16 Mart 2019 01:07
2184
SİYASƏT
A- A+

Müstəqil siyasətin qlobal təsdiqi


İlham Əliyev lider qətiyyəti ilə Azərbaycana beynəlxalq etimad qazandıran siyasət yürüdür


Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumunun budəfəki mövzusu "Dünyanın yeni xarici siyasəti”dir. 3-cü gündür davam edən VII forumun panel iclaslarında bu mövzu ətrafında qlobal siyasətin dəyişməsində böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə Orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu və digər mühüm məsələlər müzakirə edilir.


Forumun intellektual potensialı yüksəkdir


Tədbirdə 55 ölkədən 500-dən çox nümayəndənin, o cümlədən hazırda fəaliyyətdə olan 5 prezidentin, 1 baş nazirin, 2 baş nazirin müavininin, 42 sabiq dövlət başçısı və baş nazirlərin, çoxsaylı analitiklərin, jurnalistlərin, gənc liderlərin iştirakı Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biri olduğunu təsdiqləyir.

Digər tərəfdən, forumun bu tərkibdə keçirilməsi onun intellektual potensialından xəbər verir. Çünki müzakirə olunan məsələlərlə bağlı danışanlar, təkliflər və təşəbbüslər irəli sürənlər bu gün ayrı-ayrı dövlətlərə rəhbərlik edən prezidentlər, vaxtilə prezident və ya baş nazir postları tutmuş dövlət xadimləri, hazırda tanınmış siyasi mərkəzlərdə çalışan politoloqlardır. Bu baxımdan forumun intellektual potensialı kifayət qədər əhatəli və zəngindir. "Bizim forumumuzun intellektual səviyyəsi ildən-ilə artır. Bu tədbirdə lap əvvəldən iştirak edən insanlar kimi biz, əlbəttə ki, bunu söyləyə bilərik. Bu gün bu forumun dünya xəritəsində çox mühüm yeri var və forum hələ də inkişaf prosesini yaşayır” - deyə Prezident İlham Əliyev bu barədə bildirib.


Dövlət maraqlarını layiqincə təmin edən siyasi kurs


Forumun müzakirə mövzularına gəldikdə isə, qeyd etməliyik ki, ölkənin inkişaf səviyyəsini, nüfuzunu, dünyada ona göstərilən ehtiramı və digər bu kimi əsas xüsusiyyətlərini xarakterizə edən cəhətlərdən biri yürüdülən siyasətin məzmun və mahiyyətidir. Sürətlə dəyişən dünya nizamı hər bir dövlətdən çevik və milli maraqlara uyğun xarici siyasət həyata keçirilməsini tələb edir. Təbii olaraq bütün ölkələr dünya birliyinin subyekti olaraq həm özünün milli maraqlarına cavab verən, həm də müstəqil siyasət həyata keçirmək istəyir. Lakin qlobal şəraitə uyğunlaşmaq və milli maraqlara söykənən xarici siyasət yürütmək hər dövlətə nəsib olmur.

Təcrübə göstərir ki, bəzi dövlətlər dünyada nəyin baş verib-verməməsindən asılı olmayaraq nəinki müstəqil xarici, daxili siyasət belə həyata keçirə bilməkdən məhrumdurlar. Belə ölkələrin hakimiyyətlərinin beynəlxalq məsələlərlə bağlı mövqeləri xarici siyasi mərkəzlərlə razılaşdırılır. Bəzən isə beynəlxalq münasibətlərdəki təbəddülatlar, enerji və milli təhlükəsizlik məsələləri, sivilizasiyalararası dialoqun təhdidi ölkələri həyata keçirdikləri siyasəti kənar təsirlərlə uzlaşdırmağa, müəyyən diktələri qəbul etməyə məcbur edir.

Belə dövlətlərdən fərqli olaraq, Azərbaycanın həyata keçirdiyi siyasətin tamamilə müstəqil olması hazırda bütün dünyanın qəbul və etiraf etdiyi reallıqdır. Azərbaycanın milli və dövlət maraqlarını bütün səviyyələrdə layiqincə və uğurla təmin edən Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin mövqelərini davamlı olaraq gücləndirir. Prezident Azərbaycanın dövlət siyasətini beynəlxalq siyasi və iqtisadi proseslərlə uzlaşdırır, regional və qlobal miqyasda milli maraqlarımıza xidmət edən siyasi xətt yeridir.

VII Qlobal Bakı Forumunun açılış mərasimindəki nitqində bu barədə danışan Prezident İlham Əliyev bir daha Azərbaycanın xarici siyasətinin müstəqil olduğunu bəyan etdi: "Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır”.


Azərbaycan beynəlxalq əməkdaşlığın növbəti formatını yaradıb


Prezidentin qeyd etdiyi kimi, tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın xarici siyasət prioritetləridir. Bunun nəticəsidir ki, Azərbaycan regionun iqtisadi mərkəzinə çevrilib. Regiondakı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri məhz ölkəmizdə kəsişir. Azərbaycan özünün qətiyyəti, tərəfdaş ölkələrlə bərabərhüquqlu əməkdaşlığı sayəsində buna nail olub. Rəsmi Bakının razılığı və iştirakı olmadan Cənubi Qafqaz regionunda qlobal layihələrin həyata keçirilməsi mümkün deyil.

Təbii ki, Azərbaycanın müstəqil siyasətindən söz açdıqca enerji layihələrinə toxunmamaq mümkün deyil. Ölkəmizin enerji siyasəti bütövlükdə regionun enerji xəritəsini dəyişib, Xəzərin karbohidrogen ehtiyatlarının alternativ yollarla dünya bazarlarına çıxarılmasını təmin edib. Son olaraq "Cənub qaz dəhlizi”nin çəkilməsi bir daha gərgin beynəlxalq münasibətlər şəraitində Azərbaycanın müstəqil siyasətinin təsdiqidir. Və bu siyasətlə Azərbaycan enerji, o cümlədən nəqliyyat sektorlarında Asiya, Qafqaz və Avropa ölkələrini əhatə edən beynəlxalq əməkdaşlığın yeni geniş formatını yaradıb.

Təbii ki, Azərbaycanın xarici siyasət prioritetlərindən biri də beynəlxalq təşkilatlarla əlaqələrdir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan nadir ölkələrdən biridir və Prezidentin forumda qeyd etdiyi kimi, bu imkandan iki təşkilat arasında daha çox tərəfdaşlıq qurmaq üçün istifadə edir.

Prezident İlham Əliyev lider qətiyyəti ilə tam müstəqil və Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsinə və inkişafına xidmət edən uğurlu siyasət həyata keçirir. Beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və rəğbətlə yanaşmasının da əsas səbəbi məhz bu siyasətdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video