13:56 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Odlar ölkəsinin «Eurovision» məşəli
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:01 31.01.2012

 

Bu qeyri-adi, möhtəşəm məşəlin nur saçan işığı bu il mayın 22-də 43 ölkəni təmsil edən nümayəndələrin iştirakı ilə dünyanı heyrətə gətirəcək. Ötən il Düsseldorfda "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Azərbaycanın gənc ifaçıları - Eldar Qasımov və Nigar Camal oldu. Gənclərin qazandığı bu uğurun sevinci hələ də ovqatlardan çəkilməyib. Məhz bu qələbənin, bu qalibiyyətin nəticəsində Düsseldorfdan sonra beynəlxalq aləmdə musiqi sevinci yaşadan mahnı müsabiqəsinə Azərbaycan paytaxtına ev sahibliyi etmək qismət oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 may 2011-ci il tarixli sərəncamı ilə Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə təşkilat komitəsi yaradıldı. Təşkilat komitəsinə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri ölkəmizin birinci ledisi Mehriban xanım Əliyeva rəhbərlik edir.

Bu günlərdə Bakıda "Buta Palace"də "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirildi. Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, Avropa Yayımları Birliyinin, diplomatik korpusun nümayəndələrinin, mədəniyyət, incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə bir sıra vacib məqamlar açıqlandı. Mərasimi işıqlandırmaq üçün dünyanın bir çox ölkələrində fəaliyyət göstərən telekanalların nümayəndələri də iştirak edirdilər. 2012-ci ilin may ayında baş tutacaq bu mahnı müsabiqəsinin rəmzi açarı Bakı merinə təqdim edildi. Beləliklə, Bakı "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibi olmasını rəsmən qəbul etdi. Tədbirdə Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı da açıqlandı. Maraqlıdır ki, bu müsabiqənin loqosunda folklor və nağıllarımızdan gələn, çox qədim tarixə malik mədəniyyətimizin müxtəlif növlərini xarakterizə edən Günəş, Ay və ulduzlar təsvir olunmuşdur. Bu loqoda odun xüsusi yeri var. Bəllidir ki, odla bağlı bir çox adət və ənənələrimiz, deyimlərimiz mövcuddur. Novruz bayramında insanlar məhz tonqalın ətrafında bir araya gəlirlər. Təbiətin oyanmasını, həyata yeni nəfəsin gəlməsini məhz odun vasitəsilə qeyd edirlər. Təkcə görünüşü və fiziki cəhətdən deyil, könlümüzə də hərarət gətirən od həm də xalqımızın xarakterini, istiqanlığını, qonaqpərvərliyini təcəssüm etdirir. Həyatımızın enerji mənbəyi hesab edilən odun naxışlarla loqoda əks olunması həm də bir mədəniyyət incisidir. Bu da maraqlıdır ki, "Eurovision-2012" mahnı müsabiqəsi məhz "Öz məşəlini alovlandır" ("Light your fire") şüarı altında musiqisevərləri bir araya gətirəcək. Müsabiqə paytaxtımızın möhtəşəm ünvanlarının birində - Bayraq meydanında - "Baku Crystall Hall"da keçiriləcək.

Rəmzi açarın təqdimat mərasimindən sonra "Eurovision-2012" yarışmasının yarımfinal mərhələsinin püşkatma mərhələsində iştirakçı ölkələrin adları bəlli oldu. Qeyd edildi ki, yarışmaya qatılanlar arasında Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, eləcə də müsabiqənin ötənilki qalibi və bu il yarışmaya ev sahibliyi edən Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək. Püşkatmanın nəticəsinə görə isə yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan təmsilçiləri öz istedadlarını nümayiş etdirəcəklər. İkinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya və Herseqovina təmsilçiləri yarışacaqlar. Bir məsələ də maraqlıdır ki, ötən illərdə yarışmaya qatılmayan İtaliya, Macarıstan və Avstriya təmsilçiləri də Bakıda keçirilən müsabiqənin iştirakçıları arasında olacaqlar. Bir fakt da açıqlandı ki, Bakı müsabiqəsinə qatılan ölkələrin sayı ötən illərdəki rekordu təkrarlayıb.

Bir faktı da xatırladaq ki, "Eurovision-2012" müsabiqəsi ilk dəfə 1956-cı ildə keçirilib. Bu təntənəli musiqi bayramının yaratdığı xoş ovqat bütün dünyada əks-səda tapıb. Bu səbəbdən də müsabiqənin coğrafiyası genişlənib və həmin vaxtdan bu günədək hər il keçirilir. Azərbaycan dörd dəfə "Eurovision" yarışmasında iştirak edib. Həmişə də ilk onluqda olub. Ötənilki qələbəsi isə hələ də dünya mediasında səslənməkdədir.

"Eurovision-2012" ilə bağlı Bakıda keçirilən ilk təntənəli mərasimdə iştirak edən "Eurovision" layihəsinin rəhbəri Yand Ola Sand öz çıxışında bildirdi ki, Azərbaycan hökuməti müsabiqənin yüksək səviyyədə hazırlanmasına xüsusi diqqət göstərir. Həm dövlətin, həm də cəmiyyətin bu mərasimə dəstəyi təqdir edilməlidir.

"Eurovision-2012"nin işçi qrupunun rəhbəri Adil Kərimli bu məsələ ilə əlaqədar keçirilən mətbuat konfransında bir sıra maraqlı məsələlərə aydınlıq gətirdi. Bəlli oldu ki, Azərbaycana 43 ölkədən təxminən 1500-ə yaxın mətbuat nümayəndəsinin gələcəyi gözlənilir. Bundan başqa, müsabiqədə iştirak etməyən ölkələrdən də təxminən 100-dən artıq jurnalistin gələcəyi mümkündür. Tədbirin Azərbaycanda keçirildiyi üçün yerli mətbuat nümayəndələrinə on dəfədən artıq kvota veriləcək. Yəni, təxminən Azərbaycandan müsabiqəni işıqlandırmaq üçün 200 jurnalist qeydiyyatdan keçəcək. Eləcə də müsabiqədə tamaşaçı olmaq üçün biletlərin satışı ilə bağlı məlumat veriləcək. Çalışılacaq ki, müsabiqənin bilet qiymətləri o qədər də yüksək olmasın. Yəni, biletin qiyməti həmişə ev sahibi olan ölkənin standartına uyğun müəyyənləşdirilir.

İllərdir ki, beynəlxalq tədbirlərə, konfranslara, simpoziumlara məharətlə ev sahibliyi edən Bakının bu musiqili yarışmadan da qalib çıxacağı şəksizdir. Əlbəttə, söhbət yalnız iştirakçılarımızın yarışmasından getmir. Bir ev sahibi kimi qonaqlarına göstərəcəyi lütfkarlıqdan, diqqətdən, qayğıdan, ehtiramdan danışırıq. Şübhəsiz ki, hər qapını döyənə, hər masa ətrafında əyləşənə, mahnı oxuyana, rəqs edənə dost da demək olmaz. Amma bütün hallarda Bakı həmişəki kimi, öz vüqarını, ləyaqətini, humanistliyini, sülhsevər olduğunu bir daha nümayiş etdirəcək. Möhtəşəm Bayraq meydanında ətrafa nur saçacaq məşəlimizin işığı bizi sevənlərin ürəklərini nurlandıracaq, pis gözləri isə qamaşdıracaq!

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM