08 Sentyabr 2021 00:55
1372
Mədəniyyət
A- A+

Naşir ömrü

 

Cəsarətli, prinsipial, uzaqgörən... Onun xatirələrdə qalan portreti belədir. Bu portretə barəsində yazılanlara və bu gün də danışılanlara əsaslanaraq müxtəlif cizgilər də əlavə etmək olar. Səmimi, gülərüz, iradəli, etibarlı, sözündən, məqsədindən dönməz... Həyatın sınaqları, taleyin zərbələri onu nə sındıra, nə sərtləşdirə, nə də bədbinləşdirə bilmişdi...

1990-cı ilin 30 mayında Bakıda namərd gülləsi belə bir insanı hədəf aldı. Həm də elə bir vaxtda ki, Azərbaycan xalqı yaralıydı. Elə həmin ilin yanvarında ağır faciələrlə üzləşmişdi. Tarixə qanla yazılmış 20 Yanvar faciəsinin ağrıları hələ də könülləri sızladırdı. O zaman həyatını təhlükəyə atanlardan biri də Əjdər Xanbabayev idi...

XX əsrin sonlarında müstəqilliyinə qovuşaraq onu əbədiləşdirmək arzusu ilə çırpınan Azərbaycan xalqına sovet imperiyası göz dağı vermək istədi. Amma qarşısında dərdindən güclənən, matəmini mübarizəsi ilə birləşdirən böyük Azərbaycan xalqının qüdrətini, yenilməzliyini gördü.

Şəhərdə komendant saatı elan edildi. İnformasıya blokadası yaradıldı. Bütün mətbəələr xüsusi nəzarətə götürüldü. Əjdər Xanbabayevin iş kabinetində, mətbəəsində dəfələrlə axtarışlar aparıldı. Hərbçilər məhv etmək üçün əlyazmasını axtardıqları kitabı tapa bilmədilər. O kitab “Qara Yanvar” adlanırdı. Və sovet hərbçilərinin ağlına gəlməzdi ki, əlyazmanın ələ keçməməsi üçün nəşriyyatın direktoru onu iş kabinetində qoymur, bütün təhlükələrə rəğmən özü ilə daşıyır...

1990-cı ilin yanvarında Azərbaycan xalqının başına gətirilən müsibətləri əks etdirən “Qara Yanvar” kitabı böyük çətinliklərlə hazırlanaraq çap olundu. Kitabı müxtəlif yollarla Moskvaya aparıb SSRİ Ali Sovetinin rəhbər şəxslərinə təqdim etdilər...

1990-cı ilin 30 mayında qəfil güllə səsi eşidiləndə paytaxt Bakının küçələrində, səkilərində, yollarında hələ də sovet ordusu hissələrinin qətlə yetirdikləri şəhid azərbaycanlıların qan izləri vardı. Bütün zərbələrin, dəhşətli bəlaların yağı düşməndən gələcəyini gözləməli ikən bu dəfə öz əlimizlə öz qəlbimizi yaralamışdıq. Xalqını sevən ziyalılarımızdan birinə - Əjdər Xanbabayevə sui-qəsd edən çox təəssüf ki, azərbaycanlı idi...

Qara xəbər tez yayılar deyiblər... Dostları, yaxınları Əjdər Xanbabayevin qətlə yetirildiyinə inanmadılar. Ancaq sonradan bir həqiqətin fərqinə vardılar. Əslində bu qara xəbərə inanmaq istəməmişdilər. Əjdər Xanbabayevin neçə vaxtdır göstərdiyi cəsarət, gözlədiyi və uğrunda çalışdığı hadisənin baş verməməsinə çalışanlar bu ölümü addım-addım yaxınlaşdırmışdılar.

Xalqını sevən, onun gələcəyi naminə doğru bildiyi yolla irəliləyən, öz həqiqətini, fikir və mülahizələrini hər zaman bəlli edən, cilddən-cildə girməyən ziyalı idi Əjdər Xanbabayev. O, nə siyasət adamıydı, nə də məşhurlaşmağa ehtiyacı vardı. Əjdər Xanbabayevi onsuz da tanıyırdılar. Sözübütöv, yaxşılıq etməkdən yorulmayan insan kimi ehtiram göstərirdilər. O, bacarığı və zəhməti ilə uğur qazanmağa can atanlara kömək edirdi. Yəqin ona görə ki, özü də bütün uğurlarına qabiliyyəti, savadı və əməyi sayəsində nail olmuşdu...

