02 Sentyabr 2018 12:09
2234
Səfərlər
A- A+

Naxçıvanda təməli qoyulan xilaskarlıq missiyası

 

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi istiqlal mücadiləsini doğru istiqamətə yönəltdi

 

Ötən əsrin 80-ci illərinin sonundan etibarən Azərbaycan xalqı üzləşdiyi bütün problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə öz həllini tapa biləcəyinə inanır, təkidlə onun respublika rəhbərliyinə qayıtmasını tələb edirdi. Çünki o illərdə cərəyan edən proseslər, Azərbaycana qarşı Ermənistanın ərazi iddialarının ortaya atılması, İttifaq rəhbərliyinin isə baş verənlərə münasibətdə aşkar şəkildə Ermənistanın mövqeyini dəstəkləməsi göstərirdi ki, Azərbaycana qətiyyətli rəhbər lazımdır. Bu rəhbər isə yalnız Heydər Əliyev ola bilərdi.
Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin 1990-cı ilin ortalarında, Naxçıvanın çətin vaxtlarında bura qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçkilərin keçirilməsi kampaniyası ilə bir vaxta düşdü. Babək rayonunun əməkçiləri ilə görüşdə Heydər Əliyevin 340 nömrəli Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürüldü. Keçirilən seçkilər zamanı Heydər Əliyev həm respublika parlamentinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçildi. Həmin il noyabrın 17-də Naxçıvan Ali Məclisinin I sessiyası keçirildi. Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək Naxçıvan Muxtar Respublikası adlandırılması qərara alındı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından "Sovet Sosialist” sözlərinin çıxarılması Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün oldu. Eyni zamanda, həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MSSR-in adından "Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MR Ali Soveti formatında "Soveti” ifadəsinin "Məclisi” sözü ilə əvəz edilməsi əslində, tam mənası və məntiqi ilə de-fakto SSRİ-nin tərkibindən çıxmaq, ən azı isə bu dövlətin çərçivəsində müstəqil dövlət qurumu yaratmaq demək idi. Bundan başqa, Naxçıvan MR Ali Sovetinin 17 noyabr 1990-cı il sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və sessiyanın iclasına sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət bayrağı Ali Məclisə gətirilmişdi.
Bütün bunlar yalnız və yalnız Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.
Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan MR Ali Məclisi tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Həmin gün Ali Məclisin binası önünə toplanmış xalq kütlələrinin ciddi tələbi, muxtar respublika deputatlarının fəallığı və Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verilmiş, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu göstərilmiş və onların adları açıq göstərilərək məsuliyyətə cəlb edilmələri tələb olunmuşdu.
1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-in ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək mühüm hadisələr baş verdi. Sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bu, Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi.
1991-ci ilin ikinci yarısından etibarən Azərbaycanda hakimiyyət böhranının dərinləşməsi demək olar ki, son həddə çatmışdı. Etibarını itirmiş Azərbaycan Kommunist Partiyası artıq səlahiyyətlərini də itirməkdə idi. Naxçıvan Vilayət Partiya Komitəsi də Muxtar Respublika Ali Məclisinin sessiyalarının keçirilməsində maraqlı olmurdu. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sözün əsl mənasında, elan olunmamuş fövqəladə şərait yaranmışdı. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının çağırılması ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb vəziyyətin tələblərindən irəli gəlmişdi.
Sessiyanın gündəliyinə geniş mənada həmin tarixi mərhələnin aktual məsələləri daxil edilmişdi. Fövqəladə sessiya ölkədə Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsinə münasibət bildirməli idi. Eyni zamanda, gündəliyə daxil edilmiş Azərbaycan Kommunist Partiyası təşkilatının fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi də cəsarətli münasibət tələb edirdi. Gündəlikdə nəzərdə tutulan məsələlərin hamısı fövqəladə zamanın meydana çıxardığı aktual problemlər idi və Azərbaycan üçün taleyüklü məsələlər hesab edilirdi. Bu problemlərin həllinə təsir göstərmək Azərbaycanda müstəqil dövlətçilik prosesinin dərinləşdirilməsinə və sürətləndirilməsinə xidmət edirdi. Ancaq həmin məsələlərin müsbət həlli Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında bu ali hakimiyyət orqanının sədri seçiləcək şəxsin siyasi iradəsindən, cəsarəti və uzaqgörənliyindən çox asılı idi. Buna görə, Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının həll edəcəyi ən əsas vəzifə təşkilati məsələ idi.
Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin Ali Məclisin sədri seçilməsini tələb edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, MR Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə öz sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, xüsusən özünü bütövlükdə dövlət müstəqilliyi uğrunda mübarizəyə həsr edən Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da o, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdi. Lakin xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə və fövqəladə olaraq çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verdi.
3 sentyabr 1991-ci il tarixdə, öz işinə başlayan sessiyanın iclasları 4 sentyabr, 5-6 və 7 sentyabrda 5 gün ərzində davam etdirildi, ölkə səviyyəsində və region üçün əhəmiyyətli olan məsələlər geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olundu. Gündəlikdə duran məsələlərə uyğun olaraq Naxçıvan Ali Məclisinin sessiyası yaranmış tarixi şəraitdə alternativsiz namizəd irəli sürüldüyünü, hələlik ölkədə çoxpartiyalı sistemin formalaşmadığını, Kommunist Partiyasının süquta uğradığını, seçki komissiyası və məntəqələri üzvlərinin sifarişlə təyin olunduğunu nəzərə almaqla Azərbaycan Respublikasının Prezidentinin seçilməsi üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş seçkilərin Naxçıvan MR ərazisində keçirilməsinin dayandırılmasına dair qərar qəbul etdi. Eyni zamanda, 3 sentyabr 1991-ci il sessiyasında "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə edilərək Azərbaycan Respublikasının Ali Sovetindən xahiş olundu ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi Büro, Mərkəzi Komitə dağıdıldığı üçün respublikada da bu siyasi-təşkilati qurumların fəaliyyəti dayandırılsın. Bunlar Azərbaycanda müstəqil dövlətçiliyin bərqərar olmasına xidmət edən tarixi qərarlar idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri MR ərazisindən çıxarıldı. Ulu öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı Ermənistanın işğalından xilas etməsi idi. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Heydər Əliyev Naxçıvan MR-in rəhbəri olduğu dövrdə muxtar respublikada elmin, təhsilin, mədəniyyətin, siyasi maarifçiliyin ictimai faktora çevrilməsi, inkişaf etdirilməsi məsələlərinə ciddi əhəmiyyət verilmiş, bu sahələrdə yaddaqalan tədbirlər həyata keçirilmişdi.
Heydər Əliyevin 1991-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycanda dövlət müstəqilliyi uğrunda gedən prosesə ciddi təsir göstərdi, istiqlal mücadiləsini doğru istiqamətə yönəltdi. Bu, xalqın böyük arzusu və tələbi ilə dünya miqyaslı siyasətçi Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi. Qarşıda isə ulu öndəri daha çətin, eyni zamanda, şərəfli bir missiya gözləyirdi...

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video