28 Sentyabr 2021 01:47
1719
SİYASƏT
A- A+

Müzəffər Komandanın Zəfər yolu

 

Tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı İlham Əliyev tarixin ən möhtəşəm qələbəsinə müəlliflik etdi

 

Hər bir xalqın tarixində daim fəxarət və milli qürur hissi ilə xatırlanan, milyonlarla insanın taleyini dəyişərək yeni parlaq səhifələrə yol açan şərəfli təqvim günləri olur. Sentyabrın 27-si bu mənada xalqımızın 30 illik yurd nisgilinə, torpaq həsrətinə son qoyan, onun milli özgüvənini qaytaran əlahiddə tarixi gündür. 1 il əvvəl qətiyyətli liderin siyasi iradəsi, “İrəli!” əmri ilə ayağa qalxan Azərbaycan xalqı son əsrlərdəki tarixinin ən parlaq salnaməsini yazmışdı: rəşadətli ordumuz cəmi 44 gün ərzində işğal damğasını döyüş meydanında üzərindən atmağı bacarmış, milli natamamlıq kompleksindən xilas olmuşdur.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın təcəssümü olaraq Vətən müharibəsinin başlandığı gün - sentyabrın 27-si respublikamızda Anım Günü elan olunmuşdur. Sözügedən tarixin əbədiləşdirilməsi zərurəti ona əsaslanır ki, torpaqlarımızı qanı, canı bahasına işğaldan azad edərək tarixi ədalətin bərpasını təmin edən, xalqımızın başını ucaldan qəhrəman hərbçilərimizin qanı yerdə qalmamış, şəhidlərimizin qisası məhz döyüş meydanında alınmışdır. Prezident İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan 30 illik barışmaz mübarizə mərhələsinin məntiqi yekunu olaraq, beynəlxalq hüquq normalarını, BMT qətnamələrinin icrasını məhz döyüş meydanında - “dəmir yumruq” sayəsində bərpa etmişdir.

Ümummilli Lider Heydər Əliyevin uzaq hədəflərə hesablanmış iqtisadi siyasətini, mükəmməl ordu quruculuğu strategiyasını əzmlə davam etdirərək xalqımızın dərin mənəvi-siyasi dəstəyini qazanan cənab İlham Əliyev zəfərə aparan şərəfli yolun böyük sərkərdəsinə, yenilməz fatehinə çevrilmişdir. Dövlət başçısı torpaqlarımızın işğaldan azad edilməsi kimi ağrılı və çətin missiyanı ilk gündən üzərinə götürərək “güclü ordu - güclü dövlət” konsepsiyasının fundamental bazisi olan yeni iqtisadiyyat quruculuğunu daim xüsusi diqqətdə saxlamışdır. İqtisadi güc amili Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, transmilli şirkətlər, inkişaf etmiş ölkələr ilə iqtisadi-siyasi münasibətlərinin dərinləşməsində mühüm rol oynamış, eyni zamanda ərazilərimizin işğalı faktının etirafı, ərazi bütövlüyümüzün tanınması baxımından əhəmiyyətli olmuşdur. İqtisadiyyatın ildən-ilə güclənməsi diplomatiyanın fundamental sütunu kimi çıxış edərək ölkəmizin beynəlxalq arenada mövqelərini möhkəmləndirmiş, Ermənistanın işğalçı siyasətinin ifşası prosesi sürətlənmiş, paralel olaraq modern ordu quruculuğu istiqamətində ardıcıl tədbirlərin reallaşdırılmasına imkan vermişdir.

Rəsmi Bakının 30 ilə yaxın müddətdə nəticəsiz qalmış danışıqlar prosesində iştirakını şərtləndirən ən mühüm amil isə məhz respublikamızın haqlı mövqeyini beynəlxalq miqyasda, əsasən də mötəbər təşkilatlar çərçivəsində sübuta yetirmək üçün vaxt qazanmaq məramı olmuşdur. Ermənistanın destruktiv davranışları səbəbindən danışıqlar prosesinin heç bir real nəticə vermədiyini diqqətə çəkən rəsmi Bakı hərb yolunun qaçılmaz olduğunu beynəlxalq səviyyədə əsaslandıra bilmişdir.

2018-ci ildə müəyyən xarici ölkələrin Ermənistanda reallaşdırdığı inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın danışıqların uzun illər ərzində formalaşmış formatını dəyişmək, Qarabağdakı qeyri-qanuni rejimi münaqişə tərəfi kimi qəbul etdirmək cəhdləri, ciddilikdən uzaq olan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, Azərbaycan ərazilərinə qanunsuz səfərlər etməsi, Şuşa şəhərində yallı getməsi qarşı tərəfin sülh danışıqlarında maraqlı olmadığını aşkar şəkildə göstərirdi. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın ABŞ-a rəsmi səfəri zamanı səsləndirdiyi “Yeni torpaqlar üçün yeni müharibə” çağırışı vəziyyəti daha da gərginləşdirmişdi.

Prezident İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiyanın “Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasının plenar sessiyasındakı çıxışında Ermənistanın işğalçılıq siyasətinin ifşasına geniş yer ayırmışdır: “Qarabağ Azərbaycandır və nida işarəsi”.

2020-ci ilin iyul ayına təsadüf edən Tovuz döyüşləri, avqust ayında diversiya hazırlayan erməni təxribatçı qrupunun zərərsizləşdirilməsi, eləcə də Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın işğal altındakı ərazilərdə qeyri-leqal hərbi təlimdə iştirakının ictimailəşdirilməsi Vətən müharibəsi ərəfəsində gərginliyi pik həddə çatdırmışdır. Ermənistan tərəfinin bu qəbildən olan təhrikedici bəyanatları və destruktiv hərəkətləri Bakı tərəfindən haqlı olaraq sülh danışıqlarından imtina cəhdi kimi qiymətləndirilmişdir.

Bütün bunların fonunda münaqişənin sülh yolu ilə həlli istiqamətindəki cəhdlərin iflasa uğraması, Ermənistanın destruktiv davranışlarını davam etdirməsi münaqişənin yenidən alovlanmasına gətirib çıxarmışdır. Hərbi əməliyyatları şərtləndirən əsas səbəblərdən biri də Ermənistanın təxribatçı əməllərinin miqyasının 2021-ci ilin iyul-sentyabr aylarında daha da genişləndirməsi, İrəvanın güc yolu ilə ölkəmizin digər ərazilərini ələ keçirmək niyyətini açıq şəkildə bəyan etməsi olmuşdur. Nəhayət, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “İrəli!” əmri əsasında Azərbaycan Ordusu düşmənin təxribatlarına, ümumilikdə işğalına son qoymaq üçün sentyabrın 27-dən etibarən “Dəmir yumruq” əməliyyatı adı altında genişmiqyaslı əks-həmlə əməliyyatlarına başlamışdır.

Azərbaycan elə ilk günlərdən hərb müstəvisində olduğu kimi, informasiya cəbhəsində də çevik və qətiyyətli gedişləri ilə Ermənistan üzərində üstünlüyü ələ almış, düşmənin yalan və dezinformasiya üzərində köklənmiş saxta təbliğatının ifşası istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində 30-dək xarici KİV-ə müsahibə verən dövlət başçısı İlham Əliyev yüksək diplomatik məharətlə münaqişənin tarixi, danışıqlar mərhələsinin nəticəsiz qalmasının əsas səbəbləri, Ermənistanın qeyri-konstruktiv davranışlarının, ərazi ilhaqı siyasətinin, ağır müharibə cinayətlərinin region üçün təhdidləri, beynəlxalq təşkilatların qətiyyətsiz davranışları, habelə Azərbaycanın hərbi əməliyyatların dayandırılması ilə bağlı beynəlxalq hüquqa əsaslanan şərtlərini bəyan etmişdir. Prezident İlham Əliyevin qətiyyətli, obyektiv reallığa, dərin məntiqə əsaslanan cavabları qarşısında qərəzli mövqeyini gizlədə bilməyən əcnəbi jurnalistlər sonda susmağa məhkum olmuşlar. Həmin günlərdə sosial şəbəkələr də Azərbaycanda görünməmiş populyarlıq qazanmış, insanlarımız dövlət rəhbərinin rəsmi “Twitter” səhifəsini diqqətdə saxlamış, yeni qələbə müjdələrini bir-biri ilə paylaşmışlar.

