25 Iyun 2021 23:10
456
CƏMİYYƏT
A- A+

Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi konseptual yenilikləri nəzərdə tutur

 

İyunun 25-də Azərbaycan Respublikasının Milli Məclisində Mülki Prosessual Məcəlləyə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında verilmiş tapşırıq və tövsiyələrə müvafiq olaraq müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən istifadə etmək, ədalət mühakiməsi mexanizmlərinin daha effektiv fəaliyyətini təmin etmək məqsədilə hazırlanıb.

Qanun layihəsinin hazırlanması çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsinin, apellyasiya və birinci instansiya məhkəmələrinin, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) təklifləri toplanaraq müvafiq işçi qrupunda təhlil edilib, xarici dövlətlərin və beynəlxalq məhkəmələrin qabaqcıl təcrübəsi, habelə Dünya Bankının “Doing Business” layihəsi üzrə tövsiyələri nəzərə alınaraq, mülki prosessual qanunvericiliyin təkmilləşdirilməsi üçün mütərəqqi müddəalar işlənib hazırlanıb.

Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş müzakirələrdə işçi qrupun üzvləri olan Ali Məhkəmənin hakimləri iştirak edərək Milli Məclisin deputatlarının suallarını cavablandırıblar. Qeyd edilib ki, layihə Mülki Prosessual Məcəllənin fəlsəfəsini əhəmiyyətli dərəcədə dəyişən, konseptual yenilikləri nəzərdə tutur. Belə ki, məhkəmələrdə işin baxılmağa hazırlanması mərhələsi yenidən işlənmiş, dəyişikliklər işlərə məhkəmə iclasında daha səmərəli şəkildə baxılmasının təmin edilməsinə yönəlib. Tərəflərin tələblərinin və sübutların qabaqcadan bəlli olan müddətlərdə bir-birinə və məhkəməyə verməsi, öz arqumentlərini daha əsaslı surətdə hazırlayaraq təqdim etməsi məhkəməyə tərəflərin mövqeyini daha dəqiq öyrənməyə imkan verəcəkdir ki, bu da son nəticədə məhkəmə qərarlarının keyfiyyətinin artırılmasına səbəb olacaq.

Bundan əlavə, layihəyə əsasən bir sıra hallarda məhkəmələrdə işlərə yazılı icraat qaydasında baxılması qaydaları müəyyən edilib. Yazılı icraatın tətbiqi tərəflərin məhkəməyə təqdim etdiyi prosessual sənədlərin keyfiyyətinə tələbkarlığı artırmaqla yanaşı məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların da qarşısını alacaq.

Layihədə nəzərdə tutulmuş növbəti yenilik proses iştirakçılarına məhkəməyə gəlmədən videokonfrans əlaqə sistemindən istifadə edilməklə mülki işlər üzrə icraatda iştirak etmək imkanını nəzərdə tutur. Həmçinin layihəyə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişlənməsinin növbəti mərhələsi onun istifadəçiləri üçün sənədlərin daha sürətli və rahat mübadiləsini və digər üstünlükləri təmin edəcək.

Qanun layihəsi mülki proses zamanı tətbiq edilən təminat tədbirlərinin tətbiqi qaydalarını daha müfəssəl tənzimləməklə, belə tədbirlərin tətbiqində çevikliyin artırılmasına, eyni zamanda, daha əsaslandırılmış qərarların qəbul olunmasına, bu tədbirlərdən sui-istifadə edilməsi imkanlarının azaldılmasına səbəb olacaq.

Hüquq ictimaiyyəti arasında geniş müzakirəyə səbəb olmuş məhkəmə cərimələri ilə bağlı müddəalara da iclas zamanı aydınlıq gətirilib.

Belə ki, Mülki Prosessual Məcəllənin mövcud redaksiyasında məhkəmə prosesini ləngitməyə yönəlmiş etirazın verilməsinə görə məhkəmə prosesi iştirakçılarının cərimələnməsi nəzərdə tutulur. Həmçinin Məcəllənin 120-ci maddəsinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən müəyyən məbləğ tuta bilər.

Məcəlləyə təklif edilən redaksiyada isə nəzərdə tutulur ki, nəinki əsassız iddia, həmçinin açıq-aşkar əsassız vəsatət və ya şikayət verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəf, onun nümayəndəsi və ya vəkili 500 manatadək cərimə edilə bilsin.

Göründüyü kimi, təklif edilən bu dəyişiklik qüvvədə olan normanı dəqiqləşdirir, hətta vəsatətin əsassız hesab edilməsi üçün mövcud olan tələbi, standartı sərtləşdirir. Bununla yanaşı, vəsatət vermək hüququndan sui-istifadə edən subyektdən tutula biləcək məbləğin yuxarı həddi müəyyən edilir. Dəyişikliyin məqsədi məhz məhkəmə prosesinin süni surətdə yubadılması hallarını aradan qaldırmaq, bununla da ədalət mühakiməsinin səmərəliliyini artırmaq və vətəndaşların məhkəmə müdafiəsi hüququnu daha dolğun şəkildə təmin etməkdir.

Bəzi hüquqşünasların yuxarıda sadalanan konseptual dəyişiklikləri diqqətdən kənar qoyulmaqla, cərimə ilə bağlı dəqiqləşdirmə xarakterli dəyişikliyə həddindən artıq kəskin reaksiya verilməsi təəccüb doğurur.

Ali Məhkəmə mütəmadi olaraq hüququn inkişafına xidmət edən məsələləri hüquq ictimaiyyətinin müzakirəsinə çıxararaq qanunvericiliyin və məhkəmə təcrübəsinin təkmilləşdirilməsinə yönəlmiş təklifləri təqdim etməyə dəvət edir. Təəssüflə qeyd edilməlidir ki, bəzi hüquqşünaslar hüququn inkişafına əsl töhfə vermək əvəzinə, sosial şəbəkələrdə həqiqəti əks etdirməyən çıxışlar etməyə üstünlük verirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video