22 Oktyabr 2021 10:24
816
Mədəniyyət
A- A+

Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Qaraqalpaqstan Respublikası və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılış mərasimini keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.

Qaraqalpaqstanın mərkəzi Nukus şəhərindəki Berdaq adına Dövlət Musiqili Teatrında təşkil edilən mərasimdə dövlət qurumlarının təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri Qaraqalpaqstan Respublikası Nazirlər Şurası sədrinin müavini Rasul Zareneyev açaraq Özbəkistanla, həmçinin Qaraqalpaqstanla Azərbaycan arasında əlaqələrin inkişafından danışıb. O, xalqlarımız arasında tarixi dostluq əlaqələrindən söhbət açaraq belə səfərlərin tez-tez təşkil olunmasının mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına təkan verdiyini bildirib və Azərbaycan tərəfinə ilk dəfə olaraq Qarakalpaqstanda keçirilən tədbirlərə görə öz təşəkkürünü bildirib.

AMM-nin direktoru Samir Abbasov qardaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli əlaqələr, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən layihələr haqqında danışıb, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanda, onun regionlarında tanıdılması, Qaraqalpaqstan Respublikasında və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti, ədəbiyyatı günlərinin keçirilməsi, kitabxanalara Azərbaycana dair nəşrlərin hədiyyə olunması, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. S.Abbasov deyib ki, bu il böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Prezident İlham Əliyev “Nizami Gəncəvi ili” elan edib. Bu il özbək xalqının iftixarı Əlişir Nəvainin 580 illiyi münasibəti ilə müxtəlif tədbirlər keçirilir, əsərləri çap olunur, xatirəsi ehtiramla yad edilir. Çıxışının sonunda S. Abbasov Rasul Zareneyevə “İrəvan xalçaları” kitabını hədiyyə edib.

Qənirə Paşayeva Azərbaycandan qardaş Özbəkistana və qardaş qaraqalpaq xalqına salam gətirdiyini bildirib. O deyib ki, bu gün Azərbaycan və Özbəkistan Prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev öz xalqlarının inkişafı üçün var qüvvələri ilə çalışırlar. Ölkələrimiz arasında heç bir problem yoxdur. Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olması Türk Şurasını daha da gücləndirib.

Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında olmasından danışan komitə sədri vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgər və zabitlərimiz Qarabağımızı və gözəl Şuşanı erməni əsarətindən xilas etdi.

Milli Məclisin deputatı bildirib ki, özbək və qaraqalpaq xalqının sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.

Sonra Azərbaycanın Qarabağ diyarının milli qadın və kişi geyimlərinin nümayişi keçirilib və “Qarabağ şikəstəsi”nin sədaları altında çıxışlar alqışlarla qarşılanıb.

Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova xalq mahnıları və muğamlarımızı, Daşkənddə yaşayan saz ustası İlham Abdullayev qədim saz havalarımızı, AMM-nin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəqslərimizi, yerli sənətçilər isə özbək və qaraqalpaq mahnı və rəqslərini təqdim ediblər.

Qeyd edək ki, Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsinə hər iki ölkənin mədəniyyət nazirlikləri, Azərbaycanın Özbəkistandakı səfirliyi müvafiq dəstək göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video