Ümumilikdə, 44 gün ərzində döyüş meydanında qazanılmış parlaq hərbi qələbə əslində uzun illər boyu aparılmış danışıqlar prosesində ölkəmizin haqlı və prinsipial mövqeyini qətiyyətlə qorumuş Prezident İlham Əliyevin müdrik fəaliyyətinin, Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsinin, xalq-iqtidar birliyinin nəticəsi olmuşdur. Xalqımız bir daha əmin olmuşdur ki, dövlət başçısı nəyi nə zaman və necə edəcəyini yaxşı bilir, bütün addımları ən xırda detallarına qədər hesablayır.

Hərbi əməliyyatların gedişi onu da təsdiqləmişdir ki, Ermənistan ordusunun “güclü və məğlubedilməz olması” barədə iddialar sadəcə mif və yalandan ibarətdir. Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Ordusu ən müasir silah və hərbi texnikanın imkanlarından faydalanaraq, cəbhəboyu sürətli əks-hücum həyata keçirmiş, unikal döyüş strategiyasına əsaslanan “Dəmir yumruq” əməliyyatları ilə dünya hərb tarixində yeni səhifə açmışdır. Hərbi əməliyyatlar zamanı və sonrakı mərhələdə dünyanın müxtəlif ölkələrini təmsil edən hərbçilər, peşəkar mütəxəssislər etiraf etmişlər ki, Azərbaycan XXI əsrin müharibəsinin ən mükəmməl nümunəsini ortaya qoymuş, “minimum itki, maksimum nəticə” prinsipi ilə böyük nəticələrə nail olmuşdur. ABŞ Ordusunun quru qoşunlarının ovaxtkı baş qərargah rəisi, ordu generalı Ceyms MakKonvill bildirmişdir ki, Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatların öyrənilməsi gələcək doktrinaların, taktikaların dəyişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Müzəffər Ordumuz Vətən müharibəsində düşmənə ən sarsıdıcı, həlledici zərbəni Qafqazın incisi, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini işğaldan azad etməklə vurmuşdur. Beləliklə, ata vəsiyyəti, oğul qətiyyəti ilə Şuşa şəhəri işğaldan azad olunmuş, bu müjdəni Prezident İlham Əliyevin dilindən eşidən xalqımız tarixinin ən qürurlu, şərəfli günlərindən birini yaşamış, küçələrə, meydanlara axışaraq bu şanlı zəfərin sevincini bölüşmüşdür. Zəfəri rəmziləşdirən 8 Noyabr günü xalqımızın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixinə çevrilmiş, Şuşanın işğaldan azad edilməsi “Dəmir yumruq” əməliyyatının pik nöqtəsi olmuşdur.

Bu hadisədən sonra tamamilə sarsılan, məğlubiyyətini dərk edən Ermənistan hərbi-siyasi rəhbərliyi rəzil durumda 2021-ci il 10 noyabr tarixli kapitulyasiya sənədinə imza atmış və məğlubiyyətini etiraf etmişdir. Beləliklə, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın birmənalı qələbəsi ilə başa çatmış, rəşadətli ordumuz yüksək peşəkarlıqla həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı ilə hərb tariximizdə yeni şərəfli səhifələr açmışdır.

Rüsvayçı məğlubiyyətə düçar olmuş təzavüzkarın imzalamağa məhkum olduğu 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən təhvil verilməsi Azərbaycanın parlaq qələbəsinin növbəti real təzahürü olmuşdur. Bu, Prezident İlham Əliyevin müdrik siyasi addımları, qətiyyətli qərarları, xalqımızın dəstəyi və ordumuzun döyüş əzmi nəticəsində əldə edilmiş şanlı qələbə olmuşdur.

Xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsi günlərində və sonrakı mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Ordusunun şəxsi heyətinə, xüsusilə də yaralanmış döyüşçülərə, Vətən uğrunda şəhid olmuş hərbçilərin ailələrinə xüsusi ehtiram və həssaslıqla yanaşmış, müalicə alan yaralıları hərbi hospitalda ziyarət edərək əlillərin dövlət hesabına müasir protezlərlə təmin olunacaqlarını bildirmişlər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva postkonflikt mərhələsində Prezident İlham Əliyevin yürütdüyü informasiya savaşına dəstək vermiş, onun şəxsi “Instagram” səhifəsində işğaldan azad edilmiş ərazilərdən paylaşdığı foto və videogörüntülər Ermənistanın ağır müharibə cinayətlərini bütün dünyaya nümayiş etdirmişdir.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində ölkəmizin münaqişənin həllinə nail olmaqla bölgədə yeni geosiyasi reallıq yaratdığını, bu reallıqla hər kəsin barışmasının vacibliyini bir daha bəyan etmişdir. Dövlət başçısının Vətən müharibəsindən sonra ölkəmizin ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini, prinsipial şərtlərini diktə etməsi, xalqın iradəsini əsas tutaraq bütün təhdidlərə əzmlə sinə gərməsi Azərbaycanın dünyadakı nüfuzunu gücləndirməklə yanaşı, Cənubi Qafqaz regionunda lokomotiv ölkə statusunu bir daha təsdiqləmişdir. Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra ölkəmizin öz tarixinin heç bir mərhələsində olmadığı qədər qüdrətli və şanlı mərhələni yaşadığını, iqtisadi, siyasi, hərbi gücünə, xalq-iqtidar vəhdətinə görə regionun həlledici dövlətinə çevrildiyini bəyan etməsi Ermənistana və onun havadarlarına sərt mesaj olmuşdur. Cənab İlham Əliyev bildirmişdir ki, Vətən müharibəsinin nəticəsi olaraq ermənilərin regionda ikinci erməni dövləti yaratmaq cəhdlərinin qarşısı birdəfəlik alınmışdır.

2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Prezident İlham Əliyev demişdir: “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.

Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı ilə tarixi haqsızlığa son qoyulmuş, “Dağlıq Qarabağ” termini tarixin arxivinə gömülmüşdür. Tərkibinə Xankəndi şəhərinin, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonunun yaradılması, eləcə də Cəbrayıl, Kəlbəcər, Laçın və Zəngilan rayonlarını birləşdirən  Şərqi Zəngəzur iqtisadi rayonunun formalaşdırılması Azərbaycanın birliyinin və bölünməzliyinin bir daha təsdiqi olmuşdur.

Vətən müharibəsindəki zəfərdən sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin Cənubi Qafqaz regionunda ən abad, müasir zonaya çevriləcəyini bəyan etmişdir. Qısa zamanda regionda mühüm infrastruktur layihələrinin icrasına başlanılması, Suqovuşana və Talış kəndinə, eləcə də Füzulidən Şuşa şəhərinə yeni yolların çəkilməsi, Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə tikilərək istifadəyə verilməsi, Zəngilan və Kəlbəcər hava limanlarının təməlinin qoyulması, dəmir yollarının bərpasına başlanılması, “ağıllı kənd”, “ağllı şəhər”, “yaşıl enerji” kimi innovativ layihələrin icrası, Şuşa şəhərində aparılan yenidənqurma işləri, Ağdam şəhərinin baş planının təsdiq edilməsi və digər tədbirlər dövlət başçısının ərazilərimizin bərpası və yenidənqurulmasına həssas münasibətinin bariz göstəricisidir. 2021-ci ilin dövlət büdcəsində ərazilərimizin bərpası və yeniqənqurulması üçün 2,2 milyard manat vəsaitin ayrılması planlaşdırılan işlərin əhatə dairəsi, miqyası və intensivliyi ilə bağlı əyani mənzərə yaradır.

Şübhəsiz, 30 ilə yaxın müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən iqtisadi təsərrüfat dövriyyəsinə cəlb edilməsi ölkəmizin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır. Görülən işlər deməyə əsas verir ki, yaxın illərdə işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, həyata keçirilən quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını möhkəmləndirəcək, Azərbaycanın inkişafında yeni mühüm mərhələ açacaqdır.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı bəyan etdiyi kimi, bu gün Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkmək, faşist və işğalçı ideologiyadan imtina etməkdir. Yalnız bu cür konstruktiv yanaşma əsasında sərhədyanı ərazilərdəki hərbi münaqişələrə birdəfəlik son qoyulması, qarşıdurma riskinin aradan qaldırılması, münaqişə səhifəsinin birdəfəlik bağlanması mümkündür.

 

Ağalar VƏLİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video