24 Noyabr 2021 16:33
923
Mədəniyyət
A- A+

Nizami Gəncəvi Beynəlxalq Forumunda Birgə Kommünike qəbul edilib

 

Nizami Gəncəvi Beynəlxalq Forumunda Birgə Kommünike qəbul edilib.

AZƏRTAC xəbər verir ki, sənədi mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib.

Kommünikedə deyilir:

"Biz “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçıları dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyini qeyd etmək, habelə onun ecazkar və daimi maarifləndirici ədəbi irsinə hörmət və ehtiramımızı ifadə etmək üçün Bakı şəhərində bir araya gəlmişik.

Biz Nizami Gəncəvinin zəngin fəlsəfi ədəbi irsinin qorunması və təbliği istiqamətində göstərdiyi səylərə görə Azərbaycan hökumətinə öz minnətdarlığımızı bildiririk. Bu baxımdan 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı xüsusən qeyd etmək istərdik. Biz, həmçinin Mədəniyyət Nazirliyinin bu Forumu Bakı şəhərində təşkil etmək təşəbbüsünü də alqışlayırıq.

Biz qəbul edirik ki, dahi Nizaminin ölməz ideya və dəyərləri Şərq dünyasının Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, Əmir Xosrov Dəhləvi, Əbd ər-Rəhman Cami, Əlişir Nəvai və Məhəmməd Füzuli kimi görkəmli şair və mütəfəkkirlərinə, eləcə də digərlərinə ilham verməklə yanaşı, regionda ədəbi-poetik ənənələrin formalaşmasına, fəlsəfi, sosial-mədəni və siyasi həyatın inkişafına, habelə ədəbi təfəkkürün tərəqqisinə təsir və nüfuz edib. Tədqiqatçılar hətta Dante, Bokaçço, Şekspir, Höte, Rustaveli və digər Qərb ədəbiyyatının dahi klassiklərinin əsərlərində də Nizaminin təsirinin izlərini tapıblar.

Nizami yaradıcılığının şah əsəri - məşhur “Xəmsə” toplusunda ehtiva olunan fikirlər bu günədək qlobal gündəliyin əsas prioriteti olan və çağdaş dünyamızda da öz aktuallığını itirməyən humanizm, bərabərlik, ədalət, sülh naminə davamlı əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin təşviqi kimi ümumbəşəri dəyərlərin təbliğində əsas rol oynayıb.

Biz xüsusən vurğulayırıq ki, Nizami dühasının zaman-məkan məfhumundan asılı olmayan ideyaları qlobal miqyasda fərqli mədəniyyətlər və sivilizasiyalar haqqında təsəvvürün təşəkkülü baxımından olduqca əhəmiyyətli olmaqla yanaşı, güclü təsir və nüfuza malikdir. Dahi Nizaminin əsərlərində istər ayrı-ayrı insanların inkişafına, istərsə də ümumilikdə cəmiyyətə aid olan bir sıra məsələlər işıqlandırılır, insan həyatının demək olar ki, bütün aspektləri xüsusunda ensiklopedik yanaşma tərzi nümayiş etdirilir.

Biz, həmçinin vurğulayırıq ki, Nizami dühasının zəngin irsi çoxtərəflilik və inklüzivlik ənənələrini müjdələyən və bununla da universal dialoq üçün unikal platforma kimi xidmət edən ilham mənbəyidir. Nizami Gəncəvinin əsərlərində yer alan ideya və mesajlar multikulturalizm, tolerantlıq və sülh şəraitində birgəyaşayış anlayışlarını təbliğ edir.

Biz, həmçinin Mədəniyyət Nazirliyinin BMT-nin 2030-cu il üçün Qlobal Gündəliyində göstərilən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsini Nizami Gəncəvinin prizmasından izah edilməklə yeni yanaşma ilə gücləndirmək təşəbbüsünü alqışlayırıq. Bu yanaşma DİM-ləri milli mədəniyyət, tarix və adət-ənənələrin bir hissəsi kimi təqdim edərək daha yaxşı icma sahibliyinə imkan verəcək. İcmalar onları ənənələrinə xas olan və onlardan qaynaqlanan dəyərlər və məqsədlər kimi qəbul etmədikcə, DİM-lərə heç vaxt tam nail olunmayacaq. Biz digər dövlətləri DİM-in tam şəkildə həyata keçirilməsində yeni mərhələ kimi xidmət edə biləcək belə bir yanaşmadan istifadə etməyə çağırırıq.

Nizaminin böyük mədəni və zəngin fəlsəfi irsinin müasir dünyada güclü əks-səda doğurduğunu nəzərə alaraq, Forum iştirakçıları bu tədbirin regional əhəmiyyətli müxtəlif məsələlərin müzakirəsi məqsədilə mühüm dialoq platforması kimi müntəzəm olaraq Azərbaycanda keçirilməsini təklif edirlər".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video