14 Iyul 2021 20:04
1016
SİYASƏT
A- A+

Naxçıvanda yeni Qaz Kompressor Stansiyası istifadəyə verilib

 

1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə ölkəmizin gələcək müstəqilliyinin, davamlı inkişaf və tərəqqi yolunun əsası qoyulub. Ötən əsrin 70-ci illərindən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarında, eləcə də muxtar respublikada kompleks islahatlar həyata keçirilib, geniş quruculuq işləri aparılıb. Bu tədbirlərin tərkib hissəsi kimi muxtar respublikaya təbii qazın verilməsinə də başlanılıb. Bu gün dahi şəxsiyyətin yolunun uğurla davam etdirilməsinin nəticəsi olaraq muxtar respublikada enerji təhlükəsizliyinə nail olunub, bütün yaşayış məntəqələri təbii qazla fasiləsiz təmin edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 14-də - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümündə Naxçıvan şəhərində yeni Qaz Kompressor Stansiyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov çıxış edərək bildirib ki, muxtar respublikanın yaşayış məntəqələri və istehsalat sahələri fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunub. Bu gün sənaye obyektlərinə və əhaliyə verilən təbii qazın fasiləsiz çatdırılması üçün infrastruktur daim təkmilləşdirilir, mövcud imkanlardan səmərəli istifadə olunur. Naxçıvan şəhərində yeni Qaz Kompressor Stansiyasının qurulması da bu tədbirlərin davamıdır. Ramin İsmayılov göstərilən qayğıya görə qaz təsərrüfatı işçiləri adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümü və Qaz Kompressor Stansiyasının istifadəyə verilməsi münasibətilə qaz təsərrüfatı işçilərini təbrik edib, stansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək deyib: Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi həm Sovet hakimiyyəti, həm də müstəqillik illərində həyata keçirilmişdir. 1978-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yevlax-Xankəndi-Laçın-Şahbuz-Naxçıvan yüksəktəzyiqli magistral qaz boru xəttinin inşasına başlanılmış, 1980-ci ildə layihə uğurla başa çatdırılmış, həmin il Naxçıvan şəhərinə ilk dəfə təbii qaz verilmişdir. 1980-1990-cı illərdə muxtar respublika üzrə 4 şəhər, 2 qəsəbə və 91 kənd olmaqla, 30 minə yaxın abonentin təbii qazla təminatı həyata keçirilmiş və muxtar respublikanın 50 faizə yaxını qazlaşdırılmışdır. Lakin 1990-cı illərin məlum hadisələri, Ermənistanın işğalçılıq siyasəti Naxçıvana gələn bütün kommunikasiya xətlərinin kəsilməsinə səbəb olmuş, bununla da təbii qaz verilişi dayandırılmış, muxtar respublika çox çətin və ağır vəziyyətə düşmüşdü.

Ali Məclisin Sədri demişdir: İkinci dəfə muxtar respublikaya təbii qazın verilməsi 2004-cü ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə İran Milli Qaz İxracat Şirkəti arasında bağlanmış təbii qaz mübadiləsi haqqında müqavilə əsasında həyata keçirilmiş və 2005-ci il dekabrın 20-də Azərbaycan Respublikasının və İran İslam Respublikasının prezidentlərinin iştirakı ilə istifadəyə verilmişdir. Qısa müddətdə - 3 il ərzində Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələri tamamilə təbii qazla təmin olunmuşdur. Bu gün muxtar respublikada 91 minə yaxın abonent təbii qazdan istifadə edir ki, bunun da 50 faizi əhali abonentidir.

“Muxtar respublikanın təbii qazla təminatı, eyni zamanda onun təbiətinin qorunmasına da imkan verdi”,- deyən Ali Məclisin Sədri bildirib ki, sonrakı mərhələdə muxtar respublikanın qaz təsərrüfatında təkmilləşdirmə və yenidənqurma işlərinə başlandı. Qarşıda duran əsas vəzifə Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərinin çəkilməsi və hər hansı qəza zamanı boruda yaradılmış ehtiyatlardan istifadə etmək idi. Bir neçə il bundan əvvəl qaz kəmərinin tikintisi başa çatdırılmışdır. Nəzərdə tutulub ki, bu xətt gələcəkdə İğdır-Naxçıvan qaz kəmərinə birləşdirilsin və axın Naxçıvan şəhəri istiqamətində olmaqla istismar edilsin. 80 kilometrə yaxın uzunluğu olan qaz kəmərinin boru xəttinin atmosfer təzyiqi 70 bara yaxındır. Bu da xəttdən anbar kimi istifadə etməyə imkan verir. Bunun üçünsə, Qaz Kompressor Stansiyasının qurulmasına ehtiyac var idi. Stansiyanın qurulmasında məqsəd Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərində təzyiqin artırılmasıdır. Bu da boruda 1 milyon 500 min kubmetrə yaxın qaz yığılmasına və qəza zamanı muxtar respublikada əhali abonentinin 8-10 gün qazla təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə verildikdən sonra Naxçıvan-Şahbuz və Naxçıvan-Culfa istiqamətlərində boru xətlərinin təbii qazla doldurulması təmin ediləcəkdir. Stansiyanın istifadəyə verilməsi muxtar respublikada qaz təsərrüfatının idarə olunmasını da yaxşılaşdıracaq, təzyiq boru xəttində yaranacaq ehtiyat hesabına nizamlanacaqdır.

Ali Məclisin Sədri deyib: Müstəqil Azərbaycanda əsası 1969-cu ilin 14 iyulunda qoyulan Heydər Əliyev siyasi xətti və yolu uğurla davam etdirilir. Bu yol Azərbaycanı Sovet hakimiyyəti illərində güclü dövlətə çevirdi. Eyni zamanda 1993-cü ildən bu siyasətin davam etdirilməsi nəticəsində ölkəmiz günü-gündən güclənir, inkişaf edir, dünya dövlətləri sırasında öz layiqli yerini tutur. Yeni Qaz Kompressor Stansiyasının istifadəyə verilməsi də Ümummilli Liderimizin Azərbaycana hər iki rəhbərliyi dövründə Naxçıvanın təbii qazla təminatı sahəsində olan arzularının reallaşmasıdır. Həyata keçirilən tədbirlər Heydər Əliyev siyasətinin ölkəmizdə uğurla davam etdirilməsinin nəticəsidir.

Sonra stansiyaya baxış olub.

Məlumat verilib ki, kənd təsərrüfatı üçün yararlı olmayan 4500 kvadratmetr ərazidə yerləşən stansiyanın tikinti işlərinə 2020-ci ildə başlanılıb. 25 min kubmetr/saat gücə malik yeni stansiya hesabına muxtar respublikanın qaz təsərrüfatı sisteminə gün ərzində əlavə olaraq 600 min kubmetr təbii qazın verilməsi mümkün olacaqdır. Stansiya soyutma sistemi, mühərrik hissəsi və silindrli kompressor olmaqla 3 hissədən ibarətdir. Stansiyada köməkçi tikililərlə yanaşı, operator otağı, yanğından mühafizə sistemi, 400 kilovat gücündə transformator, 75 kubmetr həcmində su hovuzu, nasos, yağ və hava kompressor qurğusu, 4 ildırımötürücü qurğu quraşdırılmış, elektrik və su xətləri çəkilib, 10 yeni iş yeri açılıb.

Ali Məclisin Sədri Qaz Kompressoru Stansiyasında texniki istismar qaydalarına əməl olunması, kadr hazırlığına diqqət yetirilməsi və ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video