02 Oktyabr 2021 14:50
864
SİYASƏT
A- A+

Nüfuzlu beynəlxalq portalda Qarabağ münaqişəsinin bitməsindən ötən bir illik dövr təhlil olunub

 

Avropanın beynəlxalq münasibətlər üzrə nüfuzlu www.neweurope.eu portalında “Qarabağda münaqişənin həllinə aparan yol” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Kanada Qlobal Məsələlər İnstitutunun tədqiqatçı alimi Robert Katlerin müəllifi olduğu məqalədə İkinci Qarabağ müharibəsindən ötən bir illik dövr təhlil olunur, yeni fenomenlər qiymətləndirilir, xüsusilə kommunikasiya və nəqliyyat əlaqələrinin qurulması imkanları nəzərdən keçirilir. Müəllif qeyd edir ki, bu il yanvarın 11-də bu əlaqələrin inkişafı üçün üçtərəfli işçi qrup yaradılsa da, Ermənistan sonrakı müzakirələrdə iştirakdan imtina edib və yalnız avqustun 17-də Moskvada Baş nazirlərin müavinləri səviyyəsində keçirilən görüşdə bu mövzuya geri dönüb. Digər tərəfdən isə Azərbaycan xoş niyyət nümayiş etdirərək özünün milli qaz kəməri sistemindən Rusiya qazının Ermənistana nəqli üçün istifadəyə, eyni zamanda, Gorus-Qafan magistral yolunun Azərbaycan ərazisindən keçən hissəsində hərəkətə icazə verib.

R.Katler məqalədə 10 noyabr Bəyanatının mühüm şərtlərinə də toxunur. Qeyd edir ki, Bəyanatda Azərbaycanla onun bir hissəsi Naxçıvan arasında dəhlizin açılması tələb olunur. Lakin Ermənistan “Zəngəzur dəhlizi” adlanan bu kommunikasiya xəttinin reallaşmaması üçün əlindən gələni edir. Digər tərəfdən, müəllif Türkiyənin “Botaş” şirkətinin Naxçıvan və Ermənistan sərhədi yaxınlığında zavod inşa etmək planlarına toxunur. Vurğulayır ki, əgər Ermənistanın cənubundan keçməklə boru xətti çəkilərsə, bu, ilk növbədə, iqtisadi inkişafa böyük ehtiyac duyan rəsmi Yerevana xeyir verə və onun uzunmüddətli maraqlarına xidmət edə bilər. Lakin müharibədən sonrakı dövrdə Ermənistanda daxili siyasi çəkişmələr, növbədənkənar parlament seçkiləri və yeni hökumətin formalaşması fonunda ötən dövr ərzində rəsmi Yerevan heç bir konstruktiv qərar qəbul edə bilməyib.

Yazıda, eyni zamanda, qeyd edilir ki, qarşılıqlı etimadın gücləndirilməsi üçün ən təcili və təsirli tədbirlərdən biri 1990-cı illərin əvvəlində etnik təmizləmə nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların evlərinə qayıtmasını asanlaşdırmaq olar. Lakin onların evlərinin əksəriyyətinin məhv edilməsi ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə Ermənistan ordusunun basdırdığı minalar bərpa və məskunlaşma prosesini çətinləşdirir. Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi isə cəmi 25 faizdir.

Artıq beynəlxalq ictimaiyyət də vəziyyətin ciddiyyətini anlamağa başlayıb və bir sıra ölkələr ərazilərin minalardan təmizlənməsi əməliyyatlarına töhfə verməyə hazır olduqlarını ifadə ediblər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər edərək, olduqca balanslaşdırılmış hesabat hazırlayıb. Eyni zamanda, bölgədə mədəni irs və humanitar itkilərin inventarlaşdırılması məqsədilə UNESCO missiyasının səfəri də nəzərdə tutulur.

Müəllif qeyd edir ki, münaqişənin “hüquqi mühakimə” müstəvisində davam edəcəyini də gözləmək olar. Belə ki, Ermənistan Azərbaycana qarşı Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib, lakin bu məsələdə Azərbaycanın əlindəki faktlar daha tutarlıdır, rəsmi Yerevan irqi ayrı-seçkilik və etnik təmizləmədə ittiham olunur. Ötən əsrin 90-cı illərində Qarabağ regionundan deyil, eyni zamanda, 1980-ci illərin sonunda Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi müfəssəl şəkildə sənədləşdirilib. Həmçinin 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsi öz qərarında Azərbaycanın işğal edilmiş ərazilərindəki silahlı qüvvələrin rəsmi Yerevanın nəzarəti altında olduğunu təsbit edib.

Müəllif yekunda münaqişənin nizamlanması üçün məsul olan ATƏT-in Minsk qrupunun fəaliyyətindən də bəhs edib. Qeyd olunur ki, Minsk qrupu artıq köhnəlib və heç bir rola malik deyil. Əslində, formal olaraq bu, düzgün gedişatdır, çünki konsens diplomatiyasına söykənən multilateral beynəlxalq təşkilatlar hadisələrin müasir inkişaf sürəti ilə ayaqlaşa bilmirlər.

Diqqətçəkən önəmli məqamlar sırasında isə ötən günlərdə Rusiya Müdafiə Nazirliyinin hazırladığı xəritədə Dağlıq Qarabağ Muxtar Vilayətinin sovet dövrünə aid inzibati hüdudlarını əks etdirən xətləri ləğv etməsidir. Qeyd edilir ki, Minsk qrupunun həmsədrlərindən yalnız Rusiya aktiv əməli fəaliyyətdədir və digər həmsədrlərdən müstəqil şəkildə üçtərəfli qaydada Azərbaycan və Ermənistanla ünsiyyətdədir. Ötən bir il ərzində Minsk qrupunun ilk rəsmi fəaliyyəti BMT Baş Assambleyasının sessiyasının açılışı ərəfəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirməkdən ibarət olub.

Müəllif sonda vurğulayır ki, Minsk qrupu öz himayəsindən kənarda razılaşdırılmış yekun həll üçün çətir kimi faydalı bir məqsədə xidmət də edə bilər, lakin heç buna da ehtiyac yoxdur. İndi əsas məsələ zəmanətlərə söykənən beynəlxalq sülh müqaviləsinin bağlanmasıdır. Müharibələr məhz belə başa çatır: ölkələrin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün qarşılıqlı tanınması, dövlət sərhədlərinin delimitasiyası və ərazi məskunlaşması ilə.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video