30 Oktyabr 2011 12:10
277
Mədəniyyət
A- A+

Ömrü örnəyə çevrilmiş qəhrəman

 

65 il bundan öncə faşizm üzərində çalınmış tarixi qələbədə Azərbaycan xalqının təkcə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş oğullarının deyil, sıravi döyüşçülərinin də misilsiz xidmətləri olmuşdur. Həzi Aslanov, Qafur Məmmədov, Hüseynbala  Əliyev, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Mehdi QuliyevE kimi Azərbaycan oğulları adlarını  II Dünya müharibəsinin tarixinə qızıl hərflərlə yazıblar. Həmin müharibədə 250 min nəfər azərbaycanlı döyüşərək həlak olmuş, faşizm üzərində qələbədə Azərbaycan xalqını qəhrəmanlıqla təmsil etmişdir. Xalqımızın ünvanına şərəf gətirən belə igidlərin hünəri gənc nəsildə vətənpərvərlik duyğularının gücləndirilməsində mühüm amillərdən sayılır.

Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyev də ömrü örnəyə  çevrilmiş igidlərimizdən olub. Belə vətənpərvərlərin  keçdiyi döyüş yollarından söz açan xatirələr toplanmış bədii-publisistik əsərlər ən dəyərli yadigarlardan sayılmalıdır. Adları qəhrəmanlıq səhifələrinə yazılmış belə igidləri təkcə Azərbaycan xalqına deyil, dünyaya təqdim etmək istiqamətində  aparılan təbliğat formasının biri də onların şücaəti haqqında yeni-yeni əsərlər yazmaq, kinofilmlər lentə almaqdır. Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru,  yazıçı-jurnalist Məmmədağa Sərdarovun  redaktorluğu və ön söz müəllifliyi ilə çapdan buraxılan "Ölməzlik nümunəsi" xatirələr kitabında da Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin şərəfli ömür yolunu göstərən faktlar toplanmışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Emin Sərdarovun  tərtib etdiyi yeni nəşr xalqımızın cəsur, qorxmaz, igid, vətənpərvər övladlarından birini təqdim etmək məqsədi daşıyır.

Mehdi Quliyevin öz dəst-xətti ilə yazdığı tərcümeyi-halından:  "1923-cü ildə Gədəbəy rayonunun Əriknaz kəndində yoxsul kəndli ailəsində anadan olmuşam. 1930-cu ildən 1940-cı ilədək Gədəbəy rayonunun Kiçik Qaramurad kənd orta məktəbində oxumuş və orada X sinfi bitirmişəm"...

Bu, əlbəttə, Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin keçdiyi həyat və döyüş yolunun başlanğıcını göstərən sətirlərdəndir.

Sonralar  faşizmə qarşı mübarizə aparan xalqlar da, bizim kimi, Mehdi Quliyevin  vətənpərvərliyindən, igidliyindən, şücaət və qorxmazlığından, nəhayət, qəhrəmanlığından danışacaqlar. 1942-ci ildə ordu sıralarına çağırılan Mehdi Quliyevin döyüş yolları Orconikidzedəki 10-cu Hava desant məktəbindən başlayıb. 1943-cü ilin yanvarından 1944-cü ilin mart ayınadək Şimali Qafqaz cəbhəsində 2-ci Qvardiya diviziyasının 15-ci atıcı polkunda pulemyotçu qrupunun  komandiri olan Mehdi Quliyev döyüşlərdə  dəfələrlə  ölümlə üz-üzə gəlsə də, düşmənə aman  vermədi, faşistlərin hücumlarının qarşısının alınmasında şücaətlər göstərdi. Onun  döyüşkənliyi və igidliyi komandanlıq tərəfindən  dəfələrlə yüksək qiymətləndirilərək ona Sovet İttifaqı Qəhrəmanı fəxri adının verilməsi məsələsi qaldırıldı. Azərbaycanlı cəsur döyüşçünün qəhrəmanlığı barədə Böyük Vətən müharibəsi dövrünün mətbuat səhifələrində də məqalələr dərc edilib. Nəşrlərdən biri də  1944-cü ildə Azərbaycan dilində çap edilən, "Vətən müharibəsi qəhrəmanları" seriyasından olan vərəqədir.  Mehdi Quliyevin Sovet İttifaqı Qəhrəmanı adına  necə layiq görülməsi barədə həmin vərəqədə yazılıb: "Kerç boğazını keçdiyinə, Kerç yarımadasında əməliyyat meydanını tutduğuna, bu vaxt igidlik və qəhrəmanlıq göstərdiyinə görə qvardiyaçı kiçik serjant Mehdi Nadir oğlu Quliyevə SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 noyabr 1943-cü il tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı  verilmişdir". O bu yüksək fəxri ada layiq görüləndə cəmi 20 yaşı var idi.

