22 Iyun 2020 11:50
1564
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Bakının Neapol küçəsindəki yerüstü piyada keçidinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonu, Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov piyada keçidinin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, yüksək zövq, tam fərqli görkəm, müasir texnologiyalar əsasında inşa olunan bu keçid paytaxtda yeni piyada keçidlərinin tikintisi ilə bağlı aparılan kompleks işlərin tərkib hissəsidir.

Yeni inşa olunan piyada keçidi Heydər Əliyev Parkının yaxınlığında yerləşir. 2000-ci ildə salınan və həmin il açılışında ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi bu park rayon sakinlərinin ən sevimli istirahət məkanıdır.

Qeyd edək ki, bu keçidin inşasına qədər ərazidə piyadalar üçün çox böyük çətinliklər olurdu. Onlar xüsusən günün pik saatlarında yolu keçməkdə problemlə üzləşirdilər. Bundan başqa, piyadaların bu ərazidə yolu keçməsi nəqliyyat vasitələrinin hərəkətinə də mane olurdu. Beləliklə, ərazidə piyadalar təhlükə, avtomobillər isə tıxacla qarşılaşırdılar. Yeni keçidin inşası bütün bu problemləri həll edib. Burada fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb. Bu qurğunun inşası qısa müddətə, eyni zamanda, yüksək keyfiyyətlə aparılıb. Yeni keçid müasir görünüşü ilə fərqlənir.

Prezident İlham Əliyevə, həmçinin məlumat verildi ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrliyində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun "Avtovağzal” stansiyası arasındakı ərazidə əsas yolun hərəkət hissəsi genişləndirilərək zolaqların sayı 4-ə çatdırılıb. Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxacların aradan qaldırılması məqsədilə icra edilən bu layihə çərçivəsində "20 Yanvar” dairəsində yolun hərəkət hissəsi 10 metrə qədər, magistral yol Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissədə isə hər iki istiqamət üzrə 1 hərəkət zolağı enində genişləndirilib.

Qeyd edək ki, avtomobil yollarında piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə hərəkətin intensiv olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına xüsusi diqqət yetirilir. Son dövrlərdə paytaxtda bu istiqamətdə görülən işlərə nəzər salsaq, bunun şahidi olarıq. Belə ki, 2018-2019-cu illərdə Bakıda və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidi istifadəyə verilib. 2020-ci ilin əvvəlindən indiyədək paytaxtda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində və Neapol küçəsində yerüstü piyada keçidləri inşa olunub. Hazırda Azadlıq prospekti, Qala-Pirallahı, Mərdəkan-Buzovna, Bakı-Sumqayıt yollarında və digər ərazilərdə piyada keçidlərinin inşası yekunlaşmaq üzrədir. Bundan başqa, bir neçə yerdə isə bu cür qurğuların tikintisi davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev görülən işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video