Əjdər Xanbabayev 1931-ci ildə Ordubadda çoxuşaqlı ailədə dünyaya gəlib. Anası Nərgiz xanım evdar qadın idi. Evdə doqquz uşaq onun şəfqəti, sevgisi ilə böyüyürdü. Uşaqların qayğıkeş atası Rza kişi yeməkxana müdiri idi.

Bu sadə, mehriban ailəyə ilk bəla təbii fəlakətlə gəldi. Onda Əjdər Xanbabayev bir neçə aylıq körpə idi. Ordubadda zəlzələ baş verdi. Anası onu yarıdağılmış yanan evdən xilas edə bildi. Ancaq evin dağıntıları altında qalan bacısı vəfat etdi.

O zaman görənlərin, eşidənlərin sağ qalmasını möcüzə hesab etdiyi körpə Əjdər böyüdükcə də həyatın çox ağır imtahanları ilə qarşılaşdı, doğmalarının vaxtsız itkilərinin ağrı-acısını yaşadı... 1935-ci ildə böyük qardaşı Mikayıl faciəli şəkildə vəfat etdi. 1937-ci ildə də NKVD atasını saxta ittihamla - qanunsuz silah saxlama adı ilə həbs etdi. Amma əsaslı dəlillər toplaya bilmədilkləri üçün yaşadığı yerdən kənara çıxmamaq şərti ilə onu həbsxanadan buraxdılar.

Rza kişi azadlığa çıxdı, ancaq keçirdiyi sarsıntılar səhhətinə ciddi təsir göstərdi. Evə qayıtdıqdan sonra xəstələndi. Sağalan kimi ailəsi ilə Bakıya köçdü. Paytaxtda çətin günlər keçirdilər. Kirayə haqlarının ucuzluğuna görə zirzəmilərdə sığınacaq tapdılar. Ehtiyac, kasıblıq içində yaşayırdılar, bütün bunlar azmış kimi, atası tez-tez iş yerini dəyişmək məcburiyyətində qalırdı. Çünki hara gedirdisə, təhlükəsizlik orqanlarının təhdidini hiss edirdi. Rza kişi axır ki, karamel fabrikində fəhlə kimi işə düzəldi. “Kommunist əməyi zərbəçisi” adını aldı. Amma Xanbabayevlər ailəsi yenə yasa batdı. Keçirdiyi ağır sarsıntılardan sağlamlığını itirmiş Rza kişi 1944-cü ildə dünyasını dəyişdi.

Başçısını itirən ailənin vəziyyəti daha da ağırlaşdı. Dövr də çətin idi. Böyük Vətən müharibəsi davam edirdi. Müharibənin aclıq, səfalət bəlasını çəkməyən ailə çətin tapılardı. Talonla aldıqları ərzaq məhsulları ilə heç kim doymurdu. Əjdər Xanbabayevin böyük qardaşı İsmayıl ailəni Ordubada göndərməli oldu.

Əjdər Ordubadda həm fəhlə gənclər məktəbində oxuyur, həm də işləyirdi. Məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmaq üçün yenidən Bakıya döndü. Arzusuna çatdı. Ali məktəbə qəbul olundu. Ancaq onun tələbəlik illəri qayğısız keçmədi. Qardaşı ilə eyni otaqda kirayə qalır, yarıac-yarıtox dolanırdılar. Əjdər Xanbabayev birinci kursdan işləməyə başladı. Paytaxtdakı nəşriyyatların birində gözətçi, sonra kuryer işlədi. Üçüncü kursda oxuyanda o, Stalin təqaüdü almağa başladı. Bu təqaüd ailənin dolanışığına bir qədər təsir göstərdi.

1956-cı ildə universiteti bitirdi. Azərbaycan Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən “Elm” nəşriyyatında redaktor işləməyə başladı. Nəşriyyatın direktoru ilə aralarında narazılıq yarandı və onun işdən çxıması barədə əmr verildi. Əjdər Xanbabayev mühüm lüğətlərin redaktəsi ilə məşğul imiş. Onları bitirib sonra getmək istəyib. Bir gün direktor dəhlizdən keçəndə onun işlədiyini görüb. Səbəbini soruşub. Deyiblər ki, əlində iki vacib kitab var, onları bitirmədən getmək istəmir. Direktor otağına qayıdıb. Dərhal əmrini dəyişib, Əjdər Xanbabayevi nəşriyyatın baş redaktoru vəzifəsinə keçirib.

