03 Avqust 2021 00:28
2281
Mədəniyyət
A- A+

“Neft və milyonlar səltənətində”

 

İlk Azərbaycan bədii  filminin çəkilişindən 105 il ötür

 

Azərbaycan Şərqlə Qərb mədəniyyətlərinin qovuşduğu məkan kimi daim diqqət mərkəzində olub. Böyük İpək yolu üzərində yerləşməsi, burada “qara qızıl”ın üzə çıxması uzaq məmləkətlərdən ölkəmizə insan axını yaradıb. Ən diqqətçəkən məqam isə Fransada ixtira edilən sinematoqrafiyanın çox keçmədən Bakıda peyda olması idi. Neft Bakısında yerli həyat tərzindən bəhs edən müxtəlif mövzulu ilk kinosüjetlərin çəkilməsi bir daha Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsi anlamını verirdi. Bildiyimiz kimi, kinonun incəsənət inciləri sırasına çıxarılmasında rejissorun dünyaya və hadisəyə fəlsəfi baxışı, duyumu və dünyagörüşü mühüm rol oynayır.

1898-ci ildə Bakıda lentə alınan “Bibiheybətdə neft fontanı” xronikası Azərbaycanda kino sənətinin əsasını qoyub. 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Kino Sərgisində nümayiş etdirilən həmin filmdə, eləcə də sonralar ekranlaşdırılmış əsərlərin ayrı-ayrı epizodlarında böyük sənətkarlıq nümunəsi yaradan səhnə və ekran fədailərinin adları dillər əzbərinə çevrilib. “Neft və milyonlar səltənətində”, “Mavi dənizin sahillərində”, “Kəndlilər”, “Arşın mal alan”, “Babək”, “Dənizi fəth edənlər”, “Xəzər neftçiləri haqqında dastan” və s. kimi filmlər xalqımızın yaddaşında özünə yer tutmaqla yanaşı, dünya kinosevərlərinin unutmadığı ekran əsərləri sırasında da yer tutub.

Belə filmlərin sırasına daxil olanlardan biri də İbrahim Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında çəkilmiş eyniadlı ilk Azərbaycan bədii filmidir. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edilib.

 

Ərəblinskinin ilk və son filmi

 

Azərbaycanda ilk səssiz film kimi yadda qalan “Neft və milyonlar səltənətində”ki yazılı fikirlər Azərbaycan və rus dillərində olub. Film neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, mədənlərdə ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırır.

Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Yoxsul və kimsəsiz olan Cəlil təsadüf nəticəsində varlı bir neft sahibkarına çevrilir. Təəssüf ki, qəddar, əyyaş neft milyonçusu Lütfəli ilə dostluğu onu müflisləşdirir və məhv edir. Filmdə varlı neft sahibkarlarının xoş və firavan, yoxsul fəhlələrin isə acınacaqlı həyatı, gecə-gündüz neft mədənlərində işləyib bir parça çörək pulu qazanmaları, bu kimi digər səhnələr tamaşaçıda dövrün ab-havası barədə müəyyən təsəvvürlər yaradır.

Təbiət mənzərələri Bakı və ətrafında -  Balaxanı, Binəqədi, Zığ və sahil kənarında, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib. O vaxtı Balaxanıda neft mədənlərində baş vermiş yanğın da filmə daxil edilib.

Bədii filmin birinci seriyası 1916-cı il may ayının 14-də, ikincisi isə may ayının 27-də ekranlara buraxılıb. Film ilk dəfə Hacı Zeynalabdin Tağıyevin pasajında “Fransız elektrobioqrafı”nda göstərilib. Əsas rolları Hüseyn Ərəblinski, Vladimir Lenin, K.M.Piontkovskaya, Regina Lazareva, Yevgeni Muromski, Y.S.Orlitskaya, Y.V.İvanovski, Vladimir Vyazemski və N.M.Dobrınin ifa ediblər.

Filmdə Lütfəli bəy rolunu görkəmli Azərbaycan teatr və kino xadimi Hüseyn Ərəblinski ifa edib. Bu, həm də ilk azərbaycanlı kino artisti hesab olunan Ərəblinskinin çəkildiyi ilk və son filmdir. Məşhur tarzən Qurban Pirimov sənətşünas N.Sadıxovla söhbətində bu barədə danışarkən deyib: “Filmin “Toy” və “Kazinoda şənlik” epizodlarında xanəndə Cabbar ilə mən də çəkilmişdim. Mən çalırdım, Cabbar  (Cabbar Qaryağdıoğlu-red.) oxuyurdu. H.Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı”.

Kinorejissor Məmməd Əlili isə o dövrlə bağlı xatirələrində yazırdı ki, 1914-cü ilin axır günləri idi. Cəfər Cabbarlının evinə getmişdim. O, mənə dedi ki, artist Murad Muradov mənə xəbər yollayıb. Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Sonra Cəfər mənə başa saldı ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək: “Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Onlar çəkiliş üçün mollaxanalardan uşaq seçəcəklər. Çox güman ki, sizin yanınıza da gələcəklər. Zirək tərpən, fürsəti əldən vermə. Qoy bizlərdən də bir artist çıxsın ortaya”.

Bir neçə gündən sonra artist Murad Muradov filmin rejissoru Boris Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim.

 

“Neft və milyonlar səltənəti”nin taleyi

 

Murad Muradovun, xüsusilə Cəfərin filmi çəkən dəstəyə çox köməyi olmuşdu. Filmin inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdi. C.Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi. Suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə - dörd aya çəkib başa vurdular”.

Filmin bukleti M.F.Axundov adına Milli Kitabxananın nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə Azərbaycan və rus dillərində filmin məzmunu yazılıb, həmçinin filmdən fotoşəkillər çap olunub.Təəssüf ki, bu əvəzsiz tarixi film yalnız qəzet resenziyalarında və bukletlərdə qalıb, günümüzədək gəlib çıxmayıb.

“Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildə “Qızıl uçurum” adı ilə yenidən ekranlarda nümayiş etdirilib. Quruluşçu rejissoru Fikrət Əliyev olan melodramda Cəlil rolunda Əliabbas Qədirov çəkilib. Lütfəli bəy rolunu isə Hamlet Xanızadə  yaradıb.

1983-cü ildə rejissor Fikrət Əliyev Sankt-Peterburqda XIV Ümumittifaq Kinofestivalında bu filmə görə mükafatlandırılıb.

Azərbaycanda kino sənətinin yaradılmasında Bakı elmi fotodərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun əməyi danılmazdır. O dövrlərdə Azərbaycanda kino sənəti yenicə ayaq açdığından həmin süjetləri məhz 25 il Bakıda yaşayıb-yaratmış A.Mişon lentə alıb.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video