08 Avqust 2020 01:20
1622
Elm və texnika
A- A+

Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə "Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər (Erməni icmasının timsalında)” kitabı "Elm” nəşriyyatında çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabda ilkin mənbələr əsasında Nadir şah Əfşarın dövründə Azərbaycanda xristian əhalinin vəziyyəti araşdırılıb və əsas diqqət tarixşünaslıqda az öyrənilmiş bir problemə - xristian əhalinin imtiyazları və onlara göstərilən himayədarlıq məsələsinə yönəldilib. Nadir şahın xristian kilsə və monastırlarının nümayəndələrinə xeyirxah münasibəti onun hökm və fərmanlarında əksini tapıb. Şahın öz xristian təbəələrinə qarşı yeritdiyi dözümlü siyasət nəticəsində Üçkilsə yeparxiyasının mülkiyyəti vergilərdən azad edilmişdi. Xristianlara kilsələrini nəinki bərpa etməyə, həm də yenilərini tikməyə icazə verilirdi.

Kitabın elmi redaktoru, akademik Ramiz Mehdiyev nəşrə yazdığı "Nadir şah və imperiyanın erməni icması: tarixi sənədlər uydurmalara və təhriflərə qarşı” sərlövhəli "Ön söz”də qeyd edir ki, Nadir şahın fəaliyyəti Azərbaycan üçün istər dövlətçilik və hərb tarixi, istərsə də ideoloji dəyişikliklər nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir: "Nadir şahın tarixi irsi sadalanan amillərlə yanaşı, mayası düşmənçilik və nifrətlə yoğrulmuş, bir qayda olaraq saxtakarlıq üzərində bina edilmiş millətçi erməni təbliğatının ifşası baxımından da böyük dəyər kəsb edir”.

Erməni tarixşünaslığının Nadir şahı xristianlığın düşməni olan islam fanatiki obrazında qələmə vermək cəhdlərini ənənəvi erməni təbliğatının növbəti təzahürü kimi dəyərləndirən alimin fikrincə, Azərbaycan tarixçilərinin vəzifəsi qarşı tərəfə emosiyalardan uzaq, sənədlərə və təhlilə söykənən tutarlı elmi cavab verməkdən ibarətdir. Sənədlər toplusu məhz sözügedən məqsədə xidmət edir. Nəşrdə əksini tapmış sənədlər Nadir şah dövründə ermənilərin Azərbaycan və İran ərazisində hansı statusda yaşadıqlarını birmənalı şəkildə göz önünə gətirir.

Kitaba 28 sənəd daxildir. Məktub və fərmanlardan ibarət həmin sənədlərin böyük əksəriyyəti Nadir şahla erməni icmasının münasibətlərindən bəhs edir. 28-ci sənəd isə Nadir şahın imperiyanın bütün xristian təbəələrinə etiqad azadlığının verilməsini ehtiva edən fərmandır. "Ön söz”də qeyd olunur ki, həmin fərmana əsasən, Nadir şahı müsəlman hökmdarlarının xristianlara münasibətdə çoxəsrlik tolerantlıq siyasətinin davamçısı da adlandırmaq olar.

Hər fərmanın sonuna onun verilməsini zəruri edən müraciət və şikayətin mətni əlavə edilirdi ki, bu da yerlərdəki məmura hökmdarın baş verənlərdən xəbərdar olduğunu izah edən xüsusi bir işarə kimi qiymətləndirilməlidir. Topludakı sənədlər arasında, həmçinin Nadir şahın oğlu, vəliəhd Rzaqulu Mirzənin ermənilərlə bağlı verdiyi 3 fərman mövcuddur. Həmin sənədlər də məzmunca Nadir şahın erməni icmasına münasibətdə yeritdiyi xəttin ruhuna uyğundur.

Oxuculara Azərbaycan dilində təqdim edilən bütün bu sənədlərin əhəmiyyəti onların erməni tarixşünaslığı tərəfindən də dəqiq qaynaq olaraq qəbul edilməsilə bağlıdır. Bu isə tədqiqatçıları mənbələrin ciddiliyi ilə bağlı ortaya atıla biləcək şübhə və mübahisələrdən azad edəcək.

Kitabdakı sənədləri fars dilindən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, mənbəşünas alim Əkrəm Bağırov tərcümə edib. Sənədlərin başa düşülməsini asanlaşdıran terminoloji lüğət və izahlar da tərcüməçi tərəfindən hazırlanıb. Toplunun tərtibçisi, kitabda yer alan "Nadir şah Əfşar hakimiyyəti dövründə Azərbaycanda xristian əhalinin vəziyyəti” tarixi araşdırmanın müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovadır. Layihənin rəhbəri isə AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovdur.

İlk dəfə elmi dövriyyəyə buraxılan bu sənədlər tarixşünaslığımız üçün faydalı mənbədir. Kitabda, həmçinin sənədlərin farsca mətni, fotofaksimilesi verilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video