11 Noyabr 2011 01:11
309
CƏMİYYƏT
A- A+

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaradılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur

 

Noyabrın 10-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi və Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) birgə təşkilatçılığı ilə Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Birliyin idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək vurğulamışdır ki, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ölkəmizin tarixində çox mühüm yer tutur. Konstitusiyanın yaradılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Məhz ulu öndərin təşəbbüsü ilə xalqımız hər il bu günü bayram - Konstitusiya Günü kimi qeyd edir.

Azərbaycanın Konstitusiya quruculuğu prosesi haqqında məruzə ilə çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev bildirmişdir ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ölkədə hakimiyyət bölgüsünün təmin edilməsi istiqamətində bir sıra qanunlar qəbul etmişdir. Sovet İttifaqı dövründə respublikamızda qəbul olunmuş dörd konstitusiya formal xarakter daşımış, orada əksini tapmış insan hüquqlarının mühafizəsi ilə bağlı konkret mexanizmlər fəaliyyət göstərməmişdir.

Diqqətə çatdırılmışdır ki, 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin ilk təşəbbüslərindən biri Konstitusiyanın yaradılması olmuşdur. Nəticədə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası referendum yolu ilə qəbul edilmişdir.

C.Qaracayev bildirmişdir ki, ilk Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Konstitusiyanın qəbulundan sonra ölkəmizin hüquq sistemində ciddi islahatlar aparılmışdır. 2009-cu ildə keçirilmiş referendumdan sonra insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət etmək məqsədilə sosial hüquqların təminatı məsələləri də Konstitusiya Məhkəməsinin fəaliyyətinə daxil olunmuşdur.

Son dövrdə ölkəmizin ictimai-siyasi həyatında Birliyin fəallığını xüsusi vurğulayan GTMŞ-nın sədri, Milli Məclisin deputatı Fuad Muradov Konstitusiyamızda müəyyən olunmuş prinsiplərin həyata keçirilməsində hər bir vətəndaşın öhdəlik və vəzifə daşıdığını demişdir. Doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının konstitusion hüququnun pozulduğunu qeyd edən F.Muradov bu baxımdan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin fəallığının artırılmasının vacibliyini vurğulamışdır. Bildirmişdir ki, yaxın vaxtlarda Konstitusiya və dövlət atributları ilə bağlı gənclərin biliklərinin yoxlanması məqsədilə imtahanlar keçiriləcəkdir.

İcmanın idarə heyətinin üzvləri - Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin deputatları Rövşən Rzayev, Elman Məmmədov, Şuşa Rayon Xalq Məhkəməsinin sədri Allahverən Həsənov və başqaları Azərbaycan Respublikasının Konstitusiyanın qəbul olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmişlər. Natiqlər insanların hüquq və bərabərliyinin, iradə azadlığının əsas qanunda təsbit olunmasını, bunun ümumxalq səsverməsi yolu ilə təsdiqini tapmasını Azərbaycanın gələcəyinə hesablanmış uğurlu siyasi addım kimi qiymətləndirmişlər. Sonra müzakirələr aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video