10:30 14 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

DÜNYA ORDULARI AZƏRBAYCANDAN ÖYRƏNİRLƏR

ANA SƏHİFƏ / SİYASƏT
00:41 07.01.2021

 

İlham Əliyev yeni müharibə nümunəsi yaradıb

 

Azərbaycan ötən əsrin doxsanıncı illərində baş verən Birinci  Qarabağ  müharibəsində məğlub oldu!

20 min şəhid verdi, 20 faiz ərazisini  itirdi, “öz  torpaqlarını qoruya bilməyən xalq” kimi  mənfi  imic  qazandı.

Sonra 27 il ərzində ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasına inanaraq  BMT-nin Təhlükəsizlik  Şurasının 4 məlum  qətnaməsinin  icrasının təmin olunacağını, işğal altındakı torpaqlarının sülh yolu  ilə azad ediləcəyini gözlədi...

Gözlədikcə gözlədi...

Əslində, Azərbaycan  müharibədə ona görə  məğlub  olaraq ərazisini itirmişdi ki:

* Həqiqi rəhbərindən, Ulu Öndər Heydər Əliyevdən  ayrı  düşmüşdü və  Qarabağ münaqişəsi başlayan dövrdə  ölkəyə başçılıq edənlər maymaq, qətiyyətsiz  və  səriştəsiz  olduqlarından ölkənin müdafiəsini təmin etmək qabiliyyətinə malik deyildilər;

* Vaxtında  ordu  yaradılmamış, əhali tərk-silah olunmuş, torpaqların  müdafiəsi  təşkil  edilməmişdi və üstəlik, müharibə dövlət  səviyyəsində aparılmırdı;

* Havadarları Ermənistana  açıq şəkildə  köməklik  göstərir, silah-sursatla bol-bol təmin edir, hətta  torpaqları hərbi vasitələrlə bizdən alıb onlara verirdilər;

* Dünya “məzlum və zavallı” erməni  xalqının arxasında duraraq  onu müdafiə  edir, bizi günahlandırırdı.

Amma  deyən yox idi ki, bu  xalq  “məzlum və zavallıdırsa”, özgə  torpaqlarını necə, hansı  gücü ilə zəbt  edir, Xocalı soyqırımını necə  törədir!

Heç əhalisinin sayı 3 milyona çatmayan, forpost dövlət  özündən  qat-qat  güclü, əhalisinin sayı 7 milyon olan bir ölkəni işğal edə bilərmi?

Hər şey  bir yana, ermənilər özləri də inanmışdılar ki, torpaqları bizdən  onlar  döyüşərək alıblar, bizdən  güclüdürlər!

Hətta axır vaxtlar bizi hədələməyə, xox gəlməyə, yeni müharibə başlanarsa, yeni  ərazilərimizi ələ keçirəcəklərini  söyləməyə  başlamışdılar!

Hətta açıq-aşkar  bildirirdilər ki, bizə  sülh yolu ilə  torpaq qaytarmaq  niyyətində  deyillər, çünki  qondarma  “dqr” müstəqil  dövlət, onun ərazisinə daxil  olmayan 7 rayon  isə əhalisinin  təhlükəsizliyinə xidmət  göstərən  “bufer zona”dır!

***

Müzəffər  Ali Baş  Komandan  İlham  Əliyev 44 günlük  Vətən  müharibəsi  dövründə bütün bu illüziyalara  son  qoydu, Ermənistanı diz  üstə çökdürdü, onun  təlxək baş nazirini  kapitulyasiya aktına  qol çəkməyə vadar etdi, “dqr”in statusunu  isə  cəhənnəmə  və gora göndərdi!

Həm də qalib  Sərkərdəmiz sübut etdi ki,  ermənilər bizdən heç vaxt  güclü olmayıblar, onlara kimlər kömək  göstərsələr də, bizə üstün  gələ bilməzlər, orduları qorxaq və  fərarilərdən ibarətdir, həqiqi müharibə  vaxtı  komandanları qaçıb gizlənirlər, Azərbaycan  istəsəydi  hamısını Yerevana qədər  qovardı!

