22 May 2012 01:05
353
Mədəniyyət
A- A+

Nəsillərə örnək olan ömür yolu

 

Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur.

 

Heydər ƏLİYEV

 

Ümummilli lider Heydər Əliyevin bu fikirlərindən göründüyü kimi, hər bir insan yaşadığı ömür yolunun dəyərinə, eləcə də xalqı və Vətəni qarşısında xidmətlərinə görə yaddaşlarda qalır. Əlbəttə, bu da onun necə yaşamasından, həyatda qoyduğu izlərdən, zəngin elmi yaradıcılığından daha çox asılı olur. Deməli, hər bir insanın düşüncələrdə, qəlblərdə və duyğularda yaşaması onun əməlləri, doğma elinə, obasına xidmət məramı ilə səciyyələnir. Şərəfli ömür yoluna malik olanlar dünyadan köçərkən belə sanki özlərindən sonrakı nəsillərlə yenidən doğulur, yüksək məhəbbət hissi, böyük hörmət və ehtiramla qəlblərdə yaşayırlar. Görkəmli iqtisadçı alim, yetirmələri, ardıcılları üçün halallıq və paklıq nümunəsinə çevrilən, dəyərli ziyalı, qeyrətli vətəndaş kimi tanınan akademik Əhməd Əkbər oğlu Mahmudov da belə insanlar içərisində ön yerlərdən birini tutur.

Fədakar alim, ləyaqətli və səmimi insan, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Əhməd Əkbər oğlu Mahmudov 1923-cü il may ayının 25-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.

1942-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edən Ə.Mahmudov 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin vaxtdan etibarən onun taleyi və bütün elmi fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu ilə bağlı olmuşdur. 1958-1964-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1964-cü ildən ömrünün sonunadək direktor vəzifəsində çalışmışdır. 1956-cı ildə Moskva şəhərində namizədlik və 1968-ci ildə isə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir.

Əhməd Mahmudovun bu elm mərkəzinə rəhbərlik etdiyi dövrdə İqtisadiyyat İnstitutu nəinki respublikada, həm də keçmiş sovetlər məkanının bütün bölgələrində zəngin elm məbədi kimi tanınmağa və şöhrətlənməyə başlamışdır.

Bir qədim Şərq məsəlində deyilir: "Əgər planın bir illikdirsə darı səp, on illikdirsə ağac ək, bir əsrlikdirsə insan tərbiyə et". Görkəmli iqtisadçı alim Əhməd Mahmudov öz fəaliyyətində bunların hamısını birləşdirirdi. Onun amalı müqəddəs idi, əməlləri sağlam, faydalı prinsiplər üzərində qurulmuşdu. Əhməd müəllimin yaşam tərzi canlı bir məktəb idi, zəngin təcrübəsini gənclərə öyrətməyə daha çox üstünlük verirdi. Hətta tanımadığı, ilk dəfə gördüyü bir insana da öz dəyərli məsləhətlərini verməyi, ona imkanı daxilində qayğı göstərməyi vətəndaşlıq borcu, insanlıq vəzifəsi sayırdı.

Akademik Əhməd Mahmudov əldə etdiyi hər bir uğura böyük zəhmət, yenilməz iradə hesabına nail olmuşdu. Alim başqalarını da ciddi fəaliyyətə cəlb etməyi bacarırdı. İnsanları yaxşı tanımaq qabiliyyəti və möhkəm yaddaş onun fenomenal xüsusiyyətlərindən idi. Gənclərə qayğı, ətrafındakılara səmimi münasibət, özünə və başqalarına qarşı dərin məsuliyyət hissi, məqsədi yolunda dönməzlik bu insanın şəxsiyyətini səciyyələndirən ən gözəl xüsusiyyətlər idi. Şübhəsiz ki, bu Vətəninə, xalqına məhəbbətdən və insanlığa hörmətdən qidalanan keyfiyyətlər onu ümumbəşəri maraqlara xidmət edən sivil bir alim kimi ölkəmizdə və xaricdə tanıdırdı.

Əhməd Mahmudov çalışdığı sahədə və ətrafda baş verən nöqsanlara həmişə təmkinlə yanaşırdı, daha çox gərginliklərin qarşısını almağa, vəziyyəti yaxşılaşdırmağa çalışırdı. Belə hallarda alim səmərəli əməkdaşlıq və sağlam rəqabət mühiti yaratmağa üstünlük verirdi. Əhməd müəllim iqtisadçı alimlər arasında həmişə mükəmməl obrazı ilə seçilir, özünəməxsus yüksəklikdə görünürdü. Bu üstünlüyün əsas səbəbləri onun elmi potensialı və idarəetmə məharətindən irəli gəlirdi. Bütün əmək fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olan Əhməd Mahmudov kiçik elmi işçidən akademiyanın həqiqi üzvlüyünə qədər pillə-pillə yüksələ bilmişdi. Alim ötən əsrin 60-cı illərinin əvvəllərindən ömrünün sonuna kimi AMEA-nın İqtisadiyyat İnstitutuna rəhbərlik etmiş, həm də akademiyanın iqtisadiyyat, fəlsəfə, tarix və hüquq bölməsinin akademik katibi vəzifəsini məharətlə icra etmişdi. Əhməd müəllimin akademiya sistemində 40 ilədək əmək fəaliyyəti, 25 ildən artıq İqtisadiyyat İnstitutuna rəhbərliyi əsl elmi fədakarlıq idi. Bu böyük iqtisadçı alimin qayğı və himayəsi ilə çoxsaylı elmlər namizədi və doktorlar yetişmişdir. Bu sahədə qazanılan çoxsaylı uğurlar, sözün əsl mənasında, ölkəmizdə iqtisad elmini yüksəkliklərə qaldırmışdır.

