22 Avqust 2021 01:09
2099
SİYASƏT
A- A+

Ölkəmiz möcüzələr yaradaraq dünyanı təəccübləndirir

 

Prezident İlham Əliyev Azərbaycanı yüksək strateji hədəflərə çatdıracaq

 

Azərbaycan öz yüksəlişi ilə dünyanı təəccübləndirməyi bacarır. Parlaq uğurlara diqqət və heyrət cəlb edir. Bu təcrübənin öyrənilməsinə, başqa ölkələrdə, cəmiyyətlərdə də unikal addımların tətbiqinə meyil yaradır. Bunlar dünyanın inkişafının hərəkətverici qüvvələrindən birinə çevrilmək, tərəqqinin mərkəzində olmaq deməkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət çoxlarının xəyal etmədiklərini belə gerçəkliyə çevirir. Bizim ən böyük uğurumuz ondadır ki, özümüzü novatorluğa, dəyişikliklərə vaxtında hazırlaya bilmişik. Dövlət başçısı yürütdüyü məqsədyönlü siyasət sayəsində respublikamız dünyanın dəyişən meyillərini gecikmədən, vaxtında qarşılayır. Ona görə də bu gün Azərbaycan bir çox dövlətlərdən fərqli olaraq qlobal dəyişikliklərin kənar seyrçisi deyil, həmin dəyişiklikləri yaradanlardandır. İnkişaf proseslərini irəli aparanlardandır. Onu yeni mütərəqqi təcrübələrlə zənginləşdirənlərdəndir. Ortaya qoyduğu parlaq nümunələrlə başqaları üçün də model təqdim edənlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyev Laçın və Kəlbəcər rayonlarına səfəri zamanı Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra indiki mərhələdə qarşıda duran əsas vəzifələri, hədəfləri açıqladı. Bunlar Vətən müharibəsinin nəticələrinin daha da möhkəmləndirilməsi, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizin gücləndirilməsi, azad edilmiş torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, keçmiş məcburi köçkünlərimizin dədə-baba yurdlarımıza qayıdışının həyata keçirilməsidir.

Prezident İlham Əliyevin ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birgə Laçın və Kəlbəcər rayonlarına səfərləri də elə bu məqsədlərə xidmət edir.

 

Ruh yüksəkliyi

 

Onlar Kəlbəcərə Ömər aşırımını keçərək gəldilər. Ali Baş Komandanın belə bir yüksəklikdən Azərbaycan xalqını bir daha Zəfər münasibətilə təbrik etməsi səfərin simvolik məqamlarından sayıla bilərdi. Həmin an dövlət rəhbərinin Ömər aşırımının ən hündür yerində qərar tutması təkcə coğrafi məkan anlamına gəlmirdi. Bu, Azərbaycan xalqının ruh yüksəkliyidir.

Onu da qeyd edək ki, Kəlbəcərə aparan yol son bir neçə ay ərzində genişləndirilib. Ona qədər buralar demək olar ki, keçilməz idi. Hazırda yol boyunca tunellər tikilir və hazır olduqdan sonra Azərbaycanın ən dilbər guşələrindən olan Kəlbəcərə gediş-gəliş xeyli asanlaşacaq. Səfər zamanı Azərbaycan Prezidenti və Mehriban xanım Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində, Murovdağda inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər.

Ümumiyyətlə, azad edilmiş torpaqlarımızda yol infrastrukturunun qurulması indiki mərhələnin əsas prioritetlərindəndir. Tarixən ərazilərin inkişafı, dirçəlişi yollardan başlanıb. Çəkilən yollar tezliklə Qarabağı və Şərqi Zəngəzuru da dinamik inkişafın axarına qovuşduracaq.

 

Əbədi məskənimiz

 

Prezident İlham Əliyevin tarixi torpaqlarımızdan olan Basarkeçər rayonuna aparan yolda indiki Ermənistan ərzisindəki tarixi yurd yerlərimiz, o cümlədən Basarkeçər rayonu, Göyçə mahalı haqqında səsləndirdiyi fikirlər də böyük aktuallıq kəsb edirdi.