Müzəffər Ali Baş Komandan İlham  Əliyev  bu  bəyanatını  44 günlük  müharibədə qazandığı zəfərə arxalanaraq açıqladı!

Öz ordusuna, qəhrəman əsgər və zabitlərinə güvənərək söylədi!

Düşməni, onun qorxaq və fərarilərdən ibarət ordusunu darmadağın edərək, işğal  ərazilərindən qovaraq  sübuta yetirdi!

Bütün dünyanın gördüyü, aşkar nəticəsini bildiyi yeni müharibə nümunəsinə əsaslanaraq bildirdi!

Azərbaycanın  Vətən  müharibəsindən sonrakı dövründə baş verənlər  də Müzəffər  Ali Baş Komandan İlham Əliyevin dediklərinin təsdiqinə çevrildi!

***

Bu gün dünya müzəffər Sərkərdəmizin dediklərini təkcə  təsdiq   etməklə  kifayətlənmir,  eyni zamanda Azərbaycandan öyrənir  və  öyrənməyin vacibliyini də  gizlətmir!

Hamı etiraf  edir ki, Azərbaycan, həqiqətən, XXI əsrin  yeni müharibə modelini ortaya qoyub!

Bu modeli  öyrənmək,  yararlanmaq və öz ordusunda  tətbiq etmək zəruridir, özləri üçün faydalıdır!

Dünya mediasına sızan informasiyaya  görə, 2020-ci ilin  dekabr ayında  NATO  Berlində  fövqəladə və məxfi toplantı keçirərək Azərbaycan  Ordusunun  zərbə pilotsuz aparatları və digər dronlarla Ermənistan  ordusuna qarşı həyata keçirdiyi həmlələri, həmin həmlələrə dair Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntüləri araşdırmışdır. Hərbi  mütəxəssislərin  yekun rəyi belə olmuşdur: “Biz  silahlanma və müharibə strategiyasında indiyə qədər olduğu kimi  davam etsək, uduzacağıq”.

Biz bu kimi fikirləri  ABŞ-ın Quru  Qoşunlarının  ordu generalından, yüksəkçinli rusiyalı və ukraynalı hərbçilərdən də eşitdik!

Eşitdik və fəxr etdik!

Bəli, müstəqil dövlət kimi  ilk dəfə  müharibə aparan Azərbaycan  yeni hərbi  taktika  və strategiya, müharibə nümunəsi  göstərdi!

Bu, ilk növbədə, cənab İlham  Əliyevin  bütün dünya  tərəfindən  etiraf   olunan  hərbi  qələbəsidir!

Bəs Azərbaycan Ordusu hansı yeniliklərlə  bu qələbəyə və nümunəyə nail olub?

Birlikdə nəzərdən keçirək.

* Ən əvvəl əks-hücumdan  hücuma  keçərək görünməmiş uğura imza atmaqla ən qısa  müddətdə - 44 gündə düşməni təslim  etdi;

* Yeni  taktika  və strategiya  tətbiq etməklə XXI əsrdə birinci olaraq ortaya  yeni müharibə nümunəsi qoydu;

* Müstəqil dövlət olaraq  ilk dəfə apardığı qalibiyyətli müharibə dünya müharibə tarixinə düşdü, digər  dövlətlər  tərəfindən  PUA-ların  uğurlu tətbiqi  öyrənilməyə başlandı;

* Dağlıq  ərazidə, təbii relyefin mürəkkəbliyi şəraitində  beton bunkerləri, möhkəmləndirilmiş səngərləri və müasir istehkamları qısa  zamanda dağıtmağın  yeni  üsulu tətbiq olundu; 

* Dron müharibəsinin  ən yeni və ən mükəmməl  nümunəsi  yaradıldı;

* Azərbaycan  əsgəri Şuşa  əməliyyatında divar kimi qayalara dırmaşaraq soyuq və yüngül atıcı silahlarla  əlbəyaxa döyüşməklə  qala şəhərini fəth nümunəsini ortaya qoydu;

* Daha  bir yenilik: düşmənin  möhkəmləndirilmiş, minalanmış, uzun müddətə müdafiəyə hazırlanaraq hücum gözlədiyi mövqelərdən  yan keçərək və daim atəş altında saxlayaraq gözləmədiyi yerdən, gözləmədiyi şəkildə  hücuma keçməklə qələbə  çaldı.

***

Bütün bunlarla bahəm, hərbi əməliyyatlar  başlayandan  PUA-lar  vasitəsilə aşağıdakı əsas hərbi hədəflər sistemli şəkildə məhv edilməyə başlandı:

* Düşmənin  hava hücumundan müdafiə sistemləri müxtəlif üsul və vasitələrlə sıradan çıxarıldı;

* Radiolokasiya  sistemləri  və  komanda  məntəqələri  məhv  edilərək  düşmən hərbi  birləşmələrinin  idarə olunması  iflic  vəziyyətinə salındı;

* Dəqiq dron  zərbələri ilə  düşmənin  yerdəyişən  və köməyə  gedən  canlı  qüvvəsi hərəkətdə olarkən məhv edildi;

* Cəbhənin  arxa  dərinliyində yerləşən  düşmənin  top, minomyot və raket qurğuları dəqiq  atəşlərlə  sıradan  çıxarıldı;

* Düşmənin tankları və digər zirehli texnikası qısa  müddətdə  tamamilə məhv edildi və  ya qənimət götürüldü;

* Düşmənin  sursat anbarları aşkara  çıxarılaraq öncədən məhv edildi, hər  növ  silahlar sursatsız qoyularaq bu qayda ilə susduruldu;

* Hərbi əməliyyatın gedişi  elə planlaşdırıldı ki,  nəticədə düşmən  böyük bir ərazidə mühasirə vəziyyətinə düşərək bütün  növ təchizat  və təminatdan məhrum  edildi;

* Əvvəlcədən  bəlli şəraitdə döyüşəcək xüsusi təyinatlıların  məqsədəuyğun şəkildə və sistemli qaydada hazırlanması onların gücündən yüksək effektliliklə istifadəyə imkan yaratdı!

Müzəffər  Ali Baş Komandan İlham Əliyev  müharibə davam edən müddətdə  hərbi əməliyyatların hazırlanması və icrası ilə bağlı artıq bu gün sirr sayılmayan addımları da açıqladı:

* Hər günün döyüş tapşırığı verilir, hər axşam  nəticələr yoxlanılıb təhlil olunurdu;

* Hər dəfə  düşmənin gözləmədiyi istiqamətdən və yerdən hücuma keçilirdi.

***

Ən maraqlı məqamlardan biri bu idi ki,  Azıərbaycan  müharibəni açıq və şəffaf şəkildə aparırdı. Belə ki,  öz evində oturan hər bir Azərbaycan vətəndaşı televiziyalar  vasitəsilə gün  ərzində PUA-lar və  dəqiq  mərmi zərbələri ilə   düşmənin canlı  qüvvəsinin  və zirehli texnikasının  darmadağın edildiyi  məqamlara  elə dronların  öz çəkilişində baxırdı.

Bu da indiyədək dünya hərb tarixində  görünməmiş hallardan  sayılır!

Bütün  bunlar  son nəticədə ən az itki ilə ən yüksək  nəticə qazanılmasına yol açdı!

Daha iki məqam:

* Azərbaycan Ordusunun qələbəsində  ən mühüm  amil   peşəkarlıq, iradə, qəhrəmanlıq, milli ruh, iqtidarla  xalq birliyi olmuşdur!

* Vətən müharibəsi həm də sübut  etdi ki, Azərbaycan tarixində  heç  vaxt indiki qədər güclü olmayıb!

 

Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM