29 Aprel 2012 12:04
412
Mədəniyyət
A- A+

Öyrənməyə və öyrətməyə həsr olunan alim ömrü

 

Yüksək elmi-pedaqoji peşəkarlığı, geniş və zəngin fəaliyyəti, axtarışları, tədqiqatları ilə tanınan tarixçi alimlərdən biri də professor Məmmədəli Paşayevdir. O, səmimiyyətinə, xeyirxahlığına, natiqlik bacarığına, sözdən məharətlə istifadə etmək qabiliyyətinə görə minlərlə insanın dərin hörmət və ehtiramını qazanmış dəyərli bir ziyalıdır. 85 yaşlı alimin arxada qoyduğu illər mənalı bir ömürdən, bu ömrün daşıyıcısının işıqlı şəxsiyyətindən, elmə, təhsilə, yüksək amallara sərf edilmiş həyatından xəbər verir. Bu gün biz Məmmədəli müəllimin həyat və tale kitabını vərəqlədikcə onun həm nəcib bir insan, gözəl alim, mahir pedaqoq, həm də doğma vətənini böyük məhəbbətlə sevən bir şəxs olduğunu görürük.

Məmmədəli İsmayıl oğlu Paşayev 1927-ci ilin aprelində Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. Hələ erkən yaşlarından həyatın ağrılı-acılı günlərini görüb, əzab-əziyyətin, ehtiyacın nə olduğunu dərk edib. Səbəb mənsub olduğu Alpaşalar kimi tanınan sahibkarlar nəslinin dəfələrlə repressiya tufanına tuş gəlməsi ilə bağlı idi. Ailənin nəsillikcə iri təsərrüfatçılığa, yüksək dini savada, dünyagörüşünə və yerli əhali arasında böyük nüfuza malik olması həmin dövrün sərt rejiminin tələblərinə cavab vermirdi. Odur ki, bütün ölkədə tüğyan edən qırmızı terror nəticəsində bu ocağın da ayrı-ayrı nümayəndələri məhkəməsiz, sorğu-sualsız müxtəlif cəzalara - həbslərə, sürgünlərə, ölümə məhkum olunmuşdular. İmperiya cəlladları 30-cu illərdə ana babası Hacı Yusifi digər iki din xadimi ilə birlikdə camaatın gözü qarşısında güllələyərək kəndin ortasındakı quyuda basdırmışdılar. Anası Nur xanım bu dərdə dözməyərək cavan yaşlarında vəfat etmişdi. Kolxoza daxil olmaqdan imtina etmiş atası İsmayıl kişi ağır təzyiqlərə məruz qalaraq həyat yoldaşının ölümündən dörd il sonra dünyasını dəyişmişdi. O zaman Məmmədəli müəllimin altı yaşı var idi. Böyük qardaşı İkinci dünya müharibəsindən qayıtmamışdı. Özü isə təhsil aldığı illərdə dəfələrlə repressiya tufanının şiddətlərinə məruz qalmışdı.

M.Paşayev 1943-cü ildə Muğanlı kənd yeddiillik natamam orta məktəbində,  sonra Zaqatala Pedaqoji Texnikumunda oxumuş, 1950-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirmişdir. Həmin ildə Azərbaycan EA-nın Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. Lakin o illərin siyasi ab-havası gənc alimə təhsil almaqda mane olmuşdu. O, sələflərinə görə aspiranturadan xaric edilmiş və yalnız üç ildən - haqq-ədalət yerini tutduqdan sonra həm təhsilini, həm də elmi-tədqiqat işini davam etdirmək imkanı qazanmışdı.

M.Paşayev 1958-1966-cı illərdə  Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifələrində işləmişdi. 1966-cı ildən isə fəaliyyətini pedaqoji işə həsr edərək Azərbaycan Dövlət İqtisad Universitetində çalışmağa başlamışdı. Onun elmi-pedaqoji fəaliyyəti 62 ilə yaxın bir dövrü əhatə edir ki, bunun da 46 ili ADİU-nun payına düşür. Orada müəllim, baş müəllim, dosent və professor vəzifələrində Azərbaycan tarixi, SSRİ tarixi, iqtisadi tarix və siyasi tarix fənləri üzrə mühazirələr oxuyub, seminar-məşğələlər aparmışdır. 75 məqalənin və iki monoqrafiyanın müəllifidir. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda sosial-sinfi mübarizə tarixinin ilkin şərtləri və formaları barədə elmi qənaətləri, irəli sürdüyü müddəalar daim mütəxəssislərin diqqətini çəkmişdir. Məmmədəli müəllimə iki universitetin - Azərbaycan Dövlət İqtisad Universitetinin və Odlar Yurdu Universitetinin elmi şuraları tərəfindən professor elmi adı və diplomu verilmişdir. Qazandığı elmi-pedaqoji nailiyyətlər nəzərə alınaraq ADİU-nun 80 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 

