17 Iyul 2021 00:28
1239
CƏMİYYƏT
A- A+

Pənah evi

 

Ömür yolları keşməkeşli, tifaqları dağılan, həyatın ağır zərbəsinə tuş gələn qadınların və uşaqların üz tutduğu sığınacaq ünvanı...

 

“Allahım, ya al canımı, ya da bir yol göstər...” deyə körpələrini sinəsinə sıxıb hönkür-hönkür ağlayır, bir az sonra çıxacağı tale yoluna onlardan hansı ilə davam edəcəyinə qəti qərar verə bilmirdi...

Bayaqdan bəri çırpınır, övladları arasında seçim etmə məcburiyyətində olmasının yaratdığı əzab hissi ilə qovrulurdu... Amansız fikirlər beynini çulğalayır, “bəlkə bir daha heç balamı görə bilməyəcəm?!” düşüncəsi qəlbini məngənəyə alıb sıxırdı.

Çox çarəsiz idi, çox...

Anidən gənc ana biryaşlı oğlunun üz-gözündən, əl-ayağından öpməyə, bağrına basaraq sanki son dəfə qoxulayırmış kimi onun doğma ətrini sinədolusu ciyərlərinə çəkməyə başladı. Bayaqdan anasına qoşulub acı-acı hıçqıran körpə bu doğma təmasdan xoşhallanaraq düz anasının gözlərinin içinə baxıb xoşbəxtcəsinə gülümsədi...

Cəmi bir neçə dəqiqə sonra isə zülmət gecənin səssizliyi bir körpənin anasını haraylayan ah-naləsi ilə diksindi...

Həmin zülmət gecədə üç yaşlı qızının əlindən tutaraq ağlaya-ağlaya körpə səsindən qaçaraq uzaqlaşan bir ana qaranlıqda yoxa çıxdı...

O, ANALIQ məsuliyyəti qarşısında təslim olmuşdu... 

 

İşıqlı evə sığınan qaranlıq talelər

 

Yamyaşıl rəngə boyanmış, müasir, dörd- mərtəbəli bir villa var...

Kənardan o qədər işıqlı, əzəmətli, ürəkaçan, ətrafındakı digər evlərdən fərqli görünür ki... “Görəsən, bu evdə hansı xoşbəxt ailə yaşayır”, deyə özünə sual verməyə bilmirsən...

Geniş doqqaza yaxınlaşdıqca uşaq səs-küyü eşidirsən, marağın getdikcə daha da artır, kim bilir, az sonra açılacaq qapının arxasında necə xoş, ürəkaçan bir mənzərə ilə qarşılaşacaqsan...

Amma əfsus...

Bu işıqlı evin içərisinə o qədər qaranlıq, ağrılı talelər sığınıb ki... Görməyə gözlərin, dinləməyə ürəyin tab gətirməz...

Bura Qadın və Uşaq Sığınacağıdır. Ömür yolları keşməkeşli, sevinərək qurduqları ailələri yarımçıq qalan, tifaqları dağılan, həyatın ağır zərbəsinə tuş gələn qadınların, anaların üz tutduqları sığınacaq ünvanı...

Və bir də valideyn qovğasının ortasında qalan körpələrin, uşaqların, yeniyetmələrin həyatda tutunub yaşamağa çalışdıqları pənah yeri...

 

Çıxış yolu yalnız bu idi...

 

Elə yuxarıda təsvir etdiyimiz həyat hekayəsinin qəhrəmanı ilə də bu sığınacaq evində tanış oluruq.

Sevda (adlar şərtidir) danışır ki, 4 gündür burada olsa da, ona elə gəlir ki, sanki 40 ildir bir yaşlı oğlundan ayrıdır. Oğlunun səsi qulaqlarından getmir, röyalarından da ağlayaraq onu haraylayan bir körpənin səsinə oyanır: “Ailə quranda 20 yaşım var idi, qoşulub qaçmışam. Heç rəsmi nikahımız da yoxdur. Yoldaşım içki düşkünüdür. Ailə qurduğumuz gündən bu zərərli vərdişinə görə hər gün məni döyür, təhqir edirdi. Ailəmin dağılmaması üçün 6 il bu cür yaşayıb, dözmüşəm. O, dəfələrlə içkidən ayrılmaq üçün cəhd də göstərib, amma alınmayıb. Psixoloji vəziyyəti getdikcə pisləşir, buna görə mənə qarşı daha aqressivlik nümayiş etdirir, döyürdü. Məni döyən zaman uşaqlar da qorxur, qanbağır olurlar. Artıq bu cür yaşamaq həm öz, həm də uşaqlarımın həyatı üçün təhlükəli idi. O, mənə başqa çarə qoymadı, çıxış yolu ayrılmağımız idi...”

Atasının rəhmətə getdiyini, anasının isə xəstə olduğunu deyən Sevda qeyd edir ki, ona dayaq olacaq bir yaxını olmadığı üçün bu ünvana üz tutub: “Peşə liseyində geyim üzrə dizaynerlik oxumuşam. Özümü toparlayıb işləyəcəm. Vəziyyətim düzələndə oğlumu da yanıma gətirəcəm, onsuz yaşaya bilmərəm. Bu həyatda yalnızam, gərək güclü olub tək addımlayam, övladlarımı heç kimin ümidinə qoymayıb özüm böyüdəm”...

Bilmirik, bir övladın anasız qalmasına görə onu günahlandıraq, yoxsa...

 

Sualların cavabsız qaldığı an...

 

Sığınacağın binasının 1-ci mərtəbəsi akt zalı, yeməkxana, 2-ci mərtəbəsi ofis, 3-cü mərtəbəsi sığınacaq sakinləri üçün yatacaq yerləridir. 4-cü mərtəbə isə mansardadır və uşaqlar burada dərs hazırlayır, idman edirlər. Bir hissəsində isə qadınların tikiş işi ilə məşğul olması üçün şərait yaradılıb.

Mansarda, geniş həyətə baxan pəncərənin qarşısında kitab oxuyan 12 yaşlı Fəridlə danışır, dərslərini soruşuruq. Fərid söyləyir ki, böyüyəndə memar olmaq istəyir. Yaxşı şəkil çəkdiyini söyləyərək bir-bir çəkdiyi qala, bina, ev rəsmlərini göstərir. Və bu şəkillərin arasında xeyli sayda əl-ələ tutmuş ana-ata, bacı-qardaş şəkillərinin də olduğu diqqətimizi çəkir... Lakin bir aydan çoxdur ki, anası ilə bərabər sığınacaqda qalan Fəriddən ailəsi ilə bağlı soruşanda gözlərini yayındıraraq pəncərədən uzaqlara baxır və güclə eşidiləcək səslə pıçıldayır ki, “bu barədə danışmaq istəmirəm...”

10 yaşlı Həsən də bir aya yaxındır ki, anası və bacısı ilə bərabər bu sığınacaq evində məskunlaşıb. Məktəbə gedir, dərslərini yaxşı oxumağa çalışır. Arzusu gələcəkdə robot mühəndisi olmaqdır. Həsən sevincək söyləyir ki, artıq anası özünə iş tapıb və onlar tezliklə kirayə ev taparaq ora köçəcəklər: “İstəyirəm tez böyüyüb mən də anama kömək edim, o çox əziyyət çəkməsin”.

Elə Fərid kimi Həsən də bu sığınacağa nə üçün üz tutmaları, ailələrində hansı problemlərinin olması, atası barədə verdiyimiz bütün sualları cavabsız qoyaraq susmağa üstünlük verdi...

 

Bura zorakılığa məruz qalan şəxslər sığınır

 

2002-ci ildən fəaliyyət göstərən mərkəzin rəhbəri Mehriban Zeynalova məlumat verir ki, özünün 17 kvadratmetrlik evində zorakılığa məruz qalan bir uşaqlı qadına yer verməklə sığınacağın təməlini qoyub.

“Əvvəlcə bu, mexaniki bir proses, alturist fəaliyyət idi” söyləyən Mehriban xanım bildirir ki, sonradan dünya təcrübəsini öyrənməklə, eyni zamanda Azərbaycan reallığına, qanunvericiliyinə uyğun olaraq sığınacağın idarə olunması və sığınacaqda olan şəxslərin reabilitasiyası, reinteqrasiyası ilə bağlı məsələləri öyrənərək fəaliyyətini davam etdirib. Buranın maliyyələşməsi məsələsi isə illər uzunu sadəcə olaraq könüllü olub: “Məsələn, gördüm ki, qurbanların tibbi ehtiyacı var, o zaman həkim rəfiqəmi könüllü bu işə cəlb etdim. Daha sonra lazım olan hüququ xidmətlər, psixoloji yardımlar üçün də könüllü şəxslər cəlb etdik”.

