18 Sentyabr 2021 00:29
777
Mədəniyyət
A- A+

Musiqi gününün indi bir başqa təntənəsi var

 

Dahi azərbaycanlı Üzeyir bəy Hacıbəylinin doğum günü Azərbaycan xalqı üçün milli musiqinin bayram günüdür. Onun 110 illik yubileyi ilində, 1995-ci ildə Ulu Öndər Heydər Əliyev “Üzeyir musiqi gününün keçirilməsi haqqında” fərman imzaladı. Beləliklə, hər il sentyabrın 18-də milli musiqimizin bayram kimi qeyd olunması rəsmiləşdi.

Ancaq hər il bu böyük təntənəyə nisgil qarışır. Təəssüflənirdik ki, Azərbaycanın istedadlı və fədakar övladının ata yurdu erməni təcavüzkarlarının işğalı altındadır. Artıq bu il sevincimiz hədsizdir. Çünki müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalıb, Ermənistan silahlı qüvvələrini otuz ilə yaxın işğal altında saxladıqları torpaqlarımızdan qovub. Odur ki, builki Üzeyir musiqi gününün bir başqa gözəlliyi və təntənəsi var.

18-24 sentyabrda keçiriləcək ənənəvi Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində bir sıra tədbirlərin təşkili nəzərdə tutulub. Tədbirlər Bakıda, Gəncədə, Ağdamda düzənlənəcək. Ənənəvi Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi Festivalının builki ilk konserti isə Şuşada keçiriləcək. Sentyabrın 18-də, Üzeyir musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə mədəniyyət mərkəzimiz Şuşada açıq havada konsert təşkil ediləcək.

Dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir bəy Hacıbəyli əslən şuşalıdır.

Onun uşaqlığı “Qafqazın  konservatoriyası” adlandırılan bu gözəl şəhərdə keçib. Şuşanın zəngin musiqi mühiti Üzeyir bəyin xəyallarına qol-qanad verib, nadir fitri istedadını cilalayıb.

Şuşada, Tiflisdəki Qori Müəllimlər Seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan Üzeyir bəy Hacıbəylinin fəaliyyəti çoxşaxəli olub. O, gənc yaşından Cəbrayıl qəzasının Hadrut kənd məktəbindən başlayan pedaqoji işini Bakıda ömrünün sonunadək davam etdirməklə yanaşı, Azərbaycan mətbuatının, musiqi və teatr sənətinin inkişafında müstəsna xidmətlər göstərib. İlk tamaşası 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında təqdim olunan “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Bəstəkar bir-birinin ardınca yazdığı “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Koroğlu”, “Harun və Leyla” muğam operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirib.

Üzeyir bəy Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb. Üzeyir bəyin elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafında böyük xidmət kimi dəyərləndirilir. Üzeyir bəy 300-dən çox xalq mahnısını toplayıb nota salıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın Dövlət himninin musiqisini yazıb.

Musiqi xəzinəsinin ən qiymətli incilərindən hesab olunan “Sənsiz” və “Sevgili canan” romansları ilə o, romans-qəzəl janrının əsasını qoyub. Üzeyir bəy Hacıbəylinin bu iki romansı üçün Azərbaycanın dahi şairi Nizami Gəncəvinin  qəzəllərinə müraciət etməsi təsadüfi olmayıb. Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı tədbirlər barədə düşünüldüyü zaman böyük bəstəkarımızın da möhtəşəm ideyaları olub. Onda 1940-cı illərin əvvəlləri idi. Üzeyir bəy Hacıbəyli dünya şöhrətli şairin “Yeddi gözəl” əsərindəki gözəllərin obrazlarına uyğun yeddi şeirinə musiqi bəstələmək qərarına gəlib. Obrazların musiqi portreti, daxili aləmləri və xarakterlərini bəstələyəcəyi vokal miniatürlərdə əks etdirməyi düşünən bəstəkar yenə də möhtəşəm əsərləri ilə musiqisevərləri heyrətləndirəcəkdi... Amma ağrılı-acılı hadisələr araya girib. Böyük Vətən müharibəsi başlayıb. Üzeyir bəy bu iki əsəri - 1941-ci ildə “Sənsiz”, 1943-cü ildə isə “Sevgili canan” qəzəl-romanslarını bəstələyə bilib. Hər iki romansın ilk ifaçısı tanınmış müğənni Bülbül olub. Sonra Müslüm Maqomayev kimi korifey sənətkar da həmin əsərləri özünəməxsus tərzdə ifa edib.

 

“...kədər, qüssə, fəlakət sənsiz”

 

1948-ci il 24 noyabr... O gün də Bülbülün ifasında “Sənsiz” səslənib:

 

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,

Hicrinə yandı canım, yox daha taqət sənsiz!

 

Noyabrın 23-ü, gecə  saat 2-də Azərbaycan xalqının böyük, fədakar oğlu bu dünya ilə vidalaşıb. Mir Cəfər Bağırovun göstərişi ilə Üzeyir bəyin cənazəsi Azərbaycan Elmlər Akademiyasının böyük salonunda qoyulub. Dahi Üzeyir bəy Hacıbəyli ilə vidalaşmaq üçün gələnlərin sayı bilinməyib. Həmin gün - noyabrın 24-ü ümumxalq matəmi kimi tarixə yazılıb. Hər kəs kədərə boğulub, göz yaşları selə dönüb. Əbədi ayrılığın qüssəsinin ən gözəl tərcümanı isə “Sənsiz” olub... Üzeyir bəyin cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılaraq Fəxri xiyabana aparılıb...

 

Əbədi duyğulardan “danışan” musiqi əsərləri...

 

Şərqin bir sıra qüdrətli şairləri kimi Nizami Gəncəvinin də poeziyasında bir ahəngdarlıq, ritm var. Şairin əsərləri hər zaman istedadlı bəstəkarlarımızın diqqətini cəlb edib, onları opera, balet, simfonik və kamera əsərləri yaratmağa ilhamlandırıb. Üzeyir bəydən başlayaraq Nizaminin şeirlərinə bir sıra xor əsərləri, vokal miniatürlər - romans və mahnılar bəstələnib. Maestro Niyazi “Xosrov və Şirin” (1942), Əfrasiyab Bədəlbəyli “Nizami” (1947) operalarını, Qara Qarayev “Yeddi gözəl” (1952), Fikrət Əmirov “Nizami” (1984), Tofiq Bakıxanov “Xeyir və Şər” (1990) baletlərini yazıblar. Bu sırada Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri olan “Nizami” (1947) və Məmməd Quliyevin “Xəmsədən damlalar” (1993) simfoniyalarını da qeyd etməliyik.

Nizami Gəncəvinin əruz vəznində yazdığı “Sənsiz” və “Sevgili canan” qəzəllərində də axıcılıq, musiqililik var. Və ayrı-ayrı dövrlərdə, fərqli əsrlərdə yaşayan iki dahi bu iki möhtəşəm əsərdə “görüşüb”. Poeziyamızın dahisi Nizami Gəncəvi və musiqimizin dahisi Üzeyir bəy Hacıbəylinin “yaradıcılıq birliyindən” bu iki ölməz romans yaranıb.

Üzeyir bəy Hacıbəyli məşhur romanslarını - “Sənsiz”i 80, “Sevgili canan”ı isə 78 il bundan qabaq bəstələyib. Bu illər ərzində hər iki əsər heç vaxt diqqətdən kənarda qalmayıb. “Sənsiz” də, “Sevgili canan” da hər dəfə səsləndikcə sanki dinləyicisini real aləmdən alıb öz sirli məkanına aparır. Musiqi ilə sözün vəhdətindən yaranan heyrətamiz duyğuların hakim kəsildiyi o məkanda insan öz könül dünyasını aydınca görür, pünhan hissləri ilə həmsöhbət olur.

 

Başqa bir yarı necə axtarım, ey nazlı mələk,

Bilirəm, sən də dedin: “Yox yarə hacət sənsiz!”

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,

Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!

 

- deyə ayrılıqdan, həsrətdən haray çəkən duyğuları anladır “Sənsiz”...

 

Hüsnün gözəl ayətləri, ey sevgili canan!

Olmuş bütün aləmdə sənin şəninə şayan.

Gəl eylə inayət, mənə ver busə ləbindən,

Çünki gözəlin busəsidir aşiqə ehsan.

 

- deyə sevginin əbədiliyini aşiqə yalvarış dolu şikayətlə izhar edir “Sevgili canan”... Bu əsərlərdə sözlə musiqi həmahəng olub, ölümsüz hisslərdən “danışır”. Və nə qədər bu duyğular var, o qədər də “Sənsiz”, “Sevgili canan” romanslarını heyranlıqla dinləyənlər olacaq.

Bu il Nizami Gəncəvinin 880 illiyini qeyd edirik. 2021-ci il “Nizami Gəncəvi ili”dir. Böyük şairin özü və əsərləri barəsində yeni elmi məqalələr yazılır, incəsənət əsərləri yaranır. Aradan nə qədər il də keçsə, yubiley ildönümləri də dəyişsə, hər zaman dahi Nizami yubileyinə ən gözəl töhfələr arasında Üzeyir bəyin “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri olacaq...

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video