Məmmədəli müəllimin fəaliyyəti təkcə elmi işlə məhdudlaşmır. O, ən çətin günlərdə belə heç nədən çəkinmədən bölgələrimizi qarış-qarış gəzərək ünsiyyətdə olduğu insanların sosial çətinlikləri ilə yaxından maraqlanmış, ehtiyacı olanlara maddi-mənəvi dəstək olmuş, problemlərin kökündən həlli üçün prinsipiallıq göstərmişdir. Qarabağ və ətraf rayonların başı üzərini qara buludlar aldığı vaxtlarda müəllim yoldaşları ilə birgə reallaşdırdığı ezamiyyətlər də bu mənada çox əhəmiyyətlidir. 1990-cı ilin yayında Xankəndidə, Şuşada, Xocalıda, Malıbəylidə, Xəlfəlidə, Meşəlidə, Kərkicahanda sakinlərin yayşayış səviyyəsi, psixoloji durumu ilə yaxından tanış olmuş, get-gedə artan həyati təhlükələr və ərazi bütövlüyünə təhdidlər barədə həyəcan təbili çalmış, o zamankı respublika rəhbərliyinin həmin regionda yaşayan azərbaycanlılara biganə münasibətinə qarşı kəskin etirazını bildirmişdir. Ermənistan - Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif qəzetlərdə  məqalələrlə çıxış etmişdir.  

Məmmədəli müəllimin peşə fəaliyyətinin böyük hissəsi keçmiş Sovet İttifaqının tərkibində yaşadığımız dövrə təsadüf etsə də, artıq 20 ildir ki, o, müstəqil Azərbaycanın təhsil sisteminə öz töhfələrini verir, elmimizin sivil aləmə inteqrasiyasında iştirak edir, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarda yeni dünyagörüşlü tələbələrlə ünsiyyət qurur. Buna görə də özünü çox xoşbəxt sayır. Fəaliyyətinin imperiya dönəmində hər hansı bir səhvə yol vermədiyindən 85-ci zirvədən geri boylanmağa da təəssüflənmir, hələ o zamanlar Azərbaycan tarixinin tədrisində yol verilən saxtalıqların aradan qaldırılması barədə dəfələrlə məsələ qaldırıb və ulu öndər Heydər Əliyevin bu istiqamətdəki prinsipial mövqeyinə görə sevincini gizlətmir.  

Məmmədəli müəllim həyatı boyu həm özünə, həm həmkarlarına, həm də tələbələrinə qarşı tələbkar olub və bu xüsusiyyəti onun bir çox gənclərin taleyində həyati əhəmiyyət kəsb edib. İndiki kimi, ötən əsrin 70-80-ci illərində də tələbə olmaq istəyən gənclərin həyatında ən əlamətdar hadisələrdən biri qəbul imtahanı sayılırdı. Bu adı daşımaq istəyənlərin çox böyük axını qarşısında bəzən ədaləti, obyektivliyi tam qoruyub saxlamaq mümkün olmurdu. Çox vaxt imtahanların gedişinə müdaxilə edilir, nəticədə qiymətləndirmədə nizam-tərəzi pozulurdu ki, bu da əksərən xoşagəlməz halların yaranmasına gətirib çıxarırdı. M.Paşayev ötənləri belə xatırlayır: "O zaman abituriyentlər Xalq Təsərrüfatı İnstitutuna qəbul üçün riyaziyyatdan sonra SSRİ tarixindən qəbul imtahanı verdilər. Ali məktəbimizdə ilk dəfə siyasi iqtisad ixtisası üzrə 25 nəfərlik qrupun açılmasına icazə alınmışdı. İxtisas populyar olduğundan ərizə verənlər də çox idi. Qəbul imtahanı mənə və rəhmətlik Qəzənfər Qafarova tapşırılmışdı. Yerlərin 7-si hazırlıq şöbəsinin hesabına  tutulduğundan 18 yer uğrunda 85 abituriyent mübarizə aparırdı. Yaxşı yadımdadır, Məhəmməd Xəlilov adlı abituriyent dolğun biliyi, məntiqi və ardıcıl cavabı ilə diqqəti çəkirdi. Ona "yaxşı" qiymət yazmaq istəyirdilər. Lakin mən cavabın "əla"ya layiqliyini bildirdim. Komissiya sədri Seyfəddin Qəndilov məsələyə müdaxilə etdi. Seyfəddin müəllim daha iki müəllim çağırdı və xeyli sorğu-sualdan sonra abituriyentin biliyinə "əla" qiymət verildi".