Bu zamana qədər müxtəlif ünvanlarda fəaliyyət göstərən sığınacaq evinin indiki binasında 60 nəfərə yaxın adamı qəbul etmək olar. Psixoloq, hüquqşünas, 5 nəfər sosial işçi fəaliyyət göstərən sığınacaqda hazırda 12 qadın, 30-a yaxın uşaq var.

Binada mühafizə kameraları quraşdırılıb, təhlükəsizlik üçün ərazi üzrə polisə, eyni zamanda Daxili İşlər Nazirliyinə müraciət məktubu ünvanlanıb.

Mehriban xanım deyir ki, sığınacaqda ancaq zorakılığa məruz qalan şəxslər, hansılar ki, xəsarət alıblar, həyatları təhlükədədir, onlar qalırlar. Həmin şəxsləri isə bura polis idarələrindən, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, icra hakimiyyətlərindən, bəzən isə səhiyyə sistemlərindən istiqamətləndirirlər. Eyni zamanda sosial şəbəkədən müraciətlər olur: “Amma həmin şəxsləri ilkin qiymətləndirmə aparandan, vəziyyəti öyrənəndən sonra götürürük. Baxırıq ki, məsələn, sosial problemi var, onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndiririk. Yaxud iş yeri tapmasına kömək edirik, körpə uşağı varsa, ona baxırıq. Sonra vəziyyətini düzəldərək kirayəyə çıxır. Elə də olur ki, qohumları ilə əlaqə yaradırıq, “Qohum-qohuma dəstək” adlı kampaniya çərçivəsində kömək edirik”.

 

Sığınacağın işində dövlət resurslarından kifayət qədər bəhrələnilir

 

Ötən il 120 nəfərə qədər adamı barışdırdıqlarını qeyd edən sığınacaq rəhbəri bildirir ki, yerli icra hakimiyyətinə müraciət edirlər ki, onların zorakılığa qarşı mübarizə üzrə monitorinq qrupları həmin ailələrə səfərlər edib ailənin vəziyyətini qiymətləndirsinlər, paralel özləri də monitorinq aparırlar, nəzarət edirlər ki, sonrakı prosesdə ailədə yenidən zorakılıq halları baş verməsin: “Sığınacağın işində dövlət resurslarından kifayət qədər bəhrələnirik. Burada məskunlaşan qurbanların səhhəti ilə bağlı məsələlər üçün Səhiyyə Nazirliyi və TƏBİB-ə müraciət etmişik. Ərazi üzrə poliklinika buradakı uşaqlara xidmət göstərir və onların hər biri tibbi xidmətdən bəhrələnirlər. Vərəmlə, digər dəri-zöhrəvi xəstəliklərlə bağlı xəstəxanalarla əməkdaşlıq edilir. Respublika Kliniki Xəstəxanası daim tibbi problemlərimizə kömək edir. Təhsil Nazirliyi ilə də sıx əməkdaşlığımız var. Zorakılığa məruz qalan ailələrin uşaqları bizə gələndə dərhal onu fəaliyyət göstərdiyimiz əraziyə yaxın məktəbə yerləşdiririk. Sosial işçilərimiz də gündəlik olaraq onların dərsləri ilə məşğuldur. Bizim sığınacaqdan iki nəfər ali məktəbə qəbul olub, eyni zamanda texnikuma daxil olanlar da var”.

Qadın və Uşaq Sığınacağına körpəlikdən 60 yaşa qədər qadınlar qəbul edilir. Oğlan uşaqları üçün isə yaş məhdudiyyəti var və bu hədd 12 yaşa qədər müəyyənləşdirilib.

Sığınacağa üz tutuan qadınlar burada psixoloji xidmətdən keçirlər, hüquqi məsələləri həll olunur. Eyni zamanda zorakılıq qurbanları burada geyimlə, qida ilə təmin olunurlar. Həmçinin onların sağlamlıqları ilə bağlı köməklik göstərilir. Paralel olaraq ailə ilə iş aparılır. Əgər təhlükə yoxdursa, qadının ailəyə qayıdışına çalışılır. Əgər ailə qəbul etmirsə, yaxud özü də qətiyyətlə bildirirsə ki, qayıtmaq istəmir, onun reinteqrasiya işi ilə məşğul olunur. Yəni qadın iş yeri tapır, sonra iki ay müddət verilir və o pulunu toplayıb kirayə çıxır. Əgər qadın işə çıxanda uşaqlar nəzarətsiz qalırsa, uşağın yaşı və vəziyyəti nəzərə alınaraq günərzinə götürülür. Uşaq səhər sığınacağa gəlib axşam gedir.

Sığınacaq əməkdaşlarının əməkhaqqını beynəlxalq miqrasiya qurumu ödəyir. Bura sığınan qadın və uşaqlar isə el köməyi ilə, xeyirxah insanların verdikləri qida və digər yardımlarla dolanırlar.

 

“Övladım üçün yaşayacam...”

 

Yemək otağından qalxan xörək ətri günortanın yetişdiyindən xəbər verir. Sıra-sıra düzülmüş stolların arxasında xeyli uşaq, müxtəlif yaşlarda analar əyləşiblər. Sığınacaq mühiti nə qədər doğma olsa da, açıq-aşkar bu qadınların üzündən sıxıldıqları, çəkindikləri oxunur. Acmış uşaqlar qaşıqlarını həvəslə boşqaba vuraraq sevinclə xörək gözləyir, analarsa bu mənzərədən qəhərlənərək nəmlənən gözlərini gizlincə silirlər. Kim bilir, bəlkə də bu anda onların hər biri xəyalən əlində çömçə öz ocağının, qazanının başında övladına sevdiyi xörəyi çəkir...

İri, yaşılgözlü, sapsarı burma saçları çiyninə tökülmüş bir qızcığazı əlləri ilə yedizdirən gənc bir anaya yaxınlaşırıq. Məişət zorakılığının daha bir qurbanıdır 24 yaşlı Aybəniz...

18 yaşında sevdiyi oğlana qoşulub qaçıb. Hətta ona görə universitetlərin birində oxuduğu biznesin idarəedilməsi ixtisasını da yarımçıq qoyub. Qaçdığı oğlan ona söz versə də, sonradan təhsilini davam etdirməyə icazə verməyib: “Yoldaşım çox içirdi, hansısa zərərli dərmanlar qəbul edirdi. Çox şübhəçi, qısqanc idi. Məni hər gün döyməsi üçün ona xüsusi bir bəhanə lazım deyildi. Demək olar ki, illərlə bu dəhşətli vəziyyətdə yaşadım. Öz ata-anam da vaxtilə boşandığı üçün bu işgəncələrə dözürdüm, istəmirdim ki, bir övladım da mənim yaşadığım həyatı yaşasın, atasız böyüsün. Deyirdim, bəlkə düzələr, hər şey qaydasına düşər, amma mümkün olmadı... Həyatda heç kimə tövsiyə etmərəm ki, ailəsi dağılsın, ancaq insan məcbur olanda hər şeydən, hətta şirin canından da keçir ki, ölüm canım qurtarsın, amma övladın üçün yaşamağa məcbur olursan”.

Aybəniz bildirir ki, atasının da, anasının da hərəsinin öz ailəsi var. Onu isə babası saxlayıb və indi 90-dan çox yaşı var deyə, Aybənizə həyan duracaq vəziyyətdə deyil: “Boşanma sənədlərimi vermişəm. Bu həll olunandan sonra iş tapıb işləyəcəm, təhsilimi davam etdirəcəm. Və bu gündən sonra övladım üçün yaşayacam...”

Burma saçlı qızcığazsa hələlik ömrün amansız oyunlarından bixəbər onunla bir taleyi paylaşan digər uşaqlar kimi cidd-cəhdlə qarşısındakı xörəyi qaşıqlayır, arabir də anasına baxıb xoşbəxtcəsinə gülümsəyirdi...

45 yaşlı Arifə də həyat yoldaşından gördüyü şiddətdən qurtulmaq üçün sığınacağa üz tutanlardandır. O deyir ki, hətta burada da əri ondan əl çəkmir, daim problemlər yaradır: “Bir neçə gün idi ki, iş tapıb işləyirdim, amma o, iş yerimə gələrək orada da mənimlə dalaşdı, hər şeyi qırıb-tökdü. Boşanmaya ərizə vermişəm, bu həll olunandan sonra gərək onun məni tapa bilməyəcəyi başqa bir yerdə iş tapıb işləyəm, həyatımı davam etdirəm”.

