27 Avqust 2021 01:05
522
Səhiyyə
A- A+

Mütəxəssislər əmindirlər: peyvənd insanı virusdan qoruyur

 

Dünyada COVID-19-la bağlı vəziyyət yenidən narahatlıq hissini artırır. Belə ki, yoluxma və ölüm sayı hələ də yüksəkdir. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər yenə də ABŞ, Hindistan, Braziliya, Rusiya və Fransadır.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm hallarının qedə alındığı ölkələr isə ardıcıl olaraq Rusiya, İran və Türkiyədir. Qonşu Gürcüstanda bu təhlükəli virusla bağlı vəziyyət hələ də acınacaqlı olaraq qalır.

Ölkəmizdə hələ də koronavirusa yoluxma və bu xəstəlikdən həyatını itirənlərin sayında azalma müşahidə olunmur. Bütün dünyada COVID-19-la bağlı vəziyyətin mürəkkəbləşməsi vaksinasiya prosesinin aktuallığını daha da nəzərəçarpan edib. Əhalinin peyvəndlənməsi ilə əlaqədar olaraq həkimlər tərəfindən vətəndaşlara çağırışlar edilir. Mütəxəssislər bu fikirdədirlər ki, pandemiyanın bitməsi üçün 70-80 faiz civarında insanların vaksinasiyadan keçməsi zəruridir.

 

“Uşaqların valideynləri, ətrafındakı şəxslər peyvəndli olarsa, onlara ciddi bir şey olmaz”

 

Azərbaycanda bu məsələ ilə bağlı vaxtaşırı rəqəmlər açıqlanır. Səhiyyə nazirinin müavini Teymur Musayev bildirib ki, ölkədə hər iki doza almış vətəndaşların sayı 35 faizdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva isə qeyd edib ki, hazırda reanimasiyaya düşən xəstələrin 96 faizi peyvənd olunmayanlardır. Onun sözlərinə görə, süni tənəffüs aparatına qoşulanların da 97 faizi vaksin vurulmayanlardır: “Vəfat edənlər arasında 99 faiz vaksin olunmayanlar aşkarlanır. Vaksinasiyadan keçmiş şəxslərin 0,6 faizində kritik vəziyyət müşahidə edilib”.

“Dünyada peyvəndlə bağlı milyonlarla insan üzərində tədqiqat aparılır. Birmənalı gəlinən nəticə odur ki, peyvənd qoruyur. Çünki bu gün tək bizdə yox, bütün dünyada süni tənəffüs aparatına qoşulanların, reanimasiyada olanların 90 faizindən çoxu peyvəndsiz olanlardır. Ya da saxta peyvənd vurduranlardır” - Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov  nazirliyin canlı yayımında suallara cavab verərkən belə deyib.

Baş pediatr uşaqların peyvəndlənməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Bilirsiniz ki, bizim ölkəmizdə uşaqlara koronavirusla bağlı peyvənd vurulmur. Onları ətrafdakı insanlardan qorumaq ən yaxşı yoldur. Uşaqların valideynləri, ətrafındakı şəxslər peyvəndli olarsa, onlara ciddi bir şey olmaz. Ona görə ən yaxşı yol peyvənd olunmaqdır”.

 

“Payız ayları pandemiyaya hazırlıq məsələsində son dərəcə əhəmiyyətli dövr olacaq”

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinq zamanı diqqətə çatdırıb ki, payız ayları pandemiyaya hazırlıq məsələsində son dərəcə əhəmiyyətli dövr olacaq.

ÜST rəhbəri bəyan edib ki, növbəti üç ay gələcək pandemiyaya hazırlığın təmin edilməsi və buna reaksiya tədbirlərinin təşkili üçün ağır bir dövr olacaq.

Təşkilatın baş elmi işçisi Sumya Svaminatan isə brifinqdə bəyan edib: “ÜST hazırki mərhələdə koronavirusa qarşı peyvəndin əlavə dozalarını tövsiyə etməyə hazır deyil”. O, vurğulayıb ki, ÜST-ün bu məsələdə mövqeyi elmi dəlillərə əsaslanır. Bu dəlillər isə hələlik yetərincə deyil.

Brifinq zamanı təşkilat sədri Tedros Adhanom Gebreyesus da əlavə doza vaksinlərin tətbiq edilməsi məsələsindən danışıb. O, üçüncü dozanın faydası və təhlükəsizliyini şübhə altına alıb. Gebreyesus bildirib: “Peyvəndin gücləndirici üçüncü dozasının faydası barədə yekun rəy hələ ki, yoxdur. Biz onun təhlükəsiz olub-olmadığını da bilmirik”.

 

Ümidverici proqnozlar da var

 

Koronavirus pandemiyası ilə bağlı bütün dünyanın ümidverici xəbərlər gözlədiyi bir vaxtda ABŞ Prezidenti Co Baydenin baş tibb müşaviri, həmçinin Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi proqnozlar verib. “Haber Global”ın məlumatına görə, həkim önümüzdəki aylarda vəziyyətin daha da pisləşəcəyini deyib.

Vaşinqtonda təşkil olunmuş mətbuat konfransında çıxış edən Fauçi bildirib ki, pandemiyanın bitməsi insanların davranışlarından, xüsusən də peyvənd olunma istəyindən asılıdır. Həkimin bildirdiyinə görə, əgər dünya əhalisi kütləvi şəkildə vaksinasiyadan keçirilsə, 2022-ci ilin yaz aylarında pandemiyanın başa çatmasından danışmaq, tədricən normal həyat şərtlərinə qayıtmaq mümkün olar. Eyni zamanda prezident müşaviri ölkəsində hələ 90 milyon nəfərin peyvənd olunmadığını nəzərə çatdırıb.

Qeyd edək ki, bütün dünyada mütəxəssislər koronavirusu məğlub etməyin yollarını araşdırır. Bir çox ölkələrdə artıq bu virusa qarşı ən effektiv vasitə sayılan vaksinlər hazırlanıb. Ötən həftə açıqlandı ki, Azərbaycanda da ilk dəfə vaksin yaradılmasına başlanılıb. TƏBİB-dən bildirilib ki, artıq bununla bağlı tədqiqatlara start verilib: “Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video