Dövlət rəhbəri media nümayəndələrindən və ümumən, hər kəsdən istədiyi o oldu ki, bu bölgə ilə bağlı reportajlar hazırlayanda, toponimlərdən istifadə edəndə məhz Basarkeçər adından istifadə olunsun. Prezident indiki Ermənistan ərazisindəki bütün qədim yurd yerlərimizin əsl adları ilə çağırılmasının zəruriliyini bildirdi. Azərbaycan Prezidentinin yolboyu ermənilərin müharibədən əvvəl Qarabağa və Şərqi Zəngəzura yol infrastrukturu planları barədə verdiyi izahlar isə işğalçı qonşularımızın daha bir hərbi cinayətinin və onların havadarlarının bu cinayətə məqsədli şəkildə göz yummasının ifşası idi. Dövlət başçısı izah etdi ki, Ermənistan rəhbərləri Cəbrayıla aparacaq üçüncü yolu çəkməklə Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək istəyiblər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaqdan ibarət olub, bu isə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşıb. Ermənistana heç bir irad tutulmayıb. Onları bu işlərdən çəkindirməyə cəhd etməyib. “O vaxt bu yol çəkiləndə biz etirazımızı bildirmişdik. Biz səsimizi qaldırmışdıq, biz demişdik ki, buna yol vermək olmaz, Azərbaycan ərazisində qanunsuz işlər aparıla bilməz. Ancaq bizi eşidən yox idi. Amma bu gün mən gəlmişəm, həmin yolun üstündə durmuşam və biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq”, - deyə Azərbaycan Prezidenti bəyan etdi.

 

Milli hədəflərə aparan yollar

 

Kəlbəcərə aparan yollar da ermənilərin viran qoyduqları, hətta Qələbəmizdən sonra ərazini tərk edəndə də yandırıb tar-mar etdikləri evlərin, binaların, bir sözlə, barbarlıq mənzərələrinin əhatəsindən keçirdi. Onların xarabaya çevirdiyi məkanlara Azərbaycan dövləti indi abadlıq gətirir. Müasir infrastruktur qurulur. Başqa yaşayış məskənlərimiz kimi, Kəlbəcərin, Laçının da inkişafı üçün lazımi addımlar atılır. Səfər zamanı Azərbaycan Prezidenti Kəlbəcər Kiçik Su - Elektrik Stansiyasında görülən işlərlə tanış oldu. Ermənilər tərəfindən dağıdılaraq yandırılan “Kəlbəcər-1” Kiçik Su - Elektrik Stansiyası tam yenidən tikilir və işlərin qarşıdan gələn aylarda başa çatdırılması planlaşdırılır. “Kəlbəcər” yarımstansiyası isə cəmi altı ay ərzində inşa edilib və bu gözəl məkanı elektrik enerjisi ilə təmin edəcək. Dövlət rəhbəri yarımstansiyanı işə saldı. Daha sonra isə Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoydu.

Səfərin daha bir tarixi məqamı isə Laçın rayonunun Qorçu kəndi ərazisində inşa ediləcək hava limanının təməlinin qoyulması oldu. Bu hava limanı bir neçə cəhətdən əhəmiyyətlidir. İlk növbədə, belə bir hava limanı bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, böyük turizm potensialına malik regionun qapılarını dünyaya açacaq.

Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın hava limanı logistik mərkəzlərin yaradılmasında əhəmiyyətli rol oynayacaq. Onu da qeyd edək ki, bu, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq. Hava limanında 6 təyyarə dayanacağının inşası aparılacaq. Laçın hava limanının təməlinin qoyulması, Azərbaycan Prezidentinin azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanının tikiləcəyi barədə hələ aylar əvvəl söylədiklərinin artıq reallıqda öz təsdiqini tapmasıdır. Hazırda Füzulidə və Zəngilanda hava limanlarının tikintisi həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonu, gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Zəngilan Hava Limanı çox güman ki, 2022-ci ildə ilk təyyarələri qəbul edəcək.

Təməli qoyulan Laçın hava limanı isə, dövlət rəhbərimizin də qeyd etdiyi kimi, dünya tarixində belə bir relyefdə inşa olunan bəlkə də ilk hava limanıdır. Bunu, həqiqətən, möcüzə də saymaq olar. Çünki keçmişdə relyeflə və bu işin böyük məsrəfləri ilə bağlı olaraq Kəlbəcər-Laçın zonasında heç vaxt hava limanı tikilməyib. Müstəqil Azərbaycan dövləti isə möcüzələr yaratmaq qüdrətindədir. Azərbaycan Prezidenti azad edilmiş yurdlarımızda tikilən hava limanlarının hərbi əhəmiyyətinə də toxundu: “Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək”.

 

Torpağın bərəkəti qayıdır

 

Səfər zamanı Azərbaycan Prezidentinin, Mehriban xanım Əliyevanın Kəlbəcərə qayıtmış arıçılarla səmimi söhbətləri də böyük maraq doğurdu. Sadə zəhmət adamlarının bu torpaqlara qayıtması, gündəlik iş-gücləri ilə məşğul olması o deməkdir ki, artıq azad yurdlarımızda həyat bərpa olunur. Bu yerlər dirçəlir, insan həniri, səsi, nəfəsi torpağın bərəkətini, əvvəlki şan-şöhrətini özünə qaytarır.

Dövlət rəhbəri Kəlbəcərin mərkəzində bayrağımızı ucaldandan sonra etdiyi çıxışında Vətən müharibəsinin, qazandığımız zəfərin mükəmməl qiymətini verdi. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbənin olmadığını vurğuladı və bunun gələcək nəsillərə çatdırılması üçün mühüm vəzifələri müəyyənləşdirdi: “Müharibənin gedişatı hər kəsə məlumdur. Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar”. İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir!

 

Erməni faşizmini unutmamalıyıq

 

30 ilə yaxın işğalda qalan torpaqlarımızın azadlığı ilə nəticələnən, Azərbaycan xalqının milli qüruruna çevrilən, başımızı ucaldan, ruhumuzu yüksəldən bu Qələbə həm də ermənilərin uydurduqları mifləri darmadağın etməsi ilə önəmlidir. Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusilə toxunaraq dedi: “Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün... İkinci mif ondan ibarət idi ki, erməni əsgəri “cəsur”dur və istənilən müharibədə qalib gələ bilər. Biz bu mifi də darmadağın etdik. Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur... Növbəti mif isə o idi ki, azərbaycanlılar öz torpaqları uğrunda vuruşmayacaqlar, onlar bu vəziyyətlə barışıblar və əgər otuz ilə yaxın müddət ərzində müharibə başlamayıbsa, bundan sonra da başlamayacaq. Bu mifi də biz dağıtdıq... Növbəti mif onların dırnaqarası “sərkərdələri” ilə bağlı idi. Guya, Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər... Erməni mifologiyasının biri də o idi ki, guya, ermənilər qədim tarixə, mədəniyyətə malikdirlər və burada “vəhşi müsəlmanlar” arasında qalıblar. Guya ki, o, Qafqazda mədəniyyətin ocağıdır, beşiyidir, yaxud da son məntəqəsidir. Onların mədəniyyəti, bax budur. Bax bu binalardır, qazılmış qəbirlərdir, dağıdılmış məscidlərdir. Bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib. Özü də Birinci Qarabağ müharibəsi dövründə yox, müharibədən sonra, məqsədyönlü şəkildə, barbar kimi, vəhşi kimi, vandal kimi, bir-bir evlərin kərpiclərini, daşlarını söküb aparıb özləri üçün daxmalar tikiblər”.

İkinci Qarabağ müharibəsi cənnət yurdlarımızı havadarlarının əli ilə zəbt edən azğın düşmənin özü haqqında yaratdığı mifləri məhv etdi. Göründü ki, Azərbaycan Ordusunun qüdrəti qarşısında Ermənistanın quldur birləşmələrinin cəmi bir neçə günlük gücü varmış. Azərbaycan igidləri qısa zaman ərzində işğalçı ölkənin bütün ordusunun axırına çıxdılar. Onları torpaqlarımızdan qovdular. Bu iflasdan sonra Ermənistanın yenidən özünə ordu yarada bilməsi üçün onilliklər lazımdır. Üzləşdiyi demoqrafik böhran ucbatından doğum sayı getdikcə azalan, sosial problemlər üzündən əhalisi çörək dalınca başqa məmləkətlərə üz tutan, ağır məğlubiyyətdən sonra rəzil duruma düşən və başı siyasi çəkişmələrə qarışan işğalçı ölkə çətin ki, bundan sonra özünə babat bir ordu yarada bilsin. Azərbaycan 44 günlük Vətən müharibəsində düşmənə elə bir dərs verdi ki, mənfur ermənilər bundan sonra bir də cəsarət edib qələbə haqqında düşünə bilməzlər.

