göstərir. Mənim bildiyimə görə, artıq bu məsələlərdə iştirak etməyə maraq var. Yaxın vaxtlarda Prezidentin səfəri zamanı əldə edilmiş razılaşmalar çərçivəsində Azərbaycanın kənd təsərrüfatı nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Belarusa səfər edəcək. Lakin, bütün başqa istiqamətlər üzrə də bundan sonra fəal əməkdaşlıq edəcəyik və bir-birimizi dəstəkləyəcəyik.

Dediyim kimi, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq qədim tarixə malikdir və çox yaxşı nəticələr verir. Buna görə, əminəm ki, sizin həmkarlarınızla diskussiyalar, fikir mübadiləsi bu sahədə qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi işində faydalı olacaq. Bir daha xoş gəlmisiniz.

Belarusun müdafiə naziri Viktor Xrenin dedi:

-Sağ olun, cənab Prezident. İlk növbədə, Sizinlə görüşmək, Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun adından Sizi və Azərbaycan xalqını salamlamaq, sülh və firavanlıq arzularını çatdırmaq imkanına görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yüksək səviyyədə səfərlər mübadiləsi həmişə onu göstərir ki, bizim qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız yaxşıdır və gözəldir. Bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belarusun şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belarus isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb. Prezidentin dediyi kimi, bizim parlaq əməkdaşlığımız var. Deyə bilərəm ki, o, buna görə çox fəxr edir.

Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir, həm regional, həm də beynəlxalq siyasi aləmdə həmişə mühüm rol oynayıb. Dünya miqyasında bizi dəstəklədiyinizə, bizə siyasi dəstək verdiyinizə görə Sizə şəxsən öz adımızdan, Belarus Respublikası adından təşəkkürümü bildirmək istərdim.

Cənab Prezident, Dağlıq Qarabağ zonasında hərbi əməliyyatların dayandırılması üçün Sizin əldə etdiyiniz razılaşmaları da alqışlayırıq. Biz, sadəcə, əminik ki, Sizin müdrik rəhbərliyinizlə bu, həmin regionun daha da inkişaf etməsi və Sizin diyarda sülhün möhkəmlənməsi üçün yaxşı təməl olacaq.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarusun dövlət başçısına çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video