05 Oktyabr 2011 01:10
495
Səfərlər
A- A+

Prezident İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olmuşdur

 

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olmuşdur.

Nəqliyyat naziri Ziya Məmmədov mərkəzdə görülən işlər  barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, yeni texnologiyaların tətbiqi nəqliyyat vasitələrindən istifadə edən insanların təhlükəsizliyinin təminində, paytaxt yollarında hərəkətə nəzarətin təşkilində, tıxac probleminin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreyanın "SK C&C" şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu ilin aprelindən başlayaraq Bakıda layihə çərçivəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılır. Nəzərdə tutulan işlərin böyük əksəriyyəti artıq reallaşmışdır. Layihə bu ilin sonunda başa çatdırılacaqdır.

Bildirildi ki, şəhərdə nəqliyyatın hərəkəti beşmərtəbəli inzibati binadakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə ediləcəkdir. İntellektual idarəetmə, server və iclas otaqları binanın ikinci mərtəbəsində yerləşir. Binada ayrıca konfrans zalları və digər inzibati otaqlar vardır.

Prezident İlham Əliyev intellektual idarəetmə zalına baxdı. Qeyd edildi ki, burada dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan və 600 rəqəmsal görüntünü əks etdirən ən böyük monitor quraşdırılmışdır. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsini izləmək olar.

Bildirildi ki, mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılacaqdır.

Prezident İlham Əliyev nəqliyyatı intellektual idarəetmə sistemində istifadə edilən avadanlıqla da tanış oldu. Qeyd edildi ki, dayanacaqlarda quraşdırılan, Koreya istehsalı olan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Svetoforların idarə edilməsi avadanlığı da yollarda hərəkətin tənzimlənməsinə xidmət edir. Gələcəkdə nəqliyyatda tətbiq olunacaq vahid ödəniş sistemi isə sərnişinlərin rahatlığını xeyli artıracaqdır. Burada da Koreya istehsalı olan avadanlıq tətbiq ediləcəkdir. 

Dövlətimizin başçısı mərkəzin fəaliyyəti ilə bağlı təqdimata da baxdı. Qeyd edildi ki, mərkəzin yaxınlığında Nəqliyyat Nazirliyinin yeni binasının tikintisi nəzərdə tutulur.

Ölkə üzrə intellektual nəqliyyat sisteminin təşkili prosesi ilə tanış olan Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, üç mərhələdən ibarət olan sistemin hazırda birinci mərhələsi Bakı şəhərinin əsas küçə və prospektlərini əhatə edir. Bu proses ikinci mərhələdə 2 min 200 kvadratkilometr sahədə Böyük Bakı və Abşeron ərazisini, üçüncü mərhələdə isə respublikanın bütün bölgələrində yerləşən nəqliyyat infrastrukturunu əhatə edəcəkdir. Birinci mərhələdə Bakıda intellektual nəqliyyat sistemi avadanlığının quraşdırılması artıq yekunlaşmışdır. İntellektual sistem üçün paytaxt ərazisində 450 kilometr müstəqil elektrik xətləri, 320 kilometr isə fiber-optik rabitə xətləri çəkilmişdir. Nəqliyyatın axını haqqında informasiyanın toplanılması və tıxacların azaldılması üçün siqnal sistemlərinin idarə edilməsi məqsədilə paytaxt ərazisində 150 nəzarət sisteminin yaradılması da həyata keçirilir.

Qeyd edildi ki, yollardakı vəziyyətin avtomobilləri videoaşkarlayıcı vasitəsilə təhlil edilərək mərkəzi monitorda əks olunması üçün 326 sistem quraşdırılır.

Bildirildi ki, intellektual nəqliyyat sisteminin əsas xüsusiyyətlərindən biri də müşahidə kameralarıdır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda 60 kamera yerləşdirilmişdir. Yollarda vəziyyətin qrafik şəkildə sürücülərə ötürülməsi üçün isə 48 elektron məlumat tablosu qurulmuşdur. Paytaxtda tıxac yaradan əsas səbəblərindən biri kimi avtomobillərin icazəsiz yerlərdə saxlanılmasının qarşısının alınması məqsədilə şəhərin 44 yerində nəzarət sistemi quraşdırılacaqdır. İntellektual nəqliyyat sistemində avtobusların hərəkətinin eyni vaxtda izlənilməsi və hansı məkanda olmasını müəyyən edən avadanlığın quraşdırılması da həyata keçirilir. İlkin mərhələdə iki min avtobusun hərəkətinin bu sistem vasitəsilə izlənilməsi nəzərdə tutulmuşdur. Gələcəkdə ictimai nəqliyyatda cinayətkarlıq hallarının qarşısının alınması üçün avtobusların salonunda da kameralar quraşdırılacaqdır.

Koreyalı mütəxəssislərin fikrincə, Bakıda yaradılan nəqliyyatın idarə edilməsinin intellektual sistemi ən müasir standartlara cavab verir.

Mərkəzdə görülən işlərlə tanış olan Prezident İlham Əliyev müvafiq  tapşırıq və tövsiyələrini verdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video