Prezident İlham Əliyev Kəlbəcərin azad edilməsini tarixi hadisə adlandırdı.1992-1993-cü illərdə baş verən hadisələrə münasibət bildirdi, ölkənin taleyinə görə məsuliyyət daşıyan təsadüfi insanların səriştəsizliyindən, çirkin əməllərindən danışdı, respublikanın böyük təxribat planları ilə üz-üzə qaldığı o çətin dövrləri xatırlatdı: “Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-Müsavat cütlüyüdür, AXC-Müsavat hakimiyyətidir. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi… O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü idi. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər”. Həmin dövrdə ölkə çətin bir vəziyyətdə, müşkül suallar qarşısında qalmışdı. Xalq Heydər Əliyevdən cavab gözləyirdi. O çətin və həlledici məqamda Ulu Öndər böyük siyasi cəsarət göstərib qətiyyətli addım atdı. Həmin dövrdə cəbhə bölgəsində atəşkəsi məqbul saydı. Bu addım Azərbaycana düşmən üzərində başqa cəbhələrdə addım-addım üstünlük qazanmaq imkanı verdi. Əgər müqayisələr aparsaq, Azərbaycanı 44 günlük Vətən savaşına gətirən yolun hansı inkişaf proseslərindən, hansı mərhələlərdən keçdiyini aydınlıqla görə bilərik.

Ona görə də qələbəmizin tarixi əhəmiyyətini hər zaman öyrənmək, böyüməkdə olan nəsillərə çatdırmaq bizə özümüzü gələcəkdə də erməni faşizmindən qorumaq üçün çox vacibdir. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, zaman dəyişir, erməni faşizmi isə dəyişmir və dəyişməyəcək: “Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin. Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər”.

Erməni faşizminin bütün dünyada ifşası, erməni vəhşiliyinin bəşəriyyətə göstərilməsi, bu mövzuda kitabların nəşri, təqdimatların keçirilməsi, xarici ölkələrdə sərgilərin təşkili bundan sonra əsas vəzifələrimizdən biridir. Bu, əslində, təkcə Azərbaycanı deyil, insanlığı faşizm zəhərindən qoruyan bir missiyadır. İşğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq talan edən ermənilərə kömək göstərmiş xarici şirkətlər də əməllərinin bədəlini ödəyəcəklər. Azərbaycan Prezidenti bu şirkətlərə iki yol göstərdi: onlar ya Azərbaycana təzminat ödəməli, ya da beynəlxalq məhkəmədə cavab verməlidirlər.

 

“Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!”

 

Azərbaycan Prezidenti bu yaxınlarda ölkəmizdə 14 iqtisadi rayonun yaradılmasına, onlar arasında xüsusi ilə maraq doğuran Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlı məsələlərə də diqqəti çəkdi. Bunun həm tarixə, həm də gələcəyə əsaslandığını bildirdi. “Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”. Prezident İlham Əliyev çıxışının sonunda tam qətiyyətlə, inamla dedi: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!”.

Bütün bölgələrimizə, o cümlədən işğaldan azad edilmiş yurdlarımıza hər zamankı səfərlərində olduğu kimi, Kəlbəcər və Laçına gəlişinin hər anında getdikcə güclənən Azərbaycan və tarixin ən güclü Azərbaycanının bu günü və gələcəyini yaradan qüdrətli Lider görünür. Bu gün o torpaqlarda çəkilən yollar da, əslində, Azərbaycanın gələcək strateji hədəflərinə doğru aparan yollardır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyduğu bütün milli hədəflərinə çatacaq. Çünki ölkə rəhbərimizin irəli sürdüyü hər təklifin, verdiyi hər bəyanatın arxasında real icra mexanizmləri, aydın, dəqiq gözləntilər durur.

 

 İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video