01 Iyun 2014 12:06
292
Səhiyyə
A- A+

Nur kimi şölə çilə, qara gilə...

 

Gözəl gözlü, gül çöhrəli balaların işıqlı, saf dünyasını qorumaq, Vətənə sağlam düşüncəli və aydın baxışlı gələcək nəsil bəxş etmək hər bir valideynin arzusu və ümdə borcudur.

Göz həssas və xüsusi qayğı tələb edən orqandır. Körpəlikdən başlayaraq yeniyetməlik, gənclik dövrünədək formalaşan görmə orqanı bütün inkişaf mərhələsində yad təsirlərdən diqqətlə qorunmalıdır. Bu baxımdan uşaq gözlərinin şəfqətli himayəyə hər zaman ehtiyacı var. Hər bir insan övladı dünyaya uzaqdangörmə ilə göz açır. Yeni doğulmuş körpənin göz almasının ölçüsü 16 millimetr olur, normal ölçüyə (23,5 mm-24 mm) 5 yaşında çatır. Bir yaşadək uşaqların hamısında görmə itiliyi aşağı (0,3-0,4 D) olur və yalnız 6-7 yaşlarında 100 faizə çatır. Göz öz inkişafını 15 yaşda tamamlayır.

Valideynlər kövrək və zərif körpə gözlərinin qayğısına qalmalı, onları hələ kiçik yaşlardan zərərli amillərin təsirindən qorumalıdırlar. Belə ki, doqquz ay boyunca alışdığı qaranlıq bətndaxili mühitdən sonra işıqlı dünyaya uyğunlaşmaları üçün həyatın ilk 2-4 həftəsində uşaqların gözünü parlaq, qıcıqlandırıcı işıqdan uzaq tutmaq lazımdır. Bu zaman səpələyici, dağınıq işıqlandırmadan, divar lampalarından istifadə etmək məqsədəuyğundur.

Uşaqlarda məhz 15 yaşadək olan dönəm uzaqdangörmə, yaxındangörmə kimi görmə problemlərinin əmələ gəlməsi baxımından kritik dövr sayılır.

Uzaqdangörmə (hipermetropiya) zamanı əşyanın xəyalı torlu qişada deyil, ondan arxada alınır. Bəbək genəlir, uşaq yaxını aydın görmür. Kiçik yaşlı uşaqlarda zəif dərəcəli (+2,5 D) uzaqdangörmənin olması normal haldır. Orta və ağır dərəcəli qüsuru düzəltmək üçün həkim-oftalmoloq tərəfindən müsbət müsbət ("+") dərəcəli eynək və ya kontakt linzalar təyin edilir. Uzaqdangörmə çox vaxt daxili çəpgözlük və "tənbəl göz" (ambliopiya) ilə birgə müşahidə olunur. Əşyanın təsvirinin hər iki gözlə eyni vaxtda dəqiq görmə xüsusiyyəti (binokulyar görmə) 7 yaşda formalaşır. Formalaşma ərəfəsinədək isə çox vaxt uşaqlarda "tənbəl göz"ə rast gəlinir. Bu zaman beyin təsvirin ikiləşməsi kimi xoşagəlməz xaosdan qurtulmaq üçün gözlərin birindən daxil olan siqnalı "söndürüb" qəbul etmir. Vaxtında aşkarlandıqda bu vəziyyəti uğurla, xüsusi kompüter proqramlarının və ya oyunlarının köməyi ilə aradan qaldırmaq mümkündür. Müalicənin prinsipi eynək və ya kontakt linzaların istifadəsindən asılı olmayaraq sağlam - işlək gözün üzərini tam bağlayıb, "tənbəl"i müəyyən vaxt ərzində gündə bir neçə dəfə müntəzəm məşq etdirməkdən ibarətdir. Bu məqsədlə uşağa çox sayda, müxtəlif rəngli və formalı muncuqları dənləyib ayrı-ayrı qablara toplaması kimi tapşırıqlar vermək olar. Məşqi tam müvəffəqiyyətli nəticə əldə edənədək (3-4 il ərzində) davam etdirmək lazımdır.

Yaxındangörmə (miopiya) zamanı isə əşyanın xəyalı torlu qişadan öndə alınır. Bəbək daralır, uşaq uzağı normal görmür. Bu qüsur xüsusən məktəb yaşlarında (7-15 yaş) inkişaf etməyə başlayır. Görmə yükünün davamlı artması (qiraət, rəsm çəkmək və s.) görmə aparatının gərginləşməsinə, kompensator imkanlarının tükənməsinə, beləcə  yaxındangörməyə səbəb olur. Vəziyyəti tam korreksiya etmək üçün oftalmoloq tərəfindən təyin edilən eynək həm uzağı, həm də yaxını görməyi təmin edir. Daim eynək taxmaqla dərəcəsindən asılı olmayaraq prosesin artmasının qarşısını almaq olar. Əgər eynək yalnız uzağı görmək üçün təyin olunarsa, yaxındangörmə 1,7 dəfə tez, eynəkdən istifadə edilmədikdə isə 2,6 dəfə tez proqressivləşmə ilə nəticələnə bilər.

Şəhər yerlərində yaşayış binalarının, obyektlərinin bir-birinə yaxın məsafədə sıx yerləşməsi, kəndlərdəki kimi açıq, geniş sahələrin olmaması gözləri uzağı (geniş panoramada)  seyr etməkdən məhrum edir. Bu da yaxındangörmənin inkişafına səbəb olan amillərdən biridir.

Profilaktika məqsədilə erkən yaşlı (1-3 yaş) uşaqlara karandaş və kağız vermək tövsiyə olunmur. Məktəbəqədər (4-6 yaş) yaşlı uşaqlarda isə yaxındangörməyə qarşı gözlər (baxışları) buruna doğru yönəldərək çəpləşdirilməsi məşqi çox sadə, amma effektli sayılır.

Televiziya proqramlarının ümumi izlənmə müddəti 2 yaşdan yuxarı uşaqlar üçün 30 dəqiqədən, 3-7 yaşlı uşaqlar üçün 1 saatdan, 7-12 yaşlı uşaqlar üçün isə 2 saat 30 dəqiqədən artıq olmamalıdır. Televizor ekranına qədər olan məsafəyə də (2 metrdən az olmamaq şərti) riayət edilməlidir. Uşaqların qida rasionu görmə qabiliyyətini yaxşılaşdıran alma, qaragilə, ərik, yemiş, moruq, çuğundur, kök, boranı, pomidor, yağlı balıq əti, yumurta, kələm, kahı, ispanaq və s. məhsullarla zənginləşdirilməlidir.

Uşaqları mütəmadi geniş, əhatəli, mənzərəli, intəhasız baxış sahələri olan təbiət gəzintilərinə çıxarın. Bu, onların kompleks inkişafı, sağlamlıqları, həmçinin gözlərinin müəyyən fəsadlardan qorunması üçün zəruridir.

 

Ülviyyə QƏNBƏRLİ

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video