11:08 11 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


00:37 11.04.2021

Xalqın sevdiyi rəhbər


00:33 11.04.2021

Qürur doğuran 3 il


00:23 11.04.2021

Uğurlarımızın memarı


00:22 11.04.2021

Zəfər sərkərdəsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Peyvənddən sonra ürəyim rahatlandı, sanki mənə güc gəldi...”

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:52 07.04.2021

 

Əhali vaksinasiyada artıq fəal iştirak edir

 

1950-ci ildən başlayaraq aprel ayının 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Bu tarix sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən əlamətdar gündür.

Ümumdünya Sağlamlıq Günü ərəfəsində yeni növ koronavirusa qarşı vaksinasiya həyata keçirilən ünvanlardan birinə - 26 nömrəli Mərdəkan Birləşmiş Şəhər Xəstəxanasına baş çəkdik.

Gəlinxanım nənə:

 

“Artıq rahatam”

 

Ağ lövhə üzərində iri qara hərflərlə “Peyvənd otağı” yazılmış qapının qarşısında yaşlı, orta yaşlı qadınların, kişilərin məsafə ilə düzüldüyü sıraya qoşuluruq. Hər kəs növbədə duraraq ağ xalatlı tibb bacısının adını çağırmasını, nəhayət, onun da vaksinasiya olunma məqamının çatmasını səbrlə gözləyir.

Yaşı 70-i haqlamış Gəlinxanım nənə ilə də elə bu peyvənd növbəsində tanış olub söhbət edirik. Yaşının bu sinninə baxmayaraq olduqca qıvraq və şux görünən Gəlinxanım nənə danışdıqca, həm də söhbətcil olduğu üzə çıxır. Deyir ki, Qala qəsəbəsinin sakinidir və koronavirusa qarşı peyvəndin ikinci dozasını vurdurmaq üçün bura gəlib. Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayan kimi övladları təkid edib ki, o da mütləq peyvənd olunsun:

“28 gün əvvəl gəlib birinci dozanı vurdurdum. Həmin peyvənddən sonra narahatlığım olmadı, özümü çox yaxşı hiss etdim. Sadəcə mənə peyvənd vurulan zaman dedilər ki, üç gün iynə vurulan yerə su vurmaq olmaz, mən də buna əməl etdim. Nə baş gicəllənməsi, nə qolumda ağrı, nə də başqa bir narahatlıq hiss etmədim. İndi gəlmişəm vaksinin ikinci dozasını vurdurum”.

Yaşlı həmsöhbətimiz vurğulayır ki, birinci doza vurulandan sonra sanki daha da yüngülləşib, həm fiziki, həm də mənəvi baxımdan xeyli rahatlaşıb: “Həkimlər də deyirlər ki, bu xəstəlik yaşlıların qənimidir. Şükür Allaha ki, indi peyvənd koronavirusdan canımızı qurtarır. Ötən il pandemiya başlayanda hələ peyvənd yox idi, nə qədər qorunsam da, ürəyimdə narahatlıq olurdu. Hər an düşünürdüm ki, koronavirusa yoluxacam və yaşlı olduğum üçün xəstəliyi pis keçirəcəm, ya da... İndi isə beynim də ürəyim də rahatdır. Bilirəm ki, xəstəliyə yoluxsam da yüngül keçirəcəm. Amma yenə də ehtyatımı əldən vermirəm, çalışıram çox insan olan yerlərə getməyim, maska taxıram, əllərimi tez-tez spirtləyirəm. Qoy bu xəstəlik məndən uzaq olsun, heç zaman yaxınıma düşməsin...”

Elə bu zaman üzərində “Peyvənd otağı” yazılmış qapının açılması və tibb bacısının Gəlinxanım nənəni vaksinasiya üçün otağa çağırması ilə söhbətimiz yarıda qalsa da, peyvəndləmə prosesini izləməyə davam edirik...

 

Azərbaycan öndədir

 

Ümumiyyətlə, koronavirus pandemiyasının planeti çənginə alması ilə insan həyatında sağlamlıqdan başqa ikinci əhəmiyyətli nüansın olmadığı bir daha təsdiqini tapdı. Hazırda sağlamlığımızı təhlükə altında qoyan COVID-19-dan yalnız bir qurtuluş yolu var, o da vaksinasiyadır.

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da iki aydan artıqdır əhalinin COVID-19 infeksiyasına qarşı peyvəndlənmə prosesi aparılır. Ölkəmiz həmin prosesə yanvarın 18-dən tibb işçilərinin vaksinasiyası ilə start verib və sonrakı mərhələdə risk qrupuna daxil olan əhali kateqoriyaları peyvənd edilib. Hazırda 40 yaşdan yuxarı olan əhali arasında könüllülük prinsipi ilə vaksinasiya işi aparılır.

Ölkəmizdə vaksinasiya prosesi bütün bölgələrdə tam sürətlə və uğurla davam etdirilir. Elə buna görədir ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən Azərbaycan peyvəndləmə səviyyəsinə görə MDB ölkələri arasında liderlərdəndir. Son statistik məlumatlara əsasən Azərbaycanda 612 minə yaxın vətəndaşın ilk doza ilə peyvənd olunduğu bildirilir.

Respublikamızda peyvəndlənmənin həyata keçirildiyi xəstəxana və poliklinikalarda TƏBİB-in təlimatlarına uyğun bütün zəruri şərait yaradılmışdır.

26 nömrəli Mərdəkan Birləşmiş Şəhər Xəstəxanasında 4 peyvənd, 2 həkim, 1  müşahidə otağı fəaliyyət göstərir. Girişdə vaksinasiya üçün gələn şəxslərin qeydiyyatı aparılaraq adlarına kart açılır.

Xəstəxananın baş həkiminin müavini Nihat Tağıyev vaksinasiya prosesi ilə bağlı məlumat verərək bildirdi ki, hazırkı dövrə qədər xəstəxanada 5400-ə yaxın peyvənd vurulub. Vurulan peyvəndlərdən 3200-ə yaxını ilk doza, 2 mindən yuxarısı isə təkrar dozadır. Onun sözlərinə görə, bu xəstəxanaya əsasən Mərdəkan, Şüvəlan, Qala və Şağanda yaşayan əhali peyvənd olunmağa gəlir: “Əvvəlcə risk qrupunda olduğu üçün 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başladıq. Sonra 50, daha sonra isə 40 yaşdan yuxarı şəxslərə peyvənd vuruldu. Gün ərzində təxminən 250-300 nəfərə yaxın şəxs vaksinasiyadan keçir”.

Evdən çıxa bilməyən xəstələr, əlillər, yataq xəstələrinə isə onların istəkləri ilə könüllü olaraq peyvənd vurulduğunu deyən həkim qeyd edir ki, həmin şəxslərin adı Səhiyyə Nazirliyinə verilir və qurumun müəyyən səyyar briqadaları gedib evlərdə vaksinasiya edirlər.

N.Tağıyevin sözlərinə görə, indiyə qədər peyvənd vurduqları şəxslərin heç birində hansısa yan təsir müşahidə olunmayıb və vaksinasiyadan keçənlər özləri də bununla bağlı xəstəxanaya hər hansı şikayət etməyiblər: “Ölkəmizin hər yerində olduğu kimi, bizim xəstəxanamızda da ilk olaraq tibb işçiləri peyvəndləndi, o cümlədən də mən. Onu da bildirim ki, təzəlikcə qanımız yoxlandı və məlum oldu ki, artıq qanımızda koronavirusa qarşı anticisimlər yaranıb. Lakin bununla belə yenə də özümüzü qoruyuruq, maska, sosial məsafə, gigiyena qaydalarına ciddi əməl edirik”.

 

Vaksin olunduqda ağırlaşmalara rast gəlinmir, xəstəlik yüngül keçir

 

“Həkim otağı”nın qapısını döyürük. İçəridə növbəti şəxsi müayinə edərək COVID-19-a qarşı peyvənd üçün göstəriş yazan terapevt Röyalə Məhərrəmova ilə danışırıq. Həkim söyləyir ki, vaksinasiyaya gələnləri əvvəlcə bu otaqda qəbul edirlər və müayinədən keçirirlər. Çünki elə xəstəliklər var ki, peyvənd bunun üçün əks göstərişdir. Hansı şəxslərə ki peyvənd göstərişdir, onların kartlarına yazıb peyvəndlənməyə göndərirlər. “Peyvənd otağı”nda vaksinasiya olunandan sonra həmin şəxslər yarım saat “Müşahidə otağı”nda əyləşərək gözləyirlər. Bu müddət ərzində həkimlər onların vəziyyətlərini müşahidə edirlər. Əgər heç bir yan təsir müşahidə edilmirsə, evlərinə yola salınırlar. Bir də 28 gündən sonra ikinci doza üçün yenidən gəlirlər: “Peyvəndləmə üçün əks göstəriş isə şəxsdə temperaturun olması, hazırda COVID keçirməsi, bir də epileptik tutmalar, qıcolmalardır. Çünki bu cür xəstələrin reaksiyalarını bilmirik. Peyvənd zamanı ola bilər ki qorxudan özlərindən getsinlər, yəni təyin etmək çətindir ki, bu reaksiya sırf dərmana qarşıdır, yoxsa öz xəstəliklərinə görədir”.

R.Məhərrəmova vurğulayır ki, 3 aya yaxındır vaksinasiya edirlər, amma kimdəsə bununla bağlı yan təsirlərlə rastlaşmayıblar: “Düzdür, vaksinasiyadan keçən bəzi xəstələr deyirlər ki, başgicəllənməmiz oldu. Amma bu, hər kəsdə müşahidə olunan haldır və müvəqqətidir, bir-iki saata keçib gedir, çox nadir hallarda bir gün çəkir, ondan artıq yox”.

Röyalə həkim koronavirusun necə qorxulu xəstəlik olduğunu incəliklərinə qədər bilən mütəxəssis kimi əhaliyə müraciət edərək onların mütləq vaksinasiyadan keçməsinin vacibliyini dedi: “Vaksin əhalini xəstələnməkdən, ağırlaşmadan qoruyur. Məsələn, COVID-li xəstələrdə ağırlaşma kimi təngnəfəslik, boğulma, temperatur, halsızlıq yaranır. Hətta bəzən elə olur ki, bu xəstələrin adi bir stəkanı belə qaldırmağa gücləri çatmır, gəzməyə, hərəkət etməyə heyləri qalmır. Lakin vaksin olunduqda bu cür ağırlaşmalara rast gəlinmir, xəstəlik yüngül keçir, onlar sadəcə baş ağrısı ilə bu xəstəliyi ötüşdürə bilirlər. Ona görə də əhalinin gəlib vaksin vurdurması vacibdir”.

“Sevindiricidir ki, əvvəllər vaksinlərlə bağlı əhali arasında müəyyən əsassız şübhələr vardısa, demək olar ki, artıq bu hal ortadan qalxıb” söyləyən mütəxəssis deyir ki, hazırda xeyli sayda insan peyvənd üçün gəlib vaksinasiyadan keçir. İkinci doza üçün gələn xəstələr də deyirlər ki, çox yaxşıyıq. Hətta bəzi allergik xəstələr var, onlar da söyləyir ki, yaz fəsli olmağına baxmayaraq, peyvənd sayəsində bizdə allergiya yaranmayıb.

 

Hər gün 300 nəfərə yaxın vətəndaş peyvənd olunur

 

Nəhayət, bizim “Peyvənd otağı” ilə tanışlıq zamanımız yetdi. 1937-ci il təvəllüdlü Rafiq babaya tibb bacısı vaksin vurmağa hazırlaşırdı. Rafiq baba paltarının qolunu yuxarı çirmələyə-çirmələyə gülümsəyərək zarafatından da qalmır və tibb bacısından soruşur: “A qızım, iynə çox incitmir ki? Ömür boyu iynədən qorxmuşam...”

Amma ağ xalatlı tibb bacısının əlləri o qədər yüngül olur ki, Rafiq babanın da iynə “qorxusu” tamamilə aradan qalxır...

84 yaşlı Rafiq Eyvazov Ağdam rayon sakinidir və hazırda müvəqqəti olaraq Şüvəlanda yaşayır. Baba deyir ki, peyvəndə birinci dəfədir gəlir. Qonşularından da xeyli insan vaksinasiya olunub və o da qərar verib ki, mütləq peyvəndlənsin.

Beləcə tibb bacısı Rafiq babanı “Müşahidə otağı”na yola salıb növbəti şəxsi vaksinasiyaya dəvət edir. Biz də bu ərəfədə xəstəxananın tibb bacısı, vaksinasiya üzrə məsul şəxs Leyla Xəlilova ilə danışırıq. Leyla xanım söyləyir ki, hazırda Çinin “CoronaVac” peyvəndindən istifadə edirlər. Həmin peyvəndlər 2-8 dərəcə temperatur arasında soyuducularda saxlanılır.  Hər gün səhər saat 9-dan axşam saat 7-yə qədər xəstəxanada 250-300 nəfərə yaxın şəxs vaksinasiyadan keçir: “Əvvəl yaşlıları, sonra 50 yaşdan yuxarıları peyvəndləmişik, indi isə 40 yaşlıları vaksinasiya edirik. Hazırda peyvəndin ikinci dozasını vururuq, amma birinci doza üçün gələnlər də var. Vaksin ehtiyatımız da kifayət qədərdir”.

 

COVID-ə qarşı tam müdafiə qazanmağın yolu

 

“Müşahidə otağı”nda vaksin olunanlarla söhbət edirik. Özlərini yaxşı hiss etdiklərini söyləyirlər. Müəyyən olunan yarım saatlıq vaxt bitdikdən sonra bir-bir xəstəxananı tərk edirlər. Bəziləri artıq ikinci dozanı vurdurduqları üçün daha bura gəlməyəcəklər, amma birinci dozanı vurduranlar 28 gündən sonra yenidən bu ünvana üz tutub peyvəndlənərək COVID-ə qarşı tam müdafiə qazanacaqlar...

Tibb mütəxəssisləri koronavirus infeksiyasının bütün ştamlarına qarşı ən effektli qoruyucu mexanizmin vaksinasiya olduğu qənaətindədirlər. Bu bir reallıqdır ki, dünya əhalisi vaksinasiya sayəsində koronavirusa qarşı kütləvi immunitet qazanmayınca bu qlobal bəladan heç cür yaxa qurtara bilməyəcəyik.

Elə buna görə də vətəndaşlarımız “gözəgörünməz” düşmənlə mübarizədə qalib gəlmək üçün elə bu gün sözügedən xəstəxanada müşahidə etdiyimiz kimi, ona qarşı qoruyucu sipər olan peyvəndləməyə üz tutmalıdırlar, vaksinasiyanın həyati vacib olduğunu bilməlidirlər. Bu prosesdə aktiv iştirak etməli və maska istifadəsinə, sosial məsafə saxlanılmasına, gigiyena qaydalarına riayət etməlidirlər.

Artıq biz də 26 nömrəli Mərdəkan Birləşmiş Şəhər Xəstəxanasında vaksinasiya prosesi ilə bağlı reportajımızı yekunlaşdırıb işə tələssək də, ayaqüstü yenidən “Müşahidə otağı”nın qapısından içəri boylanmaqdan da özümüzü saxlaya bilmirik. Amma 84 yaşlı Rafiq babanın digər peyvəndlənən şəxslərlə deyib-gülərək danışdığını və yarım saatlıq həkim müşahidəsi bitdiyi üçün buranı tərk etməyə hazırlaşdığını görərək ürək rahatlığı ilə yolumuza davam edirik... 

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM