25 Oktyabr 2011 02:10
438
Mədəniyyət
A- A+

Özü də unudulmur, rolları da...

 

Kino aktrisası kimi məşhurlaşan, amma teatr səhnəsində də bir-birindən  maraqlı, yaddaqalan obrazlar yaradan xalq artisti Nəcibə Məlikova Azərbaycan mədəniyyət tarixində əbədiyaşarlıq tapmış sənətkarlardandır. Bu payız anadan olmasının 90 illiyi tamamlanan Nəcibə Məlikova onu tanıyanların qəlbində əsl ana obrazının qabil ifaçısı kimi iz salıb. Bu gün də onun adı çəkiləndə gözlərimiz qarşısında şux, canlı rolları sıralanır.

O, son dərəcə gözəl və cazibədar xanım olub. Uca qaməti, təbəssümlü sifəti, işıqlı gözləri, şux yerişi, məlahətli səsi, qeyri-adi aktyorluq istedadı ilə çoxundan seçilirdi. Unudulmayan obrazları ilə mədəniyyət tariximizin səhifələrində və yaddaşımızda əbədi yaşayan xalq artisti Nəcibə Məlikova istər bədii filmlərdə, istərsə də səhnədə yaratdığı obrazlara məhz özünün möhürünü vurub. Bu səbəbdən də onları bir-birindən ayırıb təhlil etmək çox çətindir. Bütün bunlardan sonra onun zəngin obrazlar aləmini diqqətlə nəzərdən keçirəndə razılaşırsan ki, həqiqətən də Nəcibə xanım Məlikova kino tariximizdə möhtəşəm ana obrazlarını olduqca təsirli, təbii və səmimi yaradıb. Bir anlıq da olsa, yada salaq: "Ögey ana"dakı Dilarəni, "Aygün"dəki Aygünü, "Əhməd haradadır"da Nərgiz xalanı... Sadə, mehriban, sədaqətli, mərd, qeyrətli Azərbaycan qadınının yaddaqalan obrazlarıdı. Deyirlər ki, ötən əsrin ortalarında "Ögey ana" filminin tamaşaçılar arasında böyük təsiri olmuşdur. Filmdəki mehriban və iradəli Dilarə xanımdan nəinki ögey analar, bütün qadınlar nümunə götürürdülər.

"Əhməd haradadır" filmindəki Nərgiz xala isə bir özgə aləm idi. Nəcibə xanım ona elə təbii ahəng vermişdi ki, həyatda da çox vaxt bu istedadlı aktrisaya "Nərgiz xala" deyirdilər. O, həqiqətən də Azərbaycan kinosunun əbədi yaşayan Nərgiz xalası idi.

Görkəmli sənətkarımızın bioqrafiyasını araşdıranda maraqlı faktlarla üzləşdik. Nəcibə xanımın atası Haşım bəy Sağib ötən əsrin əvvəllərində Bakının tanınmış ziyalılarından biri olub. Təəssüf ki, Haşım bəy Sağib unudulmuş, lakin dövrünün zəkalı şairlərindən biri imiş. Haşım bəy Sağib həm də dövrünün xeyriyyəçi, maarifpərvər şəxsiyyətlərindən olub. O, jurnalist və publisist kimi  Azərbaycan dövri mətbuatında - "Yeni yol", "Maarif və mədəniyyət" və başqa qəzet, jurnallarda çap edilmişdir.

Haşım bəy Sağib Səməd Mənsur, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əliağa Vahid kimi şairlərlə yaxından dostluq edirmiş. Xatirələrdən aydın olur ki, Əliağa Vahidin kamilləşməsində Sağibin də böyük rolu olub. O, həm də dövrünün varlı adamlarından biri idi. Din xadimləri ilə yaxından rəfiqlik etməsinə baxmayaraq həmişə fanatizmdən uzaq olub. Həyat yoldaşı Xoşsima xanım da maarifpərvər qadın imiş. Haşım bəyin 4 qız övladı olub. İki qızı Rübabə və Ruqiyyə tibb işçisi olublar. Nuriyyə xanım Peterburqda - Smolnı İnstitutunda təhsil almış ilk Azərbaycan qızlarından biridir. Nəcibə xanım isə ilk təhsilini əvvəlcə kənddə, sonra da şəhərdə alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinifini bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodik rollara dəvət alardı. Ona ilk xeyir-duanı Fatma Qədri vermişdir və Nəcibənin gələcəkdə böyük aktrisa olacağına da əmin idi. Amma dövrün ab-havası başqa rəngdə olduğundan bu istedadlı aktrisanın sənətə gələn yolları tikanlıqdan keçdi. Minbir əziyyətə qatlaşdı, sinəsinə dağlar çəkildi.