Belə başlayıb Əjdər Xanbabayevin naşir ömrü... Öyrənməyi və çalışmağı sevməsi onu tezliklə nəşriyyat sahəsində yüksək səviyyəli peşəkara çevirdi. Onun faciəli ölümü həm də respublikanın kitab nəşrinə zərbə oldu.

Uzun illər “Gənclik” nəşriyyatının baş redaktoru olmuş, şair, publisist Hidayət Orucov yazıb: “Nəşriyyat işinin elə incəlikləri, zərgər dəqiqliyi tələb edən elə xırdalıqları var ki, onlara heç bir dərslikdə, heç bir rəsmi sənəddə rast gələ bilməzsiniz. Respublikada mətbəə işi barədə hər şeyi bilən yalnız bir şəxs var idi, o da Əjdər müəllim idi”.

Azərbaycan Elmlər Akademiyasının “Elm” nəşriyyatının direktoru vəzifəsinə təyin ediləndə onun iyirmi səkkiz yaşı vardı. Sonralar yeni açılan “Yazıçı” nəşriyyatının direktoru oldu. 1986-cı ildə daha mühüm vəzifəyə, Azərbaycan SSR Mətbuat, Poliqrafiya və Kitab Ticarəti Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Qısa müddətdə 10 cildlik “Azərbaycan Ensiklopediyası” tamamlandı. 50 cildlik “Dünya uşaq ədəbiyyatı”, Azərbaycan dilində “Dünya ədəbiyyatı kitabxanası”nın ilk 30 cildi, Azərbaycan və rus dillərində 20 cildlik “Azərbaycan klassik ədəbiyyatı kitabxanası” çapdan çıxdı. Nizami Gəncəvi və digər dahi şairlərin əsərləri xarici dillərdə nəşr olundu.

Əjdər Xanbabayev nəşriyyat işini həm nəzəri, həm də praktik baxımdan mükəmməl bilirdi. Ancaq yaxşı naşir olmaq üçün bunların kifayət etmədiyi məqamlar da olurdu. Onda Əjdər Xanbabayev özünəməxsus cəsarətlə məsələni həll edirdi. O illərdə kitabın çap olunması asan məsələ deyildi. Yüzlərlə yazıçı, şair növbə gözləyirdi. Əjdər Xanbabayev neçə-neçə istedadlı, amma tanınmamış yazıçıya, şairə kömək etmişdi. Özü də şeirlər yazırmış. Bunu vəfatından sonra şəxsi arxivindən çoxlu şeirləri tapanda biliblər. O qədər böyük imkanlarına rəğmən tanınmış naşir öz şeirlərini çap etdirməyib.

Akademik Ziya Bünyadov dostu Əjdər Xanbabayev barədə deyib: “Əgər Azərbaycanda yüksək intellektə və geniş dünyagörüşünə malik 5-6 nəfər varsa, onlardan biri də Əjdər Xanbabayev idi”. Onu yaxından tanıyanlar əmin idilər ki, Əjdər Xanbabayev yalnız nəşriyyat işində deyil, bir sıra sahələrdə böyük uğurlara imza ata bilər. İstəsəydi namizədlik, doktorluq dissertasiyaları müdafiə edər, elm sahəsində böyük müvəffəqiyyət qazanardı. Respublikanın rəhbər vəzifələrində çalışa bilərdi. Amma o, seçdiyi peşəyə ömrünün sonunadək sadiq qaldı.

Əjdər Xanbabayevin cənazəsi ensiklopediyanın binasından qaldırıldı. Dəfn mərasimi izdihamla keçdi.

“Azərnəşr” direktorunun qətli ilə bağlı 1990-cı il mayın 31-də Bakı Şəhər Prokurorluğunda 44808 saylı cinayət işi açıldı. Qətl hadisəsi Heydər Əliyevin Azərbaycana qayıtmasının qarşısını almağa hədəflənmişdi. Hamının gün kimi aydın bildiyi bu həqiqətin üstünə kölgə salmaq üçün çox səy göstərdilər. Əjdər Xanbabayevin Qorbaçovun əsl simasını göstərən “Qara Yanvar” kitabının nəşrinə görə öldürüldüyü barədə rəyi formalaşdıra bilmədilər. Ortaya atmaq istədikləri qısqanclıq söhbəti də heç inandırıcı olmadı. 44808 saylı cinayət işi uzun illər əldən-ələ keçdi, dəfələrlə arxivə verildi.

Əjdər Xanbabayev siyasətdən uzaq idi. Amma siyasi motivlə qətlə yetirilmişdi. Təhlükəli yol tutduğunu özü də, dostları da yaxşı bilirmiş. Buna baxmayaraq, heç kim son nəticənin bu qədər ağır olacağına inanmayıb.

O, Heydər Əliyevə ilk dəfə 1989-cu ildə zəng edib. Həmin telefon söhbətini Ulu Öndər belə xatırlayırdı: “Əjdər Xanbabayev bildirdi ki, Moskvadadır və mənimlə görüşmək istəyir. Mən etiraz etmədim və ev ünvanımı verdim. Həmin gün və ya ertəsi gün o, bizə gəldi, söhbət etdik. O, mənim vəziyyətimlə maraqlandı, necə yaşadığımı soruşdu. Azərbaycanda vaxtilə bir yerdə işlədiyim adamların, qohumların gəlib-getmədiyi, məni yada salıb-salmadığı ilə maraqlandı. Mən gördüm ki, Xanbabayev mənim təcrid olunmuş vəziyyətdə, bəlkə də müəyyən qədər mühacirətdə, təzyiqlər altında yaşadığım dövrdə bir xeyirxah, qədirbilən insan kimi mənimlə maraqlanır, danışıb bəzi şeyləri aydınlaşdırmaq istəyir.

Mən onun bəzi suallarına cavab verəndə gördüm ki, təəccüb edir. Məsələn, mən ona deyəndə ki, uzun illər bir yerdə işlədiyim adamlar mən istefaya çıxdıqdan sonra, hətta xəstə olduğum vaxtlarda belə mənimlə maraqlanmayıb, məni arayıb-axtarmayıb, o, çox təəccübləndi, dəhşətə gəldi... Xanbabayevlə bizim görüşümüz, yaxın tanışlığımız belə başladı”.

Ulu Öndər Heydər Əliyev xatırlayırdı ki, Bakıya gəlməyə hazırlaşırdı, mayın sonuna bilet almışdı. Ancaq mayın 30-da gecə Əjdər Xanbabayevə sui-qəsd olundu. Heydər Əliyev yada salırdı: “Tamamilə günahsız bir adam, Azərbaycan xalqının ziyalıları içərisində dərin hörmət qazanmış bir adam, xalq qarşısında və uzun illər mədəniyyətimizin mühüm bir sahəsi olan nəşriyyat işində böyük xidmətləri olan bir adam amansız surətdə öldürülüb, qətlə yetirilib. Bu, çox böyük cinayətdir. Mən hələ o vaxtlar, keçmiş Azərbaycan rəhbərlərinin hakimiyyəti dövründə müsahibə və danışıqlarımda bu hadisəyə etirazımı bildirmişəm və tələb etmişəm ki, bu cinayət açılmalıdır və günahkar cəzalandırılmalıdır. Mən belə güman edirəm ki, rəsmi dövlət dairələri bu cinayəti törədibsə, onlar bu ölümü aça bilməzdilər. Məni daxilən, mənəvi cəhətdən sıxan odur ki, Xanbabayev öz daxilimdən gələn münasibətə görə, daxili münasibətimin mənə bildirdiyinə görə, məhz məni qorxudub Azərbaycana gəlməyimin qarşısını almağa görə öldürülmüşdür. Görün bu cinayətkarlar necə dəhşətlidir. Xanbabayev mənim Bakıya gəlməyimin qarşısını almağa görə öldürülüb. Ona görə də mənim arzu və istəyim ondan ibarətdir ki, haqq, ədalət naminə o günahsız adamın qurban getməsini nəzərə alaraq, onun uşaqlarının, nəvəsinin naminə cinayətkarlar məsuliyyətə cəlb olunsun”.

Heydər Əliyev hakimiyyətə gələndən sonra Əjdər Xanbabayevin qətlinin üstü açıldı. Altı il sonra qatillər məhkum kürsüsündə əyləşdi, icraçılardan başlayan iz yuxarılara uzandı...

Ömrü əlli yeddinci baharında namərd gülləsi ilə qırıldı. Onsuz keçən bu illər ərzində uğrunda çalışdığı, həyatını təhlükələrə atdığı arzuları gerçəkləşdi. O peşəkar naşirin, mərd insanın, vətənsevərin bu il doxsan yaşı tamam olur. Və bu gün Əjdər Xanbabayevin ruhunu şad edən bir Azərbaycan var. Düşmənlərinə gözdağı verən, azad, müstəqil Azərbaycan!

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video