25 Yanvar 2012 01:01
425
İQTİSADİYYAT
A- A+

Ölkə iqtisadiyyatı sürətlə şaxələnir

 

Qeyri-neft sektorunda istehsalın yüksək templə artması məhz bunun nəticəsidir

 

Yola saldığımız 2011-ci ili bütünlükdə ölkə iqtisadiyyatı üçün uğurlu hesab etmək olar. Bu dövr ərzində sosial-iqtisadi sahədə bir sıra iri layihələr icra edilib, əhalinin pul gəlirləri və pensiya təminatı xeyli artıb. Bir sözlə, istər iqtisadi, istərsə də sosial sferada dövlət tərəfindən planlaşdırılmış bütün işlər uğurla icra olunub.

Ötən il ölkəmizdə həm də çoxlu sayda istehsal, sosial və xidmət obyektləri tikilərək istifadəyə verilib. Bunun nəticəsində yaradılan yeni iş yerlərində 100 minə yaxın ölkə vətəndaşı işləmək imkanı qazanıb. Sevindirici haldır ki, yeni iş yerlərinin çox hissəsi regionlarda açılıb. Bu da əsasən regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş ikinci Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlər sayəsində mümkün olub. Bölgələrdə yeni istehsal sahələrinin yaradılmasına xüsusi önəm verilib. İstifadəyə verilən yeni istehsal obyektləri yerli əhalinin işlə təminatından savayı, regionların potensialından istifadəni də reallaşdırıb.

Ötən ilin sosial-iqtisadi sahələrdə ölkəmiz üçün uğurlu il olmasını beynəlxalq reytinq təşkilatları öz hesabatlarında da təsdiq edirlər. 2011-ci ildə inkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı düşdüyü halda, "Standart & Poor's" reytinq agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini yüksək qiymətləndirərək "BBB-" investisiya reytinq səviyyəsinə çatdırıb. Reytinq üzrə proqnozu isə "sabit" saxlayıb. Bundan başqa, nüfuzlu "Fitch Ratings" və "Moody's" reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatı üzrə qiymətləndirmələri müsbət olub. "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına görə isə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə dünyanın 142 ölkəsi arasında 55-ci, MDB-də isə 1-cidir.

Ölkəmizin qazandığı bu uğurlar barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilibdir. Elə bir vəzifə yoxdur ki, icra olunmamış qalsın. Yəni, nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam etmişdir. Ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmışdır. Bu, gördüyümüz işlərin nəticəsidir. Çünki artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılır, proqramlar qəbul edilibdir, dövlət siyasəti də bu istiqamətdə aparılır və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün bütün gözəl imkanlar yaradılmışdır. Bunun nəticəsidir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Nəzərə alsaq ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, əlbəttə ki, bu, həm iqtisadi, həm sosial inkişafa müsbət təsir göstərir".

Göründüyü kimi, ötən il xüsusən qeyri-neft sektorunun inkişafının sürətlənməsi, iqtisadiyyatın şaxələnməsi, sahibkarlığın və regionların inkişafı, həmçinin əhalinin rifah halnının daha da yüksəlməsi baxımından daha yaddaqalan dövr olub. Belə ki, keçən il qeyri-neft sektorunda 9,4, kənd təsərrüfatında 5,8, informasiya və rabitə xidmətlərində 11,8, nəqliyyatda yük daşınmasında 3,6 faiz artım qeydə alınıb.

Yola saldığımız 2011-ci il regionların inkişafı istiqamətində də mühüm işlər görülüb. Nəticədə bölgələr daha da abadlaşıb, zəruri infrastrukturla təmin edilib. Məlumdur ki, regionların sosial-iqtisadi inkişafında önəmli yeri yeni iş yerlərinin açılması tutur. Təkcə ötən il regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə tikilərək istifadəyə verilib. Cari ildə də bu istiqamətdə görülən işlər davam etdiriləcək. Hazırda bölgələrdə 200-dən çox müəssisə tikilir. Bu müəssisələrin istifadəyə verilməsi həm bölgələrin, həm də ümumən ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.