Ötən əsrin 30-cu illərində başlayan qanlı repressiyanın qovğası bu ailənin də taleyində ağır izlər qoymuşdur. Haşım bəy Sağib 1931-ci ildə qəflətən vəfat edib. Bu ailəyə üz verən ağır bəlalardan biri də "xalq düşməni" damğası ilə həbs edilib həyatı söndürülən Ruhulla Axundovla bağlıdır. O, Haşım bəyin həm qaynı, həm də yaxın dostu olub. Bu səbəbdən də atalarını itirmiş qızlar həyatda çox çətinliklərlə üzləşərək repressiyaya məruz qalırlar, onları hətta işdən də çıxardırmışlar. Taleyin bu ağır zərbələrindən qaçmaq üçün Nəcibə xanım bir müddət Gəncədə yaşayıb, orada teatrda çalışıb. Çox kasıb bir insanla da ailə həyatı qurub ki, bəlkə bu səbəbdən qada-bəladan uzaq düşə. 

Doğma dayısı Ruhulla Axundov xalq düşməni damğası ilə həbs edilib qətlə yetirilsə də, ailəsindən, qohumlarından yenə də əl çəkmirdilər. Azərbaycan mədəniyyətinin çox görkəmli nümayəndəsi olan Nəcibə Məlikova ömrünün sonuna kimi nəsillərinin başına gətirilən müsibəti göz yaşları ilə xatırlayırdı.

Gəncəyə pənah aparan Nəcibə Məlikova bir də doğma şəhərə 1951-ci ildə qayıdaraq Bakıdakı Milli Dram Teatrında işə başlayıb. Elə həmin ildə təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq növbəti dərsini Rza Təhmasibdən alıb. Həyat onu nə qədər ağır sınaqlara çəksə də, sıxsa da, ustad müəllimləri həmişə onun qolundan tutub, istedadını dəyərləndirib, ruhdan düşməyə qoymayıblar. 1959-cu ildə "Ögey ana" filminə çəkilib. Dilarə obrazına görə qazandığı müvəffəqiyyət əməkdar artist fəxri adının alması ilə nəticələnib. 1974-cü ildə isə Nəcibə Məlikova respublikanın xalq artisti fəxri adına layiq görülüb.

Nəcibə Məlikovanın yaradıcılığı iki istiqamətdə uğurla davam edirdi. O, bir tərəfdən səhnədə müxtəlif xarakterli obrazlar yaradır, digər tərəfdən də bədii filmlərə çəkilirdi. Xarici ölkə ədibləri ilə yanaşı, Azərbaycan dramaturqlarının tamaşaya qoyulan əsərlərində Nəcibə xanım böyük həvəs və məharətlə iştirak edirdi. Teatr tədqiqatçıları təsdiqləyərdilər ki, Nəcibə Məlikova Mirzə Fətəli Axundovun, Səməd Vurğunun, Hüseyn Cavidin, Ordubadinin, İlyas Əfəndiyevin... pyesləri əsasında hazırlanmış tamaşalarda yaddaqalan, ürəyəyatan maraqlı qadın obrazları yaradıb. Adamın inanmağı gəlmirdi ki, səhnədə gah quzu təbiətini, gah da çoxbilmiş qadın hiyləsini bacarıqla tamaşaçıya çatdıran eyni aktrisadır - Nəcibə Məlikovadır. Kino tariximizdə də onun xidmətləri çoxdur. Yazıda adını çəkdiyimiz filmlərlə yanaşı, "Fətəli xan", "Bakının işıqları", "Arşın mal alan", "Qanun naminə", "Leyli və Məcnun" və s. kinofilmlərdə sevimli aktrisa yaddaqalan obrazlar yaradıb. Bütövlükdə 20-dən artıq bədii filmə çəkilən Nəcibə Məlikova milli kino sənətimizin də inkişafına öz töhfəsini verib.

Zamanın şaxtalı illəri onun həyatında ağır izlər qoysa da, Nəcibə xanım içindən gələn bir qadın məğrurluğu  ilə sanki qəsdən kədərdən, qəmdən xəbərsiz görünürdü. Bu dünyanın ən bəxtəvər insanı kimi özgələrinin fikir və duyğularını içindən keçirərək aktrisa taleyini yaşayırdı. Bircə gözlərinin dərinliyində o böyük kədərin nişanələri duyulurdu. Rəhmətlik Həsənağa Turabov danışırdı ki, Nəcibə xanımın təkcə zahiri görkəmi deyil, daxili aləmi də zəngin idi. Böyük ürəyi vardı. Çalışırdı ki, hamıya yaxşılığı dəysin. Taleyin bütün ağrı-acılarının acığına xasiyyətcə də mülayim və mehriban idi.

Boy-buxunu, yaraşığı ilə seçilən, yüksək səhnə mədəniyyətinə malik olan, aydın, yumşaq səsi ilə tamaşaçını valeh edən Nəcibə xanım ancaq baş rollara dəvət edilirdi. O, bu obrazları elə yaradırdı ki, tamaşaçı az qala çaş-baş qalırdı. Bilmirdi ki, obraza görə Nəcibə xanımı sevir, yoxsa aktrisaya görə rola məftun kəsilib. Nəcibə xanım hələ sağlığında qəlblərdə özünə əbədi heykəl qoyan müqtədir qadın sənətkarlarımızdan biri olub.

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video