Respublikada mütərəqqi ruhlu iqtisadçı alim, qurucu və təşkilatçı kimi şöhrətlənən akademik Əhməd Mahmudov keçmiş Sovetlər İttifaqında elmi və ictimai fəaliyyəti ilə böyük nüfuz qazanmışdı. Bir çox gənc iqtisadçılar respublikamızdan kənarda Əhməd müəllimin ad-sanı, nüfuzu sayəsində sorğu-sualsız, müsbət qarşılanmışdılar.

Yaxşı yadımdadır, Mixail Qorbaçovun respublikamıza riyakar və qərəzli münasibəti nəticəsində o zamankı Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indi isə dünya səviyyəli elm və tədris ocağına çevrilən Azərbaycan Dövlət İqtisad Universiteti) aparılan əsassız yoxlamaların nəticələri Sov.İKP MK-nın Siyasi Bürosunda müzakirəyə çıxarılmışdı. Artıq həmin dövrdə mənim iqtisad elmləri doktoru alimlik dərəcəsi almağa təqdim etdiyim dissertasiya işi dosenti olduğum bu ali təhsil müəssisəsinin bir sıra kafedralarında müzakirədən keçərək açıq müdafiə üçün Elmi Şuraya təqdim edilmişdi. Lakin Sov.İKP MK-nın Siyasi Bürosunun qərarı ilə, həm da haqsız olaraq Azərbaycan Xalq Təsərrüfatı İnstitutu ləğv edilərək Voznesenski adına Leninqrad (Sankt-Peterburq) Maliyyə-İqtisad İnstitutunun filialına çevrildi. Bu da respublikada elmin inkişafı yolunda süni çətinlik və maneələr yaradırdı. Dissertasiya Leninqrad Maliyyə-İqtisad İnstitutunun müvafiq kafedralarında yenidən müzakirə olunmalı və sonra qərar qəbul edilməli idi. Belə də oldu. O zaman Əhməd müəllimin ağıllı məsləhətləri, düzgün istiqamət verməsi mənə dözüm, ümid və iradə verirdi. İki ilə qədər əlavə vaxt getsə də, böyük əziyyətlərlə üzləşsəm də, hər şey uğurla nəticələndi. Mən indi də fəxr edirəm ki, Əhməd Mahmudovun tövsiyəsi, xeyir-duası ilə respublikadan kənarda, həm də müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə etdim. Xüsusi olaraq vurğulamalıyam ki, bütün bu çətinlikləri akademik Əhməd Mahmudovun sovet iqtisad elmindəki mövqeyi, nüfuzu və Azərbaycan elminə qazandırdığı mötəbərlik sayəsində uğurla dəf etdim. Onun "sən dönməzliyini sübut etməlisən və sərt əngəllərə qalib gəlməlisən, respublikadan kənarda elmi iş müdafiə etmək ikiqat şərəflidir" sözləri mənə güc verdi, daha çox səfərbər oldum.

Yeri gəlmişkən qeyd edək ki, yaşadığı dövrün bəzi üzdəniraq ənənələri Əhməd müəllimi də ağrıdır, qayğılandırırdı. O, daha çox xalqımızın maraqlarına xidmət edirdi. Alim elmimiz və mənəviyyatımız üçün zərərli olan nə vardırsa hamısına qarşı barışmaz idi, yetirmələrini də belə tərbiyələndirirdi. Elmi potensialı güclü, siyasi baxışları aydın, mənəvi-etik aləmi zəngin olan akademik Əhməd Mahmudov bu gün də çoxlarına örnəkdir. Bu görkəmli elm adamının əziz xatirəsi onu tanıyanların, xüsusilə iqtisadçı alimlərin qəlbində daim yaşayır, adı və əməlləri məhəbbətlə, qədirbilənliklə anılır. Ən azı ona görə ki, akademik Əhməd Əkbər oğlu Mahmudov öz doğmalarına, yaxınlarına rəva bilmədiyini özgələrə, hətta tanımadığı kənar adamlara da məsləhət görməzdi. O, hər bir insanın təkcə qələbəsinə və sevincinə deyil, həm də dərdinə, kədərinə, qəminə şərik olmağa çalışırdı.

Nümunəvi həyat yolu keçmiş görkəmli iqtisadçı alim akademik Əhməd Mahmudovun bu il mayın 25-də 89 yaşı tamam olur. 2013-cü ilin həmin tarixində isə bu böyük alimin dünyaya göz açmasının 90-cı ildönümüdür. Ümidvaram ki, Azərbaycanımızın müasir uğurları ilə fəxr edən Vətən övladları bu tarixi günü də unutmayacaq və zaman keçdikcə akademik Əhməd Mahmudovun əziz xatirəsi onu tanıyanların qəlbində daha şirin düşüncələrlə anılacaq, ehtiramla yad ediləcəkdir.

 

Xanhüseyn KAZIMLI,

iqtisad elmləri doktoru, professor, Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video