Bu uğurların qazanılmasında isə dövlətin sahibkarlara verdiyi dəstəyin rolu az deyil.  2011-ci ildə İqtisadi İnkişaf Nazirliyinin  Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1643 sahibkara 138 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlərin 75 faizi regionların payına düşür. Cari ildə də fond tərəfindən regionlarda fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsi davam etdiriləcək. Özü də daha çox məbləğdə. Deməli, bu il də bölgələrdə yeni istehsal müəssisələri fəaliyyətə başlayacaq, iş yerləri açılacaq və beləliklə, regionların inkişaf etdirilməsi ilə qarşıya qoyulan vəzifənin icrasına bir addım da yaxınlaşacağıq.

Məlum olduğu kimi, 2011-ci il ölkəmizdə "Turizm ili" elan olunmuşdu. Dövlət tərəfindən bu sektora göstərilən qayğı nəticəsində turizm qeyri-neft sektorunda tədricən öz yerini möhkəmləndirir. Keçən il təkcə paytaxtda 3 mehmanxana tikilərək istifadəyə verilib. Cari ildə isə Bakıda beşulduzlu daha 3 mehmanxananın istifadəyə verilməsi nəzərdə tutulub. Turizm sektoru bölgələrdə də inkişaf edir ki,  bu da həm yerlərdə məşğulluq probleminin həllinə, həm də yerli kənd təsərrüfatı məhsulları istehsalının artımına əlavə imkan yaradır.   

Ölkə sənayesinin ümumi çəkisində qeyri-neft sənaye sektorunun payı ilbəil artır. Ötən illər ərzində bu istiqamətdə xeyli işlər görülüb. İndi Sumqayıt Texnologiya Parkında dünya standartlarına uyğun məhsul istehsal olunur. Bundan əlavə, Balaxanıda yeni Texnologiya, Sumqayıtda  isə Kimya parklarının yaradılması planlaşdırılıb. Bunun üçün artıq yerlər ayrılıb və hazırda kommunikasiyalar, infrastruktur yaradılır. Məqsəd odur ki, sahibkarlar, iş adamları bu sahəyə investisiya qoyub yeni istehsal sahələri yaratsınlar. Müşavirədə Prezident İlham Əliyev bu barədə belə demişdir: "Biz gərək özəl investorları stimullaşdıraq, onlara şərait yaradaq ki, onlar bu sahəyə daha çox investisiya qoysunlar. Dövlət də kömək göstərməlidir". 

Amma cari il sənayeləşmə sahəsində nəzərdə tutulan işlər təkcə bundan ibarət deyil. Gəncədə yeni alüminium zavodu işə başlayacaq. Yeni müəssisənin açılması alüminium sənayesinin inkişafına böyük təkan verəcək. Eyni zamanda  metallurgiya sənayesinin inkişafı da diqqət mərkəzində saxlanır. Metallurgiya sənayesinin inkişafı üçün Azərbaycanda kifayət qədər xammal var. Daşkəsən filiz yatağı ölkənin metallurgiya sənayesini lazım olan qədər xammalla təmin etmək imkanındadır.

Bildiyimiz kimi, ölkəmizdə böyük tikinti-quruculuq işləri aparılır. Bunun üçün, təbii ki, ilk növbədə sement lazımdır. Bu il ölkənin sementə olan tələbatını ödəmək üçün İsveçrə şirkətinin tikdiyi müəssisə istifadəyə veriləcək. Müəssisənin fəaliyyəti tikinti sektorunun sementə olan tələbatının ödənilməsində mühüm rol oynayacaq. Lakin ölkədə aparılan tikinti-quraşdırma işlərinin nəhəngliyini nəzərə alaraq növbəti illərdə daha bir neçə sement zavodunun tikintisi də nəzərdə tutulub.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video