M.Paşayev hazırda Vaşinqtonda təcrübəli mütəxəssis kimi çalışan, Azərbaycan, ingilis və rus dillərində bir çox elmi əsərlərin müəllifi olan Elşən Ələkbərovun da taleyində mühüm rol oynamışdır. O, qəbul imtahanında abituriyentə layiq olduğu qiymətin verilməsini israrla tələb etmişdir. Birinci kursu  əla qiymətlərlə başa vurduqdan sonra Elşən Ələkbərov Plexanov adına  Moskva İqtisad İnstitutuna köçürülmüş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Bir müddət Bakı İqtisad Universitetində işlədikdən sonra Moskvaya, məzunu olduğu ali məktəbin aspiranturasına qayıdaraq alimlik dərəcəsi almışdır. Elşən 1991-ci ildə Moskvanın tövsiyəsi ilə ABŞ-a gedərək Con Hopkins Universitetində Z.Bzejinskinin kafedrası üzrə  daha iki il hazırlıq keçərək "sertifikata" sahib olmuşdur. Azərbaycanlı alimin bugünkü uğurlarının əsasında Məmmədəli müəllimin prinsipiallığı mühüm rol oynamışdır.

Amma belə "qiyamçılıq" heç də hamının xoşuna gəlmirdi. Ona görə də Məmmədəli müəllim növbəti mövsümdən qəbul imtahanlarına çağırılmadı və yalnız 5 ildən sonra yenidən həmin fəaliyyətə dəvət olundu.

Professor M.Paşayevin təkcə ölkə mətbuatında deyil, xaricdə də çoxsaylı məqalələri, əsərləri işıq üzü görüb. Vaşinqton, Moskva, Tbilisi, Nyu-York, Nyu-Cersi və digər yerlərdə keçirilən nüfuzlu tədbirlərdə müxtəlif mövzularda məruzələri dinlənilib və görüşləri olub.

M.Paşayevin nəzəri cəlb edən xüsusiyyətlərindən biri də natiqlik qabiliyyətidir. O, nitqində özünəməxsus ifadələri, orijinal fikirləri ilə fərqlənir. Açıq diskussiyaya girməkdən çəkinmir, həmsöhbətlərini nəinki inandırır, hətta açıq etirafa məcbur edir. Elə tələbələrinin, yetişdirmələrinin də məntiqi təfəkkürünə, mühakimə bacarığına, danışıq məharətinə xüsusi diqqət yetirir. Söyləyir ki, qazanılan bilik bir xəzinədir və bu, səlis, əsaslandırılmış şəkildə indiki nəsillərə çatdırılmasa, bitkin cümlələrlə yazılıb gələcək üçün saxlanılmasa, bağlı qalar, əhəmiyyəti olmaz.

Məmmədəli müəllim gözəl ailə başçısı, xoşbəxt babadır. Ömür-gün yoldaşı Şərqiyə xanım da elm adamıdır. Filologiya üzrə mütəxəssisdir. Çoxsaylı məqalələrin və monoqrafiyaların müəllifidir. Əl-ələ verib iki övlad böyüdüblər, onların yüksək tərbiyə və təhsil almalarına nail olublar.

Hər ikisinin orta məktəbdəki nəticələri qızıl medala layiq görülüb. Gülşən xanım M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Altı xarici dil bilir. BDU-da, BMT-nin Bakı nümayəndəliyində çalışıb. Hazırda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor əvəzidir. Azərbaycan, ingilis, rus dillərində ölkədə və xaricdə onlarla məqalələri və monoqrafiyaları oxuculara yaxşı tanışdır.

Fikrət müəllim də MDU-nun həm tələbəsi, həm də aspirantı olub. İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Azərbaycan Xarici İşlər Nazirliyində, ABŞ-da - BMT-dəki nümayəndəliyimizdə birinci katib, səfirliyimizdə isə müşavir vəzifələrində çalışıb.

Məmmədəli müəllimin dörd nəvəsi var. Onlar da bu ailənin elm estafetini xarici ölkə universitetlərində layiqincə davam etdirirlər.

Xarakteri müsbət xüsusiyyətlərlə zəngin olan M.Paşayev bu gün də qaynar həyatdadır - auditoriyada tələbələrə mühazirələr oxuyur, elmi-publisistik məqalələr yazır, konfranslarda iştirak edir, problemlərə münasibət bildirir, ağsaqqal sözünü, nəsihətini verir.

 

Qurban CƏBRAYIL,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video