 

Məqsəd ailəni dağıtmaq deyil...

 

Sığınacağın psixoloqu Nərgiz Abbasova bildirir ki, zorakılığa məruz qalan qadınlar onlara müraciət edən zaman qorxu, təlaş, təşviş içərisində olurlar, çünki hər zaman şiddət görüb, təhqirə məruz qalıblar. Sığınacaqda qaldıqları müddətdə isə onlarla reabilitasiya işi aparılır: “Təbii ki, məqsədimiz ailəni dağıtmaq deyil və ilk növbədə çalışırıq ki, əgər mümkündürsə, ailə barışsın. Amma elə situasiyalar var ki, o ailə artıq bu formada yaşaya bilməz. Bir halda ki, ailədə zorakılıq var, bu uşaqların gözü qarşısında baş verir, hətta bəzən uşaqların özlərinə belə şiddət göstərilir, bu halda həmin ailədə ailəlik düzgün formalaşmayacaq. Belə hallarda uşaqlarda “ikinci dalğa” deyilən travma yaşanır. Hansı ki, uşaq döyülmür, ancaq kiməsə göstərilən şiddəti gözü ilə görür. Bax, bu “ikinci dalğa”dır. İstəməzdik bu tip ailə modeli olsun. Bu tip ailədə uşaqlar da normal tərbiyə olunmayacaq və zorakılıq zəncirvari davam edəcək”.

Psixoloq deyir ki, zorakılıq qurbanı ilə iki, üç ay işləyirlər, amma reabilitasiyanın uğurlu gedişatı şəxsin özündən asılıdır: “İnsan var ki, öz həyatını dəyişmək istəmir. Artıq biz ona heç nə edə bilmirik. Ayağa qalxmaq istəyən, reabilitasiyaya qoşulmaq istəyən qadınlarla işləyirik. Situasiyaları dəyərləndiririk, onların sosial fobiyalarını korreksiya edirik və cəmiyyətə inteqrasiya edirik. Həmin qadınlar sığınacaqda qala-qala işləyir, pulunu yığandan sonra kirayə evə çıxır”.

Uşaqlara da psixoloji yardım göstərdiklərini söyləyən N.Abbasova qeyd edir ki, ilk vaxtlar onlar sığınacaq mühitinə adaptasiya olmaqda çətinlik çəkirlər. Əvvəlcə onlarda aqressiya, söz dinləməmək və sair kimi hallar müşahidə olunur, amma bunlar korreksiya olunandan sonra düzəlirlər.

 

Xoşbəxt ailə tablosundan gen düşənlər

 

Bu da insan həyatlarının yaşanmış ağrı-acılı bir səhifəsi idi, çevirdik, oxuduq...

Və bir daha əmin olduq ki, əslində, bütün uşaqlar eynidi. Hamısı ana sığalı, ata qayğısı istəyir...

 Elə bütün qadınlar da eynidir, hamısı isti yuva, doğma ailə arzulayır. Bəzilərinin şansı gətirir, o arzulara nail olur. Amma bəzilərinin gözü ömür boyu o xoşbəxt ailə tablosunda qalır...

Burada çox qadınla, ana ilə söhbət etdik, onlar müxtəlif yaşlı, müxtəlif adlı olsalar da, taleləri, sığınacağa uzanan keşməkeşli həyat yolları ilə bir-birinə bənzəyirlər. Hamısının üz-gözündən çarəsizlik oxunur... Hamısı indidən sonrakı həyat yollarında təkbaşına addımlamağın, övladlarını yalqız böyütməyin, bir ailənin dirəyinə tək çiyin verməli olacaqlarının özgüvənsizliyi, təşvişi, təlaşı, qorxusu içindədirlər...

Bəli, günlər keçəcək, həmin qadınlardan bir çoxu yenidən doğma ailəsinə qayıdacaq, övladını isti yuvasında böyüdəcək...

Amma o da reallıqdır ki, onlardan bəziləri, tale yolunda təkbaşına səfərə çıxmağa məhkum olacaqlar...

Bax həmin qadınlar isə güclü iradə, səbir, dözüm göstərərək yenidən həyatın zərbəsinə tuş gəlməmək üçün ayağa durmaq, irəli addımlamaq məcburiyyətindədirlər...

Özləri və övladlarının gələcəyi üçün...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video