05:52 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Naxçıvanda yeni qapalı suvarma şəbəkəsi qurulub
 
ANA SƏHİFƏ / SİYASƏT
18:31 14.10.2021

“Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir... Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm də ixracdır”, - deyən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri ilə yanaşı, kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır. Muxtar respublikada torpaq ehtiyatlarından səmərəli istifadə olunur, meliorativ tədbirlərin həcmi genişləndirilir, mütərəqqi suvarma şəbəkələri qurularaq istifadəyə verilir. Uzun müddət suvarılmayan torpaq sahələrindən bol məhsul götürülür, əhalinin məşğulluğu və rifahı yaxşılaşdırılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 14-də “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin Kəngərli rayonundakı əkin sahələrində tikilən yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verərək deyib ki, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin 364 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb. Araz su anbarından götürülən su nasoslar vasitəsilə Böyükdüz kəndi ərazisində yerləşən hovuza vurulur və öz axını ilə müxtəlif diametrli borularla sahələrə verilir. Ərazidə 3800 metr ana xətt çəkilib və 34,7 kilometr paylayıcı boru xətti, 323 hidrant, 44 siyirtmə və 28 suboşaldıcı quraşdırılıb. Ərazidə qrunt sularını kənarlaşdırmaq üçün diametri 300 millimetr olan borularla 5590 metr qapalı drenaj xətti və 5250 metr açıq kollektor çəkilib. Ümumilikdə, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin 2069 hektar əkin sahəsində qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə məlumat verib ki, Kəngərli rayonunda əkinəyararlı torpaq sahələrinin 9293 hektarı və ya 97 faizi suvarılandır. Həmin torpaqlardan dövlət mülkiyyətində olan 2069 hektarı “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin istifadəsinə verilib və yerquruluşu xəritəsi hazırlanıb. Ərazidə ibtidai boz, boz-çəmən, allüvial-çəmən torpaqlar daha geniş yayılıb. Arazboyu zonada səthə yaxın qrunt sularının, ətraf duz dağlarının təsiri nəticəsində şoranlaşmış torpaqlara da təsadüf olunur. Aqrotexniki qaydalara ciddi riayət etməklə əkin aparılması, normalara uyğun üzvi və mineral gübrələrin verilməsi, suvarma normalarına əməl edilməsi nəticəsində ərazidəki torpaqların daha səmərəli istifadə olunması təmin olunub və münbitlik göstəriciləri yaxşılaşıb.

Sonra Ali Məclisin Sədri muxtar respublikada payızlıq taxıl əkininin gedişi ilə maraqlanıb.

Bildirilib ki, 2022-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 30 min hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur. Payızlıq taxıl əkini ilə əlaqədar şum və səpin aparmaq üçün 771 təkərli, 67 tırtıllı, 118 taxılsəpən, 38 toxumtəmizləyən, 403 kotan, 287 qoşqu, 78 çizel və şırımaçan texnika saz vəziyyətə gətirilib. Cari ildə bütün taxıl sahələrinin şırım üsulu ilə əkilməsi nəzərdə tutulur. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində 7 və fiziki şəxslərdə olan 18 toxumsəpənə pulsuz olaraq şırımaçan aqreqatlar qoşulub. Hazırda muxtar respublika üzrə 15 min 118 hektar sahədə şum aparılıb ki, onun da 221 hektarı dəmyə sahələrdir. “Naxçıvan Toxumçuluq Mərkəzi”ndə 1200 hektar sahədə payızlıq taxıl əkini aparılması nəzərdə tutulub, 1065 hektarda şum, 300 hektardan artıq ərazidə isə səpin aparılıb. Mərkəzdə 88 texnika və texnoloji avadanlıq mövcuddur. Səpində 15 maşın, texnika və digər kənd təsərrüfatı aqreqatlarından istifadə olunur.

Payızlıq taxıl əkini zamanı hər hektara 180-250 kiloqram toxum səpilir. Bunun üçün muxtar respublikanın torpaq mülkiyyətçilərinə 6 min 500 ton arpa və buğda toxumları tələb olunur. Tələb olunan toxum “Naxçıvan Toxumçuluq Mərkəzi”ndə, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında və torpaq mülkiyyətçilərində mövcuddur. “Naxçıvan Toxumçuluq Mərkəzi”ndə 320, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatlarında 128 ton buğda və arpa toxumları vardır. Əkin zamanı muxtar respublikanın torpaq iqlim şəraitinə uyğun sınaqdan keçirilmiş reproduksiyalı “Qobustan”, “Fatimə”, “Quality”, “Quadilop”, “Dağ-daş”, “Ceyhan-99”, “Bezostya-1”, “Konya”, “Bayraktar”, “Əhmədağa”, “Əkizlər” buğda və “Naxçıvandəni”, “Cəlilabad-19”, “Qarabağ-22” arpa və buğda sortlarından istifadə edilir.

