25 Avqust 2020 00:35
3670
SİYASƏT
A- A+

MİSSİYA


Müasiri olduğun şəxsiyyətlər haqqında düşüncələrini qələmə almaqdan ötrü yazı masasının arxasına keçəndə istər-istəməz özünü tarix qarşısında da məsuliyyətli sanırsan...

Gələcək nəsillər bəşəriyyətin keçmişini, şəxsiyyətlərin həyat və fəaliyyətini belə sənədli materiallardan öyrənirlər, ayrı-ayrı müəlliflərin düşüncələri işığında dəqiq bir qənaətə gəlirlər.

Ona görə də adam belə yazılarında mümkün qədər çalışır ki, subyektivlikdən uzaq dursun. Yazıya çevirdiyi qənaətlər fərdi düşüncələrinin tərcümanı olmaqla yanaşı, həm də ümumun baxışlarını əks etdirsin.

Deyirlər ki, şəxsiyyətlərin əsl qiymətini tarix verir.

Həqiqətən, eyni dövrü paylaşdığın böyük insanlar haqqında əksəriyyətin fikir və rəylərinin bəzən birmənalı olmadığını görürsən.

Hamılıqla içində ömür sürdüyümüz vaxt bir insanın böyüklüyünü qəbul etməkdən ötrü konkret meyarlardan savayı, həm də o qədər xırda gözləntilər, aydın olmayan münasibətlər, dəyişkən baxış bucaqları müəyyənləşdirir ki, şəxsiyyətin ən ədalətli qiymətini almasından ötrü, həqiqətən, ən ədalətli münsif kimi məhz vaxtın yetişməsini gözləməli olursan.

Bu səbəbdən öz zəmanənin böyük insanları haqqında fikirlərini ipə-sapa düzmək həm də böyük yaradıcı tərəddüddür.

Amma elə şəxsiyyətlər də var ki, onlar haqqında yazmağa başlayanda heç bir tərəddüdə yer qalmır.

Adamın içində intəhasız bir əminlik olur ki, bu qələmə aldıqların fərdi fikir və rəylərin deyil, o insanın cəmiyyətin gözləri önündə yaratdığı şərəfli ömür tarixinə bütün başqalarının verdiyi qiymətdir, həyat və fəaliyyəti haqqında bir yazıda ifadə olunan ictimai rəydir.

Mehriban xanım Əliyeva haqqında indiyə qədərki bütün yazılarımın ilk cümlələrinə məhz belə bir əminliklə başlamışam... Bu dəfə də belədir...

Və bunları yaza-yaza düşünürəm ki, yazını tamamlayanda mətnin imza yerində bu sətirlərin müəllifi qədər özünü bu Vətənə qəlbən bağlı sanan, Azərbaycanın yaxşılığını arzulayan, bu dövlət üçün sidq-ürəkdən çalışanları ruhlandırmağı özünə borc bilib onların layiqli qiymətini verməyə can atan hər bir azərbaycanlının imzası ola bilər...

***

Bir neçə gün əvvəl televiziyada "Troya” filminin nümayiş etdirildiyini gördüm. Bu filmə təkrar-təkrar baxmışam, amma nəzərlərimi yenidən özünə kilidlədi, axıra qədər maraqla seyr etdim. Başa çatanda isə növbəti dəfə əmin oldum ki, hər cəhətdən dahiyanə adlandıra biləcəyimiz əsərlərin heyrətamizliyi hər dəfə baxdığında, oxuduğunda, dinlədiyində onların ötürdüyü fərqli mesajlardır, anlatdığı yeni həqiqətlərdir, onlardan hər dəfə əxz etdiyin daha bir mənəvi tərbiyədir.

İlk dəfə Homerin məşhur "Odisseya” əsərində xatırlanan qədim yunan əsatirlərinin motivləri əsasında çəkilmiş filmin bu dəfə düşüncələrimdə buraxdığı iz tarix üçün yaşamağın insan üçün niyə bu qədər vacibliyi sualına tapdığım cavabdan ibarət oldu.

Bu filmin igidliklərinə, daşıdıqları yüksək mənəvi dəyərlərə görə pərəstiş etdiyim Hektor, Axilles kimi qəhrəmanlarının aqibətinə nə vaxtsa acımışdım. Bu hiss sonrakı seyrlərimdə də qəlbimə hakim kəsilirdi. Amma ilk dəfə məhz sonuncu seyrdə dərk etdim ki, bu hissimdə yanılmışam. Belə bir tale ilə tarixdə həm də bu qədər böyük əzəmətlə qalmaq, əslində, həmin qəhrəmanların xoşbəxtliyidir. Onlara bu qədər böyük ruhu, igidliyi, cəsarəti verən də tarixdə öz yerlərini tutmaq arzusudur. Onlar bu yeri qazanmaq üçün doğulmuşdular və o mərtəbəyə çatıb unudulmaz oldular.

Əslində, zaman dünyaya gəlmiş hər bir insana belə bir şans verir. Həm də həyatımız boyu təkrar-təkrar anladır ki, tarixdə əbədilik qazanmaqdan ötrü böyük qəhrəmanlıqlar göstərməyə, sonunu düşünmədən həyatından keçməyə gərək yoxdur.

Sadəcə, tək özünə deyil, başqalarına da faydalı olmaq, el üçün bir işin qulpundan yapışmaq lazım gələndə yaxanı kənara çəkməmək, ən əsası isə elədiklərini hansısa məcburiyyət üzündən deyil, qəlbinin sevgisi ilə, sidq-ürəkdən görmək bundan ötrü yetər.

Kiçicik bir missiya ilə əbədiyyət qazanmaq şansı bu qədər yaxınkən, əfsuslar olsun ki, əksəriyyət yenə də ömrü boşuna xərcləməyi üstün tutur. Dünyaya gəldiyi kimi, bir gün də dünyadan izsiz-soraqsız yoxa çıxır.

Mehriban xanım Əliyeva kimi şəxsiyyətlərin ilkin missiyası isə insanlara, insanlığa bunun əksini öyrətməkdir. Göstərməkdir ki, bizim Tanrının əta etdiyi fiziki ömrümüz, hər bir canlıya xas təbii instinktlərimiz kimi ictimai ömrümüz, cəmiyyət qarşısında daşıdığımız məsuliyyət də var.

Daşıdığımız insan adının başlıca missiyası bunu dərk etməkdən başlanır...

Və əbədiyyət qazanmaqdan ötrü bəzən elə bunun dərki də yetər...

***

İnsanlıq missiyasından başqa, hər kəsin özünün fərdi bir missiyası da var.

Həmçinin Tanrının öz bəndələri arasından nadir bacarıq və istedad ətası ilə seçdiyi insanlar da var ki, bu lütf tarixin ayrı-ayrı dönəmlərində Azərbaycan xalqından əsirgənməyib.

Şah İsmayıl Xətai cəmi 14 yaşında sərhədləri məğribdən məşriqə qədər uzanan vahid Azərbaycan dövlətini yaratdı, bu, onun missiyası oldu...

Nadir şah əsrlərin zəiflətdiyi, taqətdən saldığı Səfəvilər dövlətini toparlayıb, yenidən vahid Azərbaycan dövlətini yaratmağı bir missiya kimi üzərinə götürdü...

Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoymuş böyük düşüncə adamlarımızın missiyası Azərbaycanın coğrafi və mənəvi sərhədlərini müəyyənləşdirