09 Iyun 2021 22:21
766
SİYASƏT
A- A+

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Vətən müharibəsinin Zəfər bayraqlarına düzlən!” mövzusunda tədbir keçirilib

 

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində bir neçə gündür “Vətən müharibəsinin Zəfər bayraqlarına düzlən!” devizi altında vətənpərvərlik tədbirləri keçirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Dəmir Yumruq” əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsinin Zəfər bayraqları təntənəli surətdə tədbirlərin keçirildiyi məkanlara gətirilir, Qələbəyə gedən yollar tərənnüm edilir, müharibənin xronikasına nəzər salınır, şəhidlərin xatirəsi ehtiramla yad olunur, qazilər, müharibə iştirakçıları cəbhə xatirələrini bölüşür, kitab təqdimatları təşkil edilir, sənədli filmlər, videoçarxlar nümayiş etdirilir, ümumiyyətlə, erməni faşizmi üzərində qazandığımız şanlı qələbə şəxsi heyət arasında geniş təbliğ olunur.

Şəmkir və Gədəbəy rayonları ərazisindəki hərbi hissələrdə keçirilən tədbirlər şəxsi heyətin böyük marağına səbəb olmaqla yanaşı, həm də hər bir hərbi qulluqçunun döyüş ruhunu, mənəvi-psixoloji hazırlığını, o cümlədən vətənpərvərlik hissini daha da yüksəldir.

Tədbirlərdə layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, hələ 2018-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev demişdir: “Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir. Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayraqları bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır”.

A.Qurbani qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın bu arzusu, istəyi, uzaqgörən fikri çox çəkmədən gerçəkləşdi və Azərbaycan xalqı, dövləti və Ordusu işğal edilmiş əzəli tarixi torpaqlarını son 200 il ərzində ilk dəfə güc yolu ilə azad etdi. Bu möhtəşəm qələbə, bu şanlı Zəfər xalqımızın sağlam mənəvi birliyinin, həmrəyliyinin, dövlətimizin qüdrətinin, rəşadətli Ordumuzun gücünün və Azərbaycan Prezidentinin siyasi iradəsinin, qətiyyətinin, hücum diplomatiyasının və Ali Baş Komandanımızın dəmir yumruğunun qələbəsidir.

Mədəniyyət paytaxtımız Şuşada, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın rayonlarında, eləcə də Xudafərin körpüsündə, Hadrut qəsəbəsində və Suqovuşan yaşayış məntəqəsində ucaldılan Zəfər bayraqlarının Vətən müharibəsində fərqlənən döyüşçülər tərəfindən təntənəyə gətirilməsi hər bir döyüşçünün Vətən sevgisini, qələbə əzmini, torpağa bağlılığını daha da artırıb.

Gədəbəyin etibarlı şəkildə müdafiə olunan guşələrindən birində təşkil olunan tədbirdə rayonun Qaramurad kəndindən olan el ağsaqqalı Qasım baba nəvəsi, tibb xidməti baş leytenantı Şöhrət Şakir oğlu Qasımovun müqəddəs Vətən savaşında hərbi hissənin tibb xidməti rəisi kimi fəal iştirakından, döyüş meydanında yaralılara ilk tibbi yardım göstərilməsi və onların təxliyə olunmasında göstərdiyi fədakarlıqlardan iftixarla danışıb, dövlətimizin başçısının onu ölümündən sonra orden və medallarla təltif etməsindən qürur duyduğunu deyib. Qasım baba əsgərlərə arzu edib ki, şəhidlərimizin qanı bahasına zirvələrə sancılan bu bayraqlara düzlənərək bundan sonra da Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etsinlər.

Ağsaqqalın uca səslə dediyi “30 il bundan qabaq bu dağlarda, Başkənd əməliyyatında mən də könüllü olaraq vuruşmuşam. İndi 85 yaşım olmasına baxmayın, bu yaşımda də sizinlə birlikdə erməni quldurlarına qarşı döyüşməyə hazıram!” sözlərini döyüşçülər ayaq üstdə alqışlayıblar.

Qasım babaya Müdafiə Nazirliyinin nəşri olan “Vətən müharibəsi şəhidləri” silsiləsindən yeni çapdan çıxmış birinci kitabın nüsxəsi təqdim olunub. Bu kitabda tibb xidməti baş leytenantı Ş.Qasımovun həyat və döyüş yolu haqqında da geniş məlumat verilir. Ağsaqqal kitabı öpərək qəbul edib və minnətdarlığını bildirib.

Bir an içində havanın kəskin dəyişməsi, ildırım çaxması, şimşək oynaması və yay yağışının başlamasına baxmayaraq, tədbir davam edib.

Əməkdar artist Cahangir Qurbanovun və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin digər üzvlərinin ifasında təqdim edilən “Döyüş bayrağı”, “Qələbəyə gedən yollar”, “Qalib sərkərdə”, “Müzəffər Ordumuz”, “Biz gəlmişik, Qarabağ!” mahnıları, şeirlər, rəqslər böyük maraqla qarşılanıb.

Azərbaycanın Milli Qəhrəmanı şəhid İlham Əliyevin bacısı oğlu, Cəbrayıl, Qubadlı və Laçın döyüşlərinin iştirakçısı, ehtiyatda olan çavuş Etibar Əliyev bu gün bayraqdarlar qrupuna başçılıq etmək etimadını qazandığına görə komandanlığa minnətdarlıq edib, ordudan tərxis olunmasına baxmayaraq, Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğunu bildirib.

Hərbi hissə komandirinin müavini polkovnik Rasim Manafov tədbirin təşkilatçılarına və yaradıcı heyətə minnətdarlıq edərək böyük inam hissi ilə bəyan edib: “Qoy, təcavüzkar Ermənistan və onların havadarları birdəfəlik bilsinlər: Vətən müharibəsinin Zəfər bayraqları etibarlı əllərdədir və bu bayraqlar heç zaman enməyəcək!”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video