05 Oktyabr 2021 00:31
250
CƏMİYYƏT
A- A+

O, həkim olmaq istəyirdi

 

Ailənin böyüyü, sevimlisi olan 15 yaşlı Nigar həkim olmaq arzusu ilə yaşayırdı. Bu arzusunu gerçəkləşdirmək üçün müəllimlərinin verdiyi tapşırıqları böyük həvəslə yerinə yetirirdi. Oxuduğu hər mövzuya dərindən yiyələnir, hətta yeri gələndə sinif yoldaşlarına da kömək edirdi.

Bütün fənlərdən yüksək qiymətlər alması Nigarın universitetə daxil olmaq arzusunu gündən-günə gerçəkləşdirirdi. Cəmi bircə il qalmışdı. Hərdən ailəsində söhbət düşəndə darıxdığını, bu bir ilin də tez keçməsini arzuladığını bildirirdi.

Oktyabrın 17-də gecə saatlarında erməni vandallarının Gəncəyə atdıqları raket bir çoxları kimi Nigarın da arzusunu ürəyində qoydu. Raketlər şəhərdə böyük dağıntılar törətdi, düşdüyü yerin ətrafında, demək olar ki, nə qədər ev vardısa, hamısını yerləyeksan etdi.

Bu qətliamda ailə üzvlərini itirənlərdən biri də Rövşən Əsgərov oldu. Dağıntı zamanı Rövşənin atası Suliddin kişi, qardaşı Bəxtiyar, bacısı Sevil və onun 10 aylıq körpəsi Narin, eləcə də böyük bacısının qızı - 15 yaşlı Nigar erməni cinayətinin qurbanı oldular. Rövşən özü dağıntılar altından yüngül xəsarətlə çıxarıldı. Ağır yaralanan anası ilə 15 yaşlı oğlunu isə xəstəxanaya yerləşdirdilər.

Partlayışın dalğası Nigarın təhsil aldığı 29 nömrəli tam orta məktəbə də xeyli ziyan vurdu. Bu, elə məktəbin giriş qapısında hiss olunurdu. Qapı-pəncərələr tökülmüş, içəridəki əşyalar tamamilə yararsız vəziyyətə düşmüşdü.

Məktəbin direktoru ermənilərin raket hücumu nəticəsində dünyasını dəyişən 10-cu sinif şagirdi Nigar Əsgərova haqqında ətraflı məlumat verdi. O, masanın üstünə bir neçə sənəd qoydu və ilk sözü bu oldu: “Nigar bizim əlaçı şagirdlərimizdən idi. O, əlaçı olmaqla yanaşı, həm də bacarıqlı təşkilatçı idi. Məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edirdi. Bir sözlə, Nigar bizim fəxrimiz idi”.

Sinif rəhbəri Bəsti Cəfərova da dedi ki, belə işgüzar və bacarıqlı şagirdlər az-az olur: “Siniflə bağlı nə olurdusa Nigara tapşırırdım. Çünki o, tapşırıqları yüksək səviyyədə yerinə yetirirdi. Onun 9-cu sinfi bitirməsi barədə ümumi orta təhsil haqqında attestatının surətini nəzərdən keçirə bilərsiniz. Bütün fənlər üzrə qiymətləri 4 və 5-dir. Nigarın ölümü məni çox sarsıtdı”.

Nigarın tarix müəllimi Aybəniz Süleymanova, riyaziyyat müəllimi Zümrüd Süleymanova və coğrafiya müəllimi Elgiz Hüseynov isə bildirdilər ki, bütün müəllimlər mehriban və işgüzarlığına görə Nigarla həmişə fəxr edirdilər.

Onu da qeyd edək ki, terror zamanı 29 nömrəli tam orta məktəbin Nigardan savayı bir neçə şagirdi də yaralanmışdır. Onlardan biri Nigarın əmisi oğlu Amin idi. O da partlayış zamanı dağılan evlərin altında qalmışdır. Xilasedicilərin köməyi ilə dağıntılar altından çıxarılan 6-cı sinif şagirdi xəstəxanada müalicə olundu.

Məktəbin birinci sinif şagirdi Məryəm Xəlilli və qardaşı - 6-cı sinif şagirdi Orxan Xəlilli isə Nigarın taleyini yaşayıblar. Onlar da erməni vəhşiliyinin qurbanı olublar - dağıntılar altında qalaraq həyatlarını itiriblər. Onlardan başqa, erməni terroru məktəbin digər şagirdi Ləman Qəhrəmanovanın da həyatına son qoyub.

Məktəbə yaxın ərazidə yaşayan və 10 il Nigarla bir sinifdə təhsil alan Nəzrin ən yaxın rəfiqəsi olmuş Nigarın qayğıkeşliyindən, mehribanlığından söz açdı. Sonra da əllərini üzünə qapayıb ağladı. Nigarla eyni sinifdə təhsil alan Firəngiz Cəfərli, İnci Mustafayeva da rəfiqələri haqqında ağızdolusu danışdılar və onu itirməklə həyatlarında bir boşluq yarandığını söylədilər.

Gəncəyə atılmış raket zərbələri neçə-neçə insanın ömrünü yarımçıq qoydu. Qarabağ Zəfəri ilə onların qisası alınmış oldu.

 

Sabir ƏLİYEV,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video