13 Fevral 2021 00:30
1069
Təhsil
A- A+

Ölkəmizdə qadınların savadlılıq səviyyəsi yüksəkdir

 

Birinci vitse-prezident Mehriban ƏLİYEVA: “Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54, fəlsəfə doktorlarının 51, elmlər doktorlarının 46 və elmi tədqiqatçıların 56 faizini təşkil edir”

 

Zəkası, müdrikliyi, sədaqəti ilə hər zaman xalqımızın adını uca tutan Azərbaycan qadını cəmiyyətimizin ən aparıcı qüvvəsinə çevrilib. Dünya elm və mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Bu gün də həmin tendensiya davam etməkdədir. Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları və  xidmətləri qədim tariximizin səhifələrini zənginləşdirib.

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir. Burada qadınlarımızın və qızlarımızın payına düşən rəqəmlər də ürəkaçandır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54, fəlsəfə doktorlarının 51, elmlər doktoru dərəcəsinə malik olanların 46 və elmi tədqiqatçıların 56 faizini təşkil edirsə, demək, xalq təsərrüfatının inkişafında da zəriflərimizin zehni əməyi yüksəkdir. Daha diqqətçəkən faktlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizinin qadınlardan ibarət olmasıdır.

Qloballaşan və sürətlə dəyişən dünyamızda qızların da təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara  uyğun olmalıdır. Müqayisə üçün qeyd edək ki, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Azərbaycanda isə bu rəqəm 40 faizdir. Bu o deməkdir ki, ölkəmizdə həmin sahələr üzrə rəqəmlər orta dünya göstəricisindən 5 faiz çoxdu. Hansı ki, elə  ölkələr var, nəinki orta dünya göstəricisinə yaxındır, hətta ondan dəfələrlə aşağı rəqəmlərə malikdir.

ISESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gün münasibətilə fevralın 11-də videokonfrans formatında keçirilən tədbirdə çıxış edərkən Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bir daha qeyd etdi ki, qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiya zərurətə çevrilib. Elm və gender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” də daxil, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir: “Mən islam mədəni irsinin qorunması və müsəlman dünyasında təhsil və elmin təşviqi ilə bağlı İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının nəcib missiyasını təqdir edir və Azərbaycan ilə ISESCO arasında məhsuldar əməkdaşlığı minnətdarlıqla qeyd edirəm...”

İlk olaraq belə bir mötəbər tədbirdə fəxri qonaq qismində iştirak üçün nəzakətli dəvətə görə Baş direktora təşəkkürünü bildirən Birinci vitse-prezident bunu böyük şərəf və Azərbaycan qadınlarının təhsil və elmdə iştirakının inkişafı ilə bağlı ölkəmizin yürütdüyü siyasətin yüksək qiymətləndirilməsi kimi dəyərləndirdi. Mehriban xanım  Əliyeva çıxışında qeyd etdi ki, bu, yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil. Həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir. Bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alimə, həkim və səhiyyə işçilərinə ehtiram ifadə olunmalıdır. Biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı, səhiyyə sahəsində çalışan, xalqımızın sağlamlığının keşiyində dayanan incə qəlbli, zərif  barmaqlı, ağ xalatlı qadınlarımızla fərəhlənə bilərik.

“...Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, bir əsrdən öncə, sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm”, - deyən Birinci vitse-prezident, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım onu da vurğuladı ki, Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür: “Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır...”

Tədbirdə qeyd edildiyi kimi, bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib. Onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl örnəkdirlər. Lakin bu gün ən vacib məsələ qızların və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır.

Birinci vitse-prezident bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başlanılan “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını  xatırladaraq qeyd etdi ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması, onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir: “ISESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm. Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır”.

Ölkənin birinci xanımı Mehriban Əliyeva fürsətdən istifadə edərək, Ermənistanın işğal etdiyi ərazilərimizin 30 ildən sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötənilki 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə ISESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim əl-Malikə dərin minnətdarlığını ifadə etdi. Mehriban xanım bildirdi ki, bir ay bundan əvvəl Azərbaycan Prezidentinin dəvətinə əsasən Baş direktorun rəhbərliyi ilə ISESCO-nun nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Qonaqlar işğaldan azad olunmuş bəzi ərazilərə səfər etmək imkanı qazanıb və onlarca məscidlərimizin təhqir, yüzlərlə tarixi abidəmizin dağıdılması daxil olmaqla, ümumi dağıntı və vandalizmin miqyasının şahidi olublar: “Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ISESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda ISESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər”.

ISESCO-nun Baş direktoru Salim əl-Malik videokonfransa dəvəti qəbul edib məzmunlu çıxış etdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təşəkkürünü bildirərək xüsusi vurğuladı ki, əmin ola bilərsiniz, ISESCO elm, təhsil, mədəniyyət sahələrində bütün üzv dövlətlərə dəstəyini göstərəcək.

Tədbirdə çıxış edənlər qlobal səviyyədə təhsil sahəsində mövcud boşluğun aradan qaldırılmasının, bu sferada gender bərabərliyinin təmin edilməsinin vacibliyini vurğuladılar. Bildirdilər ki, gənc qızların elmlə məşğul olmalarını, qadınların elm sahəsində karyerasını düzgün qurmalarını təmin etmək mühüm məsələdir. Qeyd edildi ki, bəşəri problemlərin həlli üçün qadınlar daha çox elmə cəlb olunmalı, inklüziv və keyfiyyətli təhsillə təmin edilməlidirlər. Bu, onların gələcək karyeraları və cəmiyyətdə iştiraklarının fəallıq əmsalının da yüksəldilməsi deməkdir.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video