Toxumların dərmanlanması və payızlıq taxıl sahələrində gəmiricilərlə mübarizə aparılması məqsədilə tələb olunan miqdarda dərman preparatları gətirilib, əkindən əvvəl toxumlar dərmanlanıb və toxumçuluq laboratoriyasında analiz olunaraq sertifikat verilib. Toxumların cücərmə qabiliyyəti 93-96 faizdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin 364 hektar ərazisində qapalı suvarma şəbəkəsinin qurulması münasibətilə kollektivi təbrik edərək deyib: Ölkəmizdə gedən proseslərin tərkib hissəsi kimi muxtar respublikada da inkişaf, sabitlik və məskunlaşma təmin olunmuşdur. Əhali artımı nəzərə alınaraq müvafiq tədbirlər görülür, yeni torpaqlar əkin dövriyyəsinə qatılır, əkilən torpaqlardan aqrotexniki qaydalarda istifadəyə nəzarət və məhsuldarlıq artırılır. 2022-ci ildə ölkəmizdə torpaq mülkiyyətçilərinə subsidiyaların verilməsinin yeni qaydaları təsdiq olunmuşdur. Aid qurumlar yeni qaydaları əhaliyə izah etməli, subsidiyaların aqrotexniki qaydalara əməl edən şəxslərə veriləcəyi diqqətə çatdırılmalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada məhsuldarlığın artırılması üçün meliorativ tədbirlər görülür, əhaliyə lazımi texnikalar alınıb verilir, maarifləndirmə işləri aparılır, keyfiyyətli toxum sortlarından istifadə olunur. Məqsəd ondan ibarətdir ki, əkilən torpaqlardan bol məhsul götürülsün. Əgər yaxşı məhsul götürə bilmiriksə, bu, muxtar respublikamızın kənd təsərrüfatı sahəsində geriləməsinə, məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Eyni zamanda əkinçi də qazanc əldə bilmir. Ona görə də həm dövlət, həm də əhali birgə səy göstərməlidir ki, əkilən torpaqlardan səmərəli istifadə olunsun, yüksək məhsul götürülsün.

Qeyd olunub ki, qapalı suvarma şəbəkəsinin qurulmasına 2 milyon manatdan artıq vəsait sərf olunub. Bu işlər ona görə həyata keçirilir ki, muxtar respublikamızda əhali artımı ilə bərabər, ərzaq artımı da həyata keçirilsin. Əgər əhali artımı varsa, deməli, ona uyğun kənd təsərrüfatı və digər sahələr də inkişaf etdirilməlidir. Bu işlər bundan sonra da davam etdiriləcəkdir. Kəngərli rayonunun Xok kəndindən başlamış Naxçıvan şəhərinin Qaraçuq kəndinə qədər olan, təqribən 2 min hektara yaxın ərazidə də meliorativ tədbirlər aparılacaq və bu ərazilər də dövlət fondunda qalmaqla əhaliyə icarəyə veriləcəkdir.

“Həyata keçirilən tədbirlər ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Əgər ölkəmizdəki sabitlik, inkişaf və tərəqqi olmasaydı, bu işləri həyata keçirmək də mümkün olmazdı”,- deyən Ali Məclisin Sədri bildirib ki, muxtar respublikanın mövcudluğu dövründən bu ərazilər ilk dəfədir ki, əkin dövriyyəsinə qatılır. Çünki bu cür münbit torpaqların əkin dövriyyəsinə qatılması üçün ölkənin güclü iqtisadi imkanları olmalı idi. Bu gün ölkəmizin iqtisadi imkanları bu tədbirlərin görülməsinə imkan verir. Nəticədə münbit torpaqlar əkin dövriyyəsinə qatılır ki, bu da ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində əməyi olanlara təşəkkür edib, çəkilən zəhmətin hər bir muxtar respublika sakininin həyatında özünü göstərdiyini bildirib.

Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin tikintisində iştirak edənlərə hədiyyələr təqdim edib və suvarma şəbəkəsini işə salıb.

Ali Məclisin Sədri ərazinin pasportlaşdırılması, payız suvarma mövsümünə başlanılması, toxumçuluq təsərrüfatında təbii gübrəyə üstünlük verilməsi, subsidiyaların verilməsinə nəzarət olunması, sifarişə uyğun kənd təsərrüfatı texnikalarının gətirilməsi, meliorasiya və irriqasiya işlərinin davam etdirilməsi və ərazidə yaşıllıq zolaqlarının salınması barədə tapşırıqlar verib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM