02 Iyul 2021 01:00
900
SİYASƏT
A- A+

Müzəffər Ordunun mükəmməl təminatı

 

Azərbaycan əsgəri bu gün Qafqazın ən sivil, modern və hazırlıqlı hərbçisidir

 

Vətən müharibəsindəki şanlı qələbədən aylar ötməsinə baxmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun böyük döyüş yolu, zəfər yürüşünün parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq.

İyunun 26-da - Silahlı Qüvvələr Günündə isə Azərbaycan Ordusu ilk dəfə idi ki, qalib qüvvə kimi özünün ildönümünü qeyd etdi. Fəxarətlə dünyaya bəyan etdik ki, bu gün Azərbaycan əsgəri Cənubi Qafqazın ən sivil, modern və hazırlıqlı hərbçisinə çevrilib və 44 günlük Vətən müharibəsi bunun əyani təzahürüdür.

“Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə Ali Baş Komandan da bu məsələyə xüsusi toxunaraq vurğuladı ki, bu gün qürur hissi ilə Silahlı Qüvvələr Gününü müzəffər Ordu olaraq qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmayıb.

 

Ən mobil, ən yüksək döyüş hazırlığına malik ordu

 

Etiraf etməliyik ki, bu, heç də asan başa gəlməyib.

Prezident İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı, Silahlı Qüvvələrin döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksəkliyi hər zaman prioritet olaraq qalır.

Əgər belə olmasaydı, iİlbəil orduya ayrılan vəsaitin həcmi artırılmazdı, maddi-texniki baza daha da gücləndirilməzdi, yeni-yeni silah-sursat və hərbi texnika alınmazdı. Məhz bütün bu proseslər, həmçinin ölkədə hərbi sənayenin inkişafı sayəsində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrildi. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası, intellektual potensialı inanılmaz dərəcədə inkişaf etdi. Bütün bunlar istər yerli, istərsə də beynəlxalq hərbi ekspertlərin Azərbaycan Ordusunu Cənubi Qafqazda ən mobil, ən yüksək döyüş hazırlığına malik silahlı qurum kimi dəyərləndirməsinə zəmin yaratdı.

Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirdi. Son illər ərzində yaradılan hərbi təyinatlı zavodlarda çoxsaylı məhsullar istehsal olundu, ordumuz təchiz edildi. Ən müasir texnika və silahlar alındı. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən birinə çevrildi.

Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə aparılan islahatlar öz uğurlu nəticəsini verdi və Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Bu uğurlu addımlar isə bizi Qarabağa apardı...

Sentyabrın 27-də başlanan İkinci Qarabağ savaşında Azərbaycan Ordusunun zəfər yürüşü dünyaya səs saldı. Yeni taktika ilə Azərbaycan dünyaya göstərdi ki, necə bir qüdrətli orduya sahibdir. 

Nəzərə almalıyıq ki, düşmən təqribən 30 il ərzində müdafiə səddini çox fəal şəkildə möhkəmləndirmişdi. Müdafiə xətləri, üstəgəl uzunmüddətli atəş nöqtələri, sığınacaqlar yaratmışdı. Dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmaq üçün çox böyük cəsarət, qorxmazlıq tələb olunurdu. Ancaq Azərbaycan Ordusunun hər bir hərbçisi  əsl qəhrəmanlıq göstərərək düşmənin müdafiə xəttini yara bildi.

Şuşa əməliyyatı bu gün də müzakirə mövzusudur. Hətta ermənilər bele indiyədək anlaya bilmirlər ki, Azərbaycan Ordusu bu həmləni necə həyata keçirib.

Həqiqətən də bu əməliyyatlar tarixə düşüb. Həmin həmlələrdə iştirak edən xüsusi təyinatlılarımız, sərhəd xidmətinin xüsusi qüvvələri, daxili qoşunlar, təhlükəsizlik və kəşfiyyat xidmətləri, Naxçıvan ordusunun xüsusi qüvvələri bir daha Azərbaycan Ordusunun nəyə qadir olduğunu dünyaya nümayiş etdirdilər. Onların reallaşdırdıqları bütün əməliyyatların kombinasiyası uğurla nəticələnib.

Komandanlığın düzgün kombinasiyası ilə kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpuslarının döyüş hazırlığı birlikdə qələbəni təmin etdi.

İyunun 26-da hərbçilərlə görüşdə İlham Əliyev bu qələbəni belə qiymətləndirdi: “Biz güclü iradə göstərdik, cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq. Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq...Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.

 

Yeni döyüş taktikası, peşəkarlıq və qələbə əzmi...

 

İşğalçı Ermənistanın silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək, bu qələbənin şanına istər bədii, istərsə də elmi əsərlər yazılacaq.

