28 Fevral 2012 01:02
352
CƏMİYYƏT
A- A+

Öndə Ali Baş Komandan gedirdi

 

Bakı heç zaman belə möhtəşəm yürüş görməmişdi!

Bu yürüşün önündə Ali Baş  Komandan İlham Əliyev gedirdi!

Bu yürüşü dəstəkləyən bütün Azərbaycan  xalqı, dünya azərbaycanlıları idi!

Bu ümumxalq yürüş erməni faşistləri tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda insanlığa qarşı törədilən ən vəhşi və qəddar cinayətə, Xocalı soyqırımının 20 illiyinə  həsr olunmuşdu!

Hamı Xocalı qətliamının dünya tərəfindən tanınmasını tələb etmək üçün bir araya gəlmişdi!

Hamı kədərli və hüznlü görünürdü.

Hamı inamlı və güvənli görünürdü.

 

Üzlərdə hüzn və kədərlə yanaşı, müqəddəs bir nifrət, qəzəb, heyrət, etiraz və qətiyyət də açıq-aydın sezilirdi!

MÜQƏDDƏS NİFRƏT öz vətənini, torpağını sonsuz məhəbbətlə sevənləri yalnız azərbaycanlı, türk və müsəlman olduğuna görə xüsusi qəddarlıq və amansızlıqla 613 xocalılını, 63 nakam körpəni və uşağı, 106  zəif və köməksiz qadını alçaqcasına qətlə yetirənlərə, XX əsrin ən dəhşətli  soyqırımlarından birini törədən erməni faşistlərinə ünvanlanmışdı!

QƏZƏB sərsəm ideyalarla yaşayanlara, insanlığa qarşı cinayətləri məkrli şəkildə dəstəkləyənlərə, haqqı nahaqqa verərək ədaləti ayaq altda tapdalayanlara  tuşlanmışdı!

HEYRƏT lazım bildiyi vaxtda, hətta bir günün ərzində belə "icra mexanizmi" taparaq işə salan, 20 ildən çox müddətdə isə 4 qətnaməsinin yerinə yetirilməsində  acizlik göstərən millətlərin birləşdikləri təşkilata yönəlmişdi.

ETİRAZ sözü ilə əməli üst-üstə düşməyən, əlində alətə çevirdiyi ikili   standartlarla dinc dünyaya qan, ölüm, müharibə və fəlakət gətirən, demokratiya adı ilə ayrı-ayrı dövlətlərin milli sərvətlərini ələ keçirməyə çalışan və bu yolda   dünyanın neçə-neçə yerlərində Xocalı soyqırımı kimi cinayətlər törədən və belə  qətliamlara göz yuman dövlətlərə və qurumlara qarşı səslənirdi!

QƏTİYYƏT öz ifadəsini ümumxalq kədərinə qalib gəlməyi bacaran xalqın  birliyində və yekdilliyində tapmışdı!

Bu ümumxalq yürüşündə iqtidar, müxalifət, bitərəf  bölgüsü və cəbhələşməsi yox idi! Düşmənə qarşı vahid cəbhədə birləşən xalqın iradəsi hər şeyə üstün gəlmişdi! Bütün zümrələrin təmsilçiləri vardı: dövlət  məmurları, millət vəkilləri, elm adamları, təhsil işçiləri, qeyri-hökumət təşkilatları, müharibə veteranları və əlilləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının nümayəndələri, tələbələr və gənclər, ölümün pəncəsindən qurtarmış, sağ qalmış xocalılılar... Bir də soyqırımına məruz qalmış 613 nəfər xocalılı - adları, soyadları və yaşları göstərilən transparatlarla, intiqam tələb edən ruhları ilə!

Gənclərin çoxu üçün bu, ilk izdihamlı aksiya idi. Onların səsləndirdikləri çağırış və şüarlar da haqsızlığa qarşı idi:

"Şəhidlər ölməz, vətən bölünməz!"

"Xocalıya ədalət, erməniyə nifrət!"

"Dünya susur, tarix susmayacaq!"

Bu yürüş matəm yürüşü sayılsa da, əslində İRADƏ NÜMAYİŞİ yürüşü adlandırılmağa daha çox layiqdir!

Çünki yürüş iştirakçılarında:

ÜMİDSİZLİK görünmürdü! Bu, Azərbaycanın sürətli və davamlı inkişafından doğan tarixi gerçəklikdən qaynaqlanır. Azərbaycan daha ötən əsrin 90-cı illərinin əvvəllərində, müstəqilliyin ilk illərindəki kimi zəif, xaos və anarxiya girdabında çabalayan, iqtisadiyyatı böhran yaşayan dövlət deyil! Artıq onun büdcəsi 20 milyardı keçib, güclü və modern ordusu var, Qafqazın ən güclü dövlətinə, söz sahibinə çevrilib!

ZƏİFLİK və GÜCSÜZLÜK azacıq da olsa belə sezilmirdi! Artıq Azərbaycan beynəlxalq qurum və təşkilatların üzvüdür, Avropanı enerji resursları ilə təmin edən ölkələrdən biridir! Azərbaycan dünyada nüfuz sahibinə çevrilib, 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik   Şurasına qeyri-daimi üzv seçilib!

TƏNHALIQ hissindən sıxılan da yox idi! Artıq dünya Xocalı həqiqətlərindən xəbər tutur, insanlığa qarşı yönəldilmiş bu qanlı cinayətin təşkilatçılarının və icraçılarının ədalət mühakiməsinə cəlb olunması, qanunla cəzalandırılması yönümündəki səylərini dəstəkləyir!

Bir neçə il öncə dövlət başçısı cənab İlham Əliyev tərəfindən elan edilən "hücum diplomatiyası" öz bəhrəsini verməkdədir. Bu "qara yubiley" ərəfəsində dünyanın 50-dən çox ölkəsində Xocalı ilə bağlı aksiyalar keçirilib. Heydər Əliyev Fondu tərəfindən sistemli və məqsədyönlü şəkildə aparılan "Xocalıya ədalət" kampaniyası bütün dünyanı bürümüşdür. 56 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını "insanlığa qarşı cinayət" kimi qiymətləndirib. Meksika və Pakistan parlamentləri Xocalı qətliamını tanımaq barədə qərar qəbul edib. ABŞ-ın Texas ştatı Xocalıda insanlığa qarşı cinayət törədildiyini etiraf edib və bu qırğını pisləyib. Bu ərəfədə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə "Dostluq parkı"nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı oldu, İstanbul şəhərində on minlərlə insanın iştirak etdiyi böyük aksiya keçirildi. Bütün Türkiyə mediası soyqırımı tədbirlərinə geniş yer ayırdı. Dünyanın bir çox ölkələrinin KİV-i bu cinayət barədə yazdı, insanlar məlumatlandırıldı.

Fevralın 26-da Bakıda baş tutan möhtəşəm ümumxalq yürüşü indiyədək görülən işlərin yekunu yox, yeni keyfiyyət mərhələsinə keçidin başlanğıcı sayılır!

İndiyə qədər ölkə daxilində və xaricdə soyqırımının dünya ictimaiyyətinə qəbul etdirilməsi yönündə xeyli iş görülmüşdür. Belə ki, soyqırımı əməlini sübuta yetirəcək çoxsaylı faktlar araşdırılmış, zərərçəkmişlərin və şahidlərin ifadələri toplanmış, xeyli miqdarda kitablar yazılaraq xarici dillərə tərcümə olunmuşdur. Xalqımıza qarşı törədilmiş ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsadətlər qaldırılması məqsədilə 18 dekabr 2003-cü ildə Azərbaycan Respublikası baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin Xocalı soyqırımı epizodu üzrə 3000 nəfərə qədər şəxs şahid və zərərçəkmiş qismində dindirilmiş, 2000 nəfərə yaxın şəxs zərərçəkmiş şəxs qismində tanınmış, 800-dən artıq müxtəlif ekspertizalar keçirilmişdir. Ölkə daxilində yaşayan və xaricdə təhsil alan Azərbaycan gəncləri Xocalı həqiqətlərinin qəbul etdirilməsi uğrunda fəal hərəkata qoşulmuşlar. Onlar internet saytlarında, kütləvi aksiyalarda daim iştirak etməklə bu gərgin mübarizəyə töhfələrini verirlər.

Xocalı soyqırımının 20 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciətində bəyan etmişdir: "Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır".

Şübhə etmirik ki, növbəti yürüşlərdən biri tezliklə doğma Qarabağa, şəhid Xocalıya yön alacaqdır. Hansı formada keçirilməsindən asılı olmayaraq, həmin yürüşü dünyada sülhü və ədaləti sevən, insanlığa qarşı soyqırımlarını qəbul etməyən, separatçılığın bütün formalarını rədd edən beynəlxalq qurum və təşkilatlar, sağlam qüvvələr müdafiə edəcəklər.

Bu yürüş həm də dünyada uzun müddət mövcud olmuş və yalnız sivilizasiyaların qarşıdurmasına xidmət edən ikili standartların aradan qaldırıldığının nümayişi olacaqdır.

Şübhəsiz, həmin yürüşün də önündə Ali Baş Komandanımız cənab İlham Əliyev gedəcəkdir!..

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video