08 Iyun 2021 00:51
1345
Mədəniyyət
A- A+

Nizami irsinə ehtiramın təcəssümü

 

Ölçülüb-biçilərsə incə fikir, incə söz,

Nə qədər gözəlləşər, olar ürəyincə söz.

Kim ki sözə söz qoşub tapar haqqın səsini,

Sözlə iki aləmin açar xəzinəsini.

Bu xəzinəni yalnız açar tapanlar açar,

Yalnız söz ərlərinin dilləridir bu açar...

 

Söz xəzinəsinin xiridarı, sözün qiymətini bilən, adını dünya ədəbiyyatının korifeyləri sırasına həkk etdirən, poeziya aləminin dühası Nizami Gəncəvinin ölməz ədəbi irsi insana məhəbbət, humanizm, yüksək əxlaq, tərbiyə və bilik aşılamaqla bərabər, canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir.

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlayır. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan edib.

Bu qərarın qəbul olunması öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, poetik aləmin dühası hesab edilən dahi Nizami Gəncəviyə və ümumən, klassik ədəbi irsimizə dövlət səviyyəsində verilən yüksək dəyərin bariz nümunəsidir.

Nizaminin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami əsərlərinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizami Gəncəvinin  ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkirin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirib. Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdı. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilmiş 840 illik yubileyi mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrildi.

Heydər Əliyev bildirirdi ki, insanların mənəviyyatına, tərbiyəsinə, əxlaqına, fikirlərinin formalaşmasına şeir, ədəbiyyat, mədəniyyət nümunələri qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur. Tariximizə sahib çıxmağı, saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoyan Ümummilli Liderin milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönündə atdığı davamlı addımların miqyası geniş olub. Ulu Öndər gənclərə də çağırış edirdi ki, tariximizi, ədəbiyyatımızı yaxşı öyrənin, dilimizi, milli-mənəvi dəyərlərimizi qoruyun.

Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev də milli-mənəvi dəyərlərimizə xüsusi diqqət göstərir. “Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlət başçısının sərəncamları ilə  2019-cu ilin “Nəsimi ili”, 2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisi, həm də təkcə ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir.

Dövlət başçısının dahi şair, humanist mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin ölkəmizdə və dünyada ilboyu təntənə ilə qeyd edilməsi, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı  imzaladığı sərəncam  Nizami Gəncəvi yaradıcılığının  Azərbaycan xalqının mənəviyyat xəzinəsində rolu və yerini təbliğ etmək, gənc nəslə çatdırmaq məqsədi daşıyır. 

Bu qərar ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Eyni zamanda Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür.

Müvafiq sərəncam Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nizami Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında 1979-cu ildə qəbul edilmiş qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmağa, vaxtilə başlanmış mühüm işləri daha əhatəli şəkildə və yaradıcılıqla davamına xidmət edir.

Azərbaycanda və dünyada kifayət qədər tanınmış və böyük şöhrət qazanmış Nizami Gəncəvinin zəngin bədii irsini azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə yenidən tanıtmağa ehtiyac var. Qeyd edilən sərəncam da bu nəcib və önəmli vəzifənin gerçəkləşdirilməsini hədəfə alıb.

“Nizami Gəncəvi ili” mütəfəkkirin həyat və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş meydan açır, yüksək imkan yaradır. Dahi şairin əsərlərinin dünya dillərinə tərcüməsi, haqqında xarici dillərdə tanıtım kitablarının nəşri kimi qarşıya mühüm vəzifələr qoyur. Bütün bunlar Nizaminin sülhün, əmin-amanlığın, ədalətin, insanpərvərliyin bərqərar olması ilə bağlı bəşəri çağırışlarının daha dərindən öyrənilib, dünyaya çatdırılmasına kömək edəcək. Beləliklə də, “Nizami Gəncəvi ili” nizamişünaslıq elmini daha da irəli aparmağa, müasir dövrün tələbləri səviyyəsinə yüksəltməyə təkan verəcək.

Ancaq bu mühüm qərar özündə yalnız dahi şairin anadan olmasının 880 illik yubileyini ehtiva etmir. Bu həm də daşıyıcısı olduğumuz dəyərlərin millət olaraq o dəyərlərə sadiqliyimizi təsdiq edən sənəddir. Bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri azərbaycançılıqdır. Azərbaycançılıq həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, mədəniyyətin bütün sahələrində əsas istiqamətlərdəndir. Millətin mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri bu gün vahid bir ideya ətrafında sıx surətdə birləşib. Milli-mənəvi dəyərlərə göstərilən qayğı da dövlət siyasətinin başlıca prinsiplərindən biridir. Azərbaycan Prezidentinin imzaladığı adıçəkilən sərəncam da milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində himayə edilməsinin növbəti parlaq təzahürüdür.

Nizami Gəncəvinin növbəti yubileyinin ilboyu ölkəmizdə və dünyada silsilə tədbirlərlə qeyd edilməsini nəzərdə tutan sərəncam yeni nəsillərdə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, milli-mənəvi özünüdərk prinsiplərini daha geniş təbliğ etmək üçün də qarşımızda yeni perspektivlər açır.

2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi yalnız Nizami Gəncəvinin irsinin araşdırılması ilə məşğul olan tədqiqatçılar üçün yox, bütün insanlar üçün bir çağırışdır. Şərq ədəbiyyatının fəlsəfi fikrinin ən böyük yaradıcılarından biri, xalqımızın ruhunu, bəşəri dəyərləri öz yaradıcılığında ifadə edən və dünyada yayan dahi mütəfəkkiri hər bir azərbaycanlının könlünə köçürmək çağırışı...

 

Xəyalə MURADLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video