İkinci Qarabağ müharibəsində Azərbaycan həm də yeni təcrübə topladı. Çünki ordumuz bunadək demək olar ki, müharibələrdə iştirak etmirdi, bu sahəyə yalnız nəzəri baxımdan yanaşırdı. Vətən müharibəsində zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhvali-ruhiyyəsi idi.

Sözün həqiqi mənasında, döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına bu qələbənin əldə olunmasını təmin etməsi hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu.

Güclü ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, ordu ilə xalqın vəhdətinin təmin edilməsi möhtəşəm qələbənin kökündə dayanan həqiqətlərdir. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə hazırkı dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi.

 

76 mindən artıq hərbçi təltif edildi, maaşlar artırıldı

 

Bu şanlı qələbəni bizə yaşadan Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusunun hərtərəfli təminatı dövlətin ən prioritet vəzifələrindən biridir. İlham Əliyevin Orduya diqqət və qayğısı göz önündədir.

Prezidentin müharibənin başa çatmasından qısa müddət sonra - dekabrın 9-dan 30-dək imzaladığı sərəncamlarla döyüşlərdə iştirak edənlər müxtəlif orden və medallarla təltif olundu. Qazilərimizə xüsusi qayğı göstərildi və bu gün də o dəstək davam etdirilir. Bu istiqamətdə yaradılan “YAŞAT” Fondu şəhid ailələri, qazilərimiz, onların ailə üzvlərinin problemlərinin həlli istiqamətində lazımi iş aparır.

İyunun 24-25-də isə Prezident bu istiqamətdə hər kəsi sevindirəcək daha iki sərəncam imzaladı. Dövlət başçısı 24 iyun tarixli sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına savaşan, rəşadət göstərən 76 min 349 nəfəri orden və medallarla təltif etdi. İyunun 25-də isə işğaldan azad edilmiş ərazilərimizdə hərbi xidmət keçənlərin maaşlarına 20-60 faiz həcmində əlavələri nəzərdə tutan sərəncam imzalandı.

Ümumiyyətlə, İlham Əliyevin rəhbərliyi ilə son illərdə hərbi quruculuq sahəsində aparılan islahatlar, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər sırasında yeni hərbi hissə və hərbi şəhərciklərin yaradılması, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması da xüsusi yer tutur. İstər paytaxtda, istərsə də bölgələrdə yerləşən hərbi hissələr müasir səviyyədə yenidən qurulub, yeni hərbi hissə və şəhərciklər salınıb. Bu isə ordu quruculuğu sahəsinə dövlət səviyyəsində göstərilən diqqətin təzahürü olmaqla yanaşı, həm də hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılmasında, onların döyüş qabiliyyətinin artırılmasında müstəsna əhəmiyyət daşıyır.

Ali Baş Komandanın iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olması da deyilənlərin növbəti əyani təzahürü oldu. 

Bundan əvvəlki dövrdə də Prezident hərbçilərin mənzil-məişət problemlərinin həlli, onların xidmət şəraitinin müasir standartlara uyğun yenidən qurulması, maaşlarının və ona əlavələrin yüksəldilməsi istiqamətində fərman və sərəncamlar imzalayıb. Yəni, bugünə qədər İlham Əliyev hərbçilərə qayğısını əsirgəməyib, onların sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi olaraq vacib addımlar atıb, əhəmiyyətli qərarlar verib.

Göründüyü kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu məqsədlə son illərdə paytaxtda və bölgələrdə xidməti yaşayış evləri tikilib, Prezidentin Ehtiyat Fondundan bu məqsədlə xeyli vəsait ayrılıb. Bu isə dünya praktikasında çox nadir hallarda müşahidə olunan haldır. Həyatını Vətəni qorumaq kimi şərəfli vəzifəyə həsr edən hərbçilərimizin rütbə və vəzifə maaşlarının artırılması, çoxsaylı güzəştlərin tətbiq olunması da daxildir. Bütün bunlar ordunun mənəvi-fiziki hazırlığını ən yüksək səviyyəyə qaldırmağa imkan verib.

 

Struktur islahatları başlayır, ordumuzun say tərkibi artırılır

 

“Gülüstan” sarayında keçirilən görüşdə Ali Baş Komandan ordumuzun gücünü, qüdrətini belə dəyərləndirdi: “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır... Bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi”.

Prezident bəyan etdi ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. Azərbaycanın hərbi gücü daha da artacaq. Müharibədən sonra da müvafiq göstərişlər verilib, yeni müqavilələr imzalanıb, müasir silahların, texnikanın, texnologiyaların alınması prosesi başlanıb.

Prezident Silahlı Qüvvələrimizdə struktur islahatlarının aparılacağının da anonsunu verdi. Bu islahatlarla həm də ordumuzun say tərkibi və hərbi gücü artırılacaq. Azərbaycan Silahlı Qüvvələri daha da qüdrətlənəcək. Bu da ki, əlbəttə, düşmənə gözdağı olacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video