05 Oktyabr 2021 00:33
225
SİYASƏT
A- A+

Noyabr Zəfərini gələcəkdə biz gənclər yaşatmalıyıq

 

Həmişə arzularla yaşamağı sevmişəm. Atam və anam isə heç vaxt arzularıma sədd çəkməyib. Elə ilk dəfə məktəb seçimini də özüm etmişəm - anamın işlədiyi Yasamal rayon 158 saylı tam orta məktəbdə təhsil almaq istəmişəm.

İbtidai sinif müəllimim Zəmləkət xanım bizə deyərdi ki, ilk addımlarınızı möhkəm atın,  bu, uğurlarınızın açarı olacaq. Sonra da əlavə edərdi ki, sizin möhkəm addımınız yaxşı oxumaqdır.

Hər bir insanın özünü dərk etməyə başladığı illərdən ən böyük arzusu istədiyi peşəyə yiyələnməkdir. Məktəb vaxtlarından oxumağa olan həvəsim, ailəmin təhsilə münasibətdə tələbkarlığı gələcək planlarımın başlanğıcı oldu.

Bir gün hansısa filmdə izlədiyim hüquqşünas obrazı məni hüquq müdafiəçisi, ədalət bələdçisi olmağa sövq etdi. 9-cu sinifdə hüquqşünas olmağa qərar verdim. Həmin vaxtdan imtahana qədər olan dövrədək arzumun ardınca getdim. İmtahandan sonra qəbul xəbərimi biləndə başa düşdüm ki, uzun illərin zəhməti hədər getməyib.

Bir hadisəni qeyd edim. Vətən müharibəsi başlayanda atam dedi ki, qızım,  torpaqlarımızın azad edilməsinə sənin qəbul imtahanındakı qələbən ən yaxşı cavab olar. Noyabrda Ali Baş Komandan İlham Əliyevin yüksək fədakarlığı, ordumuzun cəsarəti nəticəsində düşmən üzərində qələbə çaldıq. Televizorda qələbəmiz elan ediləndə atam üzümə baxdı. Onun gözlərində sevinclə bərabər, yaş da gördüm. Həmin an atamı qucaqlayıb dedim: “Qaldı  mənim qələbəm”.

Vaxt yetişdi və mən verdiyim sözə əməl etdim. Həmin gün atam qapıdan içəri girəndə əsgəri addımlarla onun üstünə yeriyib hərbi salam verərək qələbəmi elan etdim. Beləcə, ailəmə sevinc dolu daha bir xoşbəxtlik yaşatdım.

Peşəkar hüquqçu olmaq mənim ən böyük arzumdur. Hüquqi dövlətdə yaşayırıq və insanların hüquqlarının qorunması bu sahədə çalışanların müqəddəs borcudur. Mən də bu borcu ödəmək, ölkəmə layiqli vətəndaş olmaq üçün var gücümlə çalışıram.

 

Fəridə HACIZADƏ,

BDU-nun Hüquq fakültəsinin I kurs tələbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video