02 Oktyabr 2021 00:37
1014
İQTİSADİYYAT
A- A+

Ölkənin müxtəlif rayonlarında aqroparkların yaradılması davam edir

 

“Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda tədbir keçirilib

 

İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə “Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri İnam Kərimov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılov, həmçinin aidiyyəti dövlət qurumlarının və aqrar sektorda aparıcı şirkətlərin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov aqroparkların kənd təsərrüfatında, ümumilikdə ölkə iqtisadiyyatında rolunu qeyd edib, onların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirləri - aqrar sektora vergi güzəştləri, subsidiya və güzəştli kreditlərin verildiyini, lizinqə verilən texnika və avadanlıqlara görə güzəştlərin tətbiq edildiyini diqqətə çatdırıb. Bildirilib ki, hazırda ölkənin 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir. Belə ki, 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, Nazirlik tərəfindən 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəşt əldə ediblər. Bu günədək aqroparklara 1 mlrd. manatdan çox özəl investisiya qoyulub. Nazir qeyd edib ki, aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. İndiyədək aqroparklarda ümumi olaraq 5000-dək insan daimi, 4500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edilib ki, torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün aqroparklar innovativ və əlverişli mexanizmdir. Bu baxımdan aqroparkların ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu gücləndirilməli, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməlidir.

Kənd təsərrüfatı naziri İnam Kərimov əkin torpaqlarından səmərəli istifadə edilməsi və ekoloji təmiz məhsul istehsalının genişləndirilməsində aqroparkların əhəmiyyətini vurğulayıb, aqroparkların fəaliyyətində səmərəliliyin artırılmasının vacibliyini qeyd edib və bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən danışıb.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılov istehsal və suvarma sistemlərində mütərəqqi texnologiyaların tətbiqi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev ölkədə fəaliyyət göstərən aqroparkların fəaliyyətinə dair təqdimatla çıxış edib.

Sonra aqropark təmsilçiləri ilə müzakirələr aparılıb, sualları cavablandırılıb. Sahibkarlar su çatışmazlığı, aqrar sığorta, torpaqların təyinatının dəyişdirilməsi, yol infrastrukturunun olmaması, mütəxəssis çatışmazlığı, qanunsuz balıq göllərinin fəaliyyəti nəticəsində torpaqların şoranlaşması, su nasoslarının yenilənməsi, yeni yarımstansiyaların tikintisi və s. məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video