05 Oktyabr 2011 12:10
462
Mədəniyyət
A- A+

Payızdan doğulanlar - Üzeyir bəy Hacıbəyli

 

XX əsrdə həyatımızın elə bir sahəsi yoxdur ki, oradan Üzeyir bəyin nəhəng şəxsiyyəti görünməsin, qeyri-adi  nəfəsi duyulmasın, hiss olunmasın. O, hansı sahədə fəaliyyət göstəribsə, hara toxunubsa, orada qeyri-adi bir istedad nümayiş etdirib. O, ən böyük publisist, ən böyük bəstəkar, ən böyük vətənpərvər idi. Ümummilli lider Heydər Əliyev Üzeyir bəyin Azərbaycan xalqının tarixindəki yerindən danışarkən demişdi: "Üzeyir bəy fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur".

126 il əvvəl Qarabağın gözəl guşələrindən birində - Ağcabədidə dünyaya gələn, Şuşada böyüyən, oradaca ilk təhsilini alan, müqəddəs Şuşanın ab-havasını duyan, Natəvan, Mir Möhsüm Nəvvab sənətinin təsirini hiss edən Üzeyir bəy sonralar Qori Müəllimlər Seminariyasını, Sankt- Peterburq Konservatoriyasını bitirib geniş, parlaq bir yaradıcılıq yoluna başladı.

 Hələ 22 yaşında ikən yazdığı "Leyli və Məcnun" operası ilə Azərbaycan professional musiqi tarixində yeni bir dövr açdı. O dövr 100 ildən artıqdır ki, davam edir. Nəsillər dəyişir, texnika və texnologiyalar yenilənir, amma "eşq, məhəbbət nədir?" sualına cavab tapılmadığı kimi, "Leyli və Məcnun" operasının da sirri-sehri nədədir - bilən yoxdur. Bunu  təkcə Üzeyir bəy özü bilirdi və bu bildiyini də "Koroğlu"nun timsalında belə ifadə edirdi: "...Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir bəstəkar olaraq mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən "Koroğlu" operasını yazdım.

Azərbaycan xalq musiqi incəsənətinin əsasını təşkil edən ciddi qayda-qanunlar (mən öz operamı yazarkən bunlara riayət etmişəm) nəinki mənim yaradıcılıq arzumu boğdu, əksinə, bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi. Sərbəst qurulmasına və musiqi fakturasının mürəkkəbliyinə baxmayaraq, "Koroğlu" operası Azərbaycan dinləyicilərinə Azərbaycan xalq mahnı və melodiyalarını eynilə təkrar edən bəzi əsərlərdən daha yaxşı çatır, çünki "Koroğlu" operası xalqın doğma musiqi dilində yazılmışdır.

Azərbaycanlı olmayan dinləyicilərin "Koroğlu" operasına böyük diqqət yetirməsi o deməkdir ki, bu operanın milli xüsusiyyətləri nəinki onu başqa xalqlardan təcrid edir, əksinə, bunlar operanın beynəlmiləl əhəmiyyətini daha aydın göstərir".

Azərbaycanın çoxəsrlik mədəniyyət tarixində bu, əvəzolunmaz bir hadisə olaraq qalmaqdadır. Bunu öz çıxışında ümummuilli lider Heydər Əliyev çox gözəl ifadə edib: "...Üzeyir bəy Hacıbəyli bütün əsərlərində insan azadlığını, xalqların azadlığını tərənnüm edib, istibdada, zülmə, hökmranlığa qarşı üsyan edibdir. Xalqımızın böyük dastanı olan "Koroğlu"nun Üzeyir bəy Hacıbəyli tərəfindən istifadə olunması Azərbaycan tarixində, mədəniyyətində, bədii həyatında çox böyük və əvəzsiz bir hadisədir. ..."Koroğlu" dastanı insanları həmişə qəhrəmanlığa, cəsurluğa dəvət edibdir. Bu dastan insanlarda qəhrəmanlıq, cəsurluq, vətənpərvərlik əhval-ruhiyyəsi yaradıbdır... "Koroğlu" dastanı ona görə sevilibdir ki, xalqın həyatı, gələcəyi üçün ən əhəmiyyətli fikirlər o dastanda cəm olubdur."Koroğlu" dastanını nəinki xalqımıza, bütün dünya ictimaiyyətinə daha da təsirli şəkildə çatdırmaq, tanıtdırmaq üçün Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasını yaratması, yenə də deyirəm, mədəniyyətimizdə böyük inqilabi hadisədir".

Həyatı boyu həmişə xalqın sevgisini hiss edən, duyan Üzeyir bəyin vaxtilə Bakıda yaşadığı evi xeyli vaxtdır muzey kimi fəaliyyət göstərir. 1975-ci ildə təşkil olunan bu ev-muzey mədəniyyət xadimlərimizdən ilk olaraq Üzeyir bəyin  həyat və yaradıcılıq yolunu işıqlandırmaqdadır. Bu da ona xalqın və dövlətin bir daha minnətdarlıq duyğusunun ifadəsidir.

Üzeyir bəyin həm də bir musiqi nəzəriyyəçisi, musiqi xadimi kimi hələ o vaxt söylədikləri bu günümüzlə də çox səsləşir, indinin özündə də aktual olaraq qalır. Onun dedikləri bu gün həm səhnəyə çıxanlara, həm səhnəyə çıxaranlara, həm səhnə, ekran qarşısında oturanlara ən yaxşı mesajdır, sifarişdir və bu sifarişi olduğu kimi qiymətləndirmək və qəbul etmək lazımdır: "Əvvəllər musiqiyə qulaq asmaq çaxır içmək kimi bir iş hesab olunurdu. Ancaq indi musiqi mədəniyyətimiz yüksəlmiş və təlabatımız da artmışdır... Bülbül oxuyanda onun ifasından camaat razı qalır, çünki o, düzgün və təsirli oxuyur. Səhnəyə gərək usta çıxasan, xam oxuduqda camaat narazı qalır. Buna görə də bu işdə olan nöqsanı burada qeyd etmək lazımdı; bir çox yeniyetmə qız və oğlan radioda öz bildikləri kimi oxuyur, maneraçılıq edir, sözləri dəyişdirirlər. Onlara deyilməlidir: niyə belə oxuyursan? Nədənsə, üzərlərinə böyük vəzifələr düşən idarə rəhbərləri bu yolda heç bir iş görmürlər. Bunun nəticəsində istənilməyən bəstəkarlar əmələ gəlir... Görürsən ki, bir dəfə birinin adı çıxıbdır ki, yaxşı oxuyur, o, öz tərifini eşidən kimi o saat deyir ki, gərək mənim qonararımı artırasınız. Bir sözlə, "Arşın mal alan"da Soltan bəyin dediyi kimi, "mənim adımı hamı əzbərdən bilir", - deyir. Çox təəssüflər ki, belə adamları biz səhnəyə çıxarırıq..."

O, 1885-ci ilin payızında doğuldu. Doğulanda payız da vardı, Şuşa da. İndi payız var, amma Şuşa, Qarabağ yoxdu. Şuşadakı evi dağılıb, yaxınları didərgin düşüb, heykəli güllələnib: "O düşmənlər vaxtilə bu güllələri Üzeyir bəyin özünə vurmağa çalışıblar, ancaq vura bilməyiblər. İndi isə onlar bu güllələri onun heykəlinə vurublar... Ancaq erməni işğalçıları heç də belə bilməsinlər ki, o güllələr Üzeyir Hacıbəyli, Bülbül, Natəvan yaradıcılığını sarsıda bilər. Yox! Elə düşünməsinlər ki, bu güllələr Azərbaycan xalqının mənəviyyatını sarsıda bilər. Yox! Elə güman  etməsinlər ki, Şuşanın işğalı daimi ola bilər. Yox, ola bilməz!" Bunu da Üzeyir bəyin 110 illik yubiley tədbirində ümummilli lider Heydər Əliyev deyirdi.

Heykəli güllələmək mümkündür. Payızı necə? Güllələmək mümkünmü? Onu kim güllələyəcək?!

 

Bəxtiyar QARACA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video