07:24 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Peyvənd olunmaqla dünyanı bu bəladan xilas edə bilərik

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:01 29.07.2021

 

Bu, həm də pandemiya dinamikasının diktə etdiyi reallıqdır

 

Artıq bir ildən çoxdur ki, dünyanın üzləşdiyi qlobal pandemiya davam etməkdədir. Başladığı vaxtdan da dünya bu gözlənilməz, qəfil bəla ilə mübarizə aparır.

2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edəndən bəri dünyada bu virusa yoluxanların sayı 200 milyona yaxınlaşmaqdadır.

 

COVID-19-dan ölənlərin ümumi sayı 4 milyon 137 min nəfərə çatıb

 

Çin, İtaliya, ABŞ, İngiltərə, Braziliya  kimi iqtisadiyyatı və səhiyyəsi güclü olan ölkələr bu virusun mərkəzinə çevrilib. Dünyada COVID-19-dan ölənlərin sayı son məlumata görə, 4 milyon 137 min nəfərə, sağalanların sayı isə 158 milyon 740 min nəfərə çatıb.

ABŞ yeni növ koronavirus infeksiyasına yoluxma hallarının çoxluğuna görə lider ölkədir. Bu ölkədə koronavirusa yoluxanların sayı 34 milyon 264 min nəfəri keçib, 613 min 494 nəfər infeksiyadan dünyasını dəyişib. 28 milyon 254 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yeri Hindistan tutur. Bu ölkədə indiyə qədər  29 milyon 183 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 359 min 695 nəfər vəfat edib, sağalanların sayı 27 milyon 655 min nəfərdir. Yoluxma sayına görə üçüncü pillədə Braziliya dayanır. Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 17 milyon 125 min nəfər virusa yoluxub, onlardan 479 min 791 nəfəri ölüb, 15 milyon 596 min nəfəri sağalıb.

 

Ölüm sayına görə Azərbaycan Avropadan, ümumilikdə isə dünyadan geri qalır

 

Dünya səhiyyəsi pandemiya ilə mübarizənin yollarının yalnız peyvəndlənmədən keçməsinin üzərində dayanıb. Avropa İttifaqı ölkələrinin təxminən 100 milyon sakini koronavirus əleyhinə tam vaksinasiya olunub. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen keçirdiyi mətbuat konfransında məlumat verib.

Ölkəmizdə bu sahədə vəziyyət digər ölkələrlə müqayisədə təhlükəli deyil. Verilən qərarlar, görülən tədbirlər sayəsində yoluxma və ölüm sayına görə Azərbaycan əksər Avropa ölkələrindən və ümumilikdə dünyadan geri qalır. Bununla belə, arxayınlaşmaq  olmaz. Virus hələ bitməyib. Dünyanı bürüyən növbəti dalğa ölkəmizə də gəlib çıxıb. Yoluxma sayı yüksələn xətlə gedir. Amma pandemiyanın ilk günlərindən fərqli olaraq insanlar vəziyyəti düzgün dəyərləndirib nəticə çıxartmağı bacarırlar.

İndiyədək ölkədə ümumilikdə 341183 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 332259 nəfər müalicə olunub sağalıb, 5011 nəfər vəfat edib, hazırda  3913 nəfər aktiv xəstə var.

Vaksinasiya isə öz qaydasında aparılır. Onu da deyək ki, vaksinasiya Azərbaycanda yanvar ayından başlanıb və bu günə qədər ciddi əks göstəriş faktı qeydə alınmayıb.

Ölkədə virusla bağlı son xəbərlər qorxulu olmasa da, qənaətbəxş də deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da təşkil etdiyi brifinqdə qapanmaların deyil, bağlı müəssisələrin də açılması üçün müzakirələrin getdiyi qeyd edildi. Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, növbəti mərhələlərdə teatr və kinoteatrların açılması müzakirə olunur. Bu sahənin fəaliyyətinə icazə veriləcəyi təqdirdə, giriş üçün COVID-19 pasportu mütləq şəkildə tələb ediləcək. Hazırda Azərbaycanın quru sərhədlərinin açılması nəzərdə tutulmur. Lakin epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq.

 

Ölkəmizdə əhaliyə 4 milyon yarım doza peyvənd vurulub və bu peyvəndlər tam təhlükəsizdir

 

Yenidən qapanmalara və sərt tədbirlərə ehtiyac olmaması üçün ölkədə peyvənd olunanların sayı əhalinin heç olmasa 80 faizini təşkil etməlidir. Bu göstərici ölkədə kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq və pandemiya bəlasından xilas olacağıq. Azərbaycan vaksinləri əldə edən və əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasındadır.  Yenə də əhalidən yalnız qoyulan qaydalara riayət etməklə, virusun hələ ölmədiyini nəzərə almaqla peyvənd olunmaq rica edilir ki, bu da insanların sağlamlığına hesablanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən COVID-19 pasportu olmadan idarə, müəssisə, ictimai nəqliyyat, şadlıq və əyləncə mərkəzlərinə getmək, bir sözlə həyata davam etmək mümkün olmayacaq. Bu da yalnız insanların sağlamlığına və tezliklə normal həyata qayıtmalarına xidmət edən qərardır.

Ölkəmizdə 4 milyon yarım doza peyvənd vurulub və bu peyvəndlər tam təhlükəsizdir. Azərbaycanda vaksinasiyaya başlandığı gündən vəfat edənlərin

99 faizi peyvənd olunmamış insanlardı. Bunun özü də peyvəndə getmək üçün əsaslı səbəbdir, yəni peyvənd olunaraq virusdan, dolayısı ilə ölümdən xilas olmağın mümkünlüyünə inam yaradır. İnsanların, dünyanın pandemiyadan çıxış yolu yalnız vaksinasiyadır. Bu artıq pandemiya dinamikasının diktə etdiyi reallıqdır.  Heç bir tərəddüd etmədən, ölkəmizdə 2 milyon insanın etdiyini edib peyvənd olunmaqla virusdan xilas olub normal, xoşbəxt həyata qayıda bilərik.  Peyvənd olunmaqla həm özümüzü, həm də dünyanı pandemiyadan xilas etmiş olarıq.

 

Ramilə QURBANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM