19 Iyul 2021 12:35
839
SİYASƏT
A- A+

Müdafiə naziri Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, məktubda müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə şəxsi heyəti ürəkdən təbrik edən nazir müqəddəs və şərəfli xidmətdə hərbçilərimizə uğurlar arzulayıb.

Vurğulanıb ki, hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı insanlar arasında bərabərliyin, birliyin daha da artırılmasının və eyni zamanda, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təntənəsinə çevrilib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərimizi yüksək tutaraq adət və ənənələrimizin qorunub saxlanmasında misilsiz xidmətlər göstərib.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin bu gün davam etdirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dövlətinin iqtisadi dayaqları möhkəmlənib. Ölkəmiz demokratik dövlət quruculuğu və dinamik inkişaf prosesində böyük nailiyyətlər qazanaraq, dünyada islami və bəşəri, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanınır. Müzəffər Ali Baş Komandan tərəfindən atılan inamlı addımlar sayəsində Azərbaycan Respublikasının müdafiəsi və təhlükəsizliyinin təminatçısı olan ordumuz gündən-günə qüdrətlənir, dünyanın ən güclü orduları sırasında yer alır.

“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Vətən müharibəsində zəfər qazandı. Ali Baş Komandanın qətiyyəti, müdrik və uzaqgörən siyasəti, eyni zamanda, ordumuzun vətənpərvər, peşəkar zabit və əsgərlərinin şücaəti, qəhrəmanlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda əzəmətlə, qürurla dalğalanır.

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, şəhidlərimizin valideynlərini və ailə üzvlərini, şəxsi heyəti bayram münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və Vətənə, xalqa, orduya şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəksiniz.

Sizi Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram. Qurban bayramı həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!”, - deyə müdafiə nazirinin təbrik məktubunda bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video