Atəş mövqeyində dağ qartalını xatırladan Mehdinin qorxmazlığı və cəsurluğundan söz açılan həmin vərəqədə göstərilir ki, o, harada döyüşübsə, ora düşmən ayaq basa bilməyib, əksinə, mövqelərini tərk etmək məcburiyyətində qalıb. İki dəfə "Qırmızı Ulduz" ordeni, "II dərəcəli Vətən Müharibəsi" ordeni və "İgidliyə görə" medalı ilə təltif edilmiş Mehdi Quliyev faşizm üzərində qələbə çalınmasında xüsusi əməyi olan Azərbaycan oğlu kimi tanınmışdır.

Ağır yaralanmasına baxmayaraq, faşistlərin çox qorxduğu "Maksim" pulemyotunu tərk etməyən Mehdinin cəsurluğunu görən diviziya komandiri onun nəyə görə hospitalda yatmadığını, kimin ona döyüşlərə qayıtmasına əmr  verdiyini soruşduqda o, "xəstəxana xəstələr üçündür, mən isə yaralıyam, qorxmuram, burada lazımam, orada yox", - deyə əsl Vətən oğlu olduğunu bir daha sübut etmişdir. Bu, həmin döyüşlər idi ki, onda Mehdi Quliyev faşistləri lap  ikiaddımlığa qədər buraxaraq onları biçib-tökmüş, əks hücumla strateji yüksəkliyi ələ keçirmişdilər. Bununla da düşmənin  pərən-pərən salınmasının əsası qoyulmuşdur.

Məsələ bundadır ki, hələ  keçmiş sovetlər dövründə Azərbaycan xalqının belə igid və döyüşkən oğul-qızlarının adları olduqca qısqanclıqla çəkilmiş, onların yalnız bir-iki nəfəri barədə sənədli, yaxud bədii əsərlər qələmə və ya lentə alınmışdır ki, bunun da  "müəyyən səbəblər"i var idi. Lakin müstəqillik illərində bir daha ötənlərə, tarixin dünənki səhifələrinə nəzər saldıqda aydın olur ki, xalqımızın vətənpərvər  övladlarının döyüşkənliyinə kölgə salmağa çalışsalar da,  zaman keçdikcə haqq, ədalət zəfər çalmışdır. Mehdi Quliyevin də keçdiyi şərəfli  döyüş yollarında  göstərdiyi igidlik  onun haqqında toplanmış rəsmi sənədlər əsasında qələmə alınmış "Ölməzlik nümunəsi"ndə geniş və dolğun əks olunur.

Polis polkovniki Sabir Quliyev də sonralar, atasının  döyüşlərdə keçən ömür  yolundan, onun qəhrəmanlığından və  göstərdiyi şücaətdən söz açaraq deyəcəkdi: "...Əlli üç yaşı tamam olacaqdı. Ancaq amansız ölüm hər şeyi alt-üst etdi. Arzuları yarımçıq qaldı. Həyat fəlsəfəsini dərk etməmiş atamın qəfil ölümü məni sarsıtdı. 1976-cı il yanvar ayının 25-dən 26-na keçən gecə anamın çöhrəsində böyük narahatlıq hiss etdim. Evdə telefon işləmədiyindən, dərhal aşağı düşüb evin tinindəki avtomat telefondan təcili yardıma zəng etdim. Təcili yardım gəlib çatanda artıq  gec idi..."

Mehdi Quliyevin keçdiyi döyüş və həyat yolu sonrakı  nəsillər üçün örnəyə çevrilmişdir. Torpaq uğrunda qanlı döyüşlərdə göstərdiyi igidliyə görə seçilən, Vətəninə  şərəf, həmyerlilərinə başucalığı gətirən Mehdi Quliyevin əziz xatirəsi doğmalarının da yaddaşına əbədi həkk olunub. O, təkcə yaddaşlara yazılmayıb.  Məzarı Bakıda ikinci Fəxri xiyabanda  ziyarət yerinə çevrilən Mehdi Quliyev həm də 1994-cü ilin dekabr ayından Gədəbəy şəhərində mərmər büstə çevrilərək  tər çiçək dəstələri ilə həmyerliləri tərəfindən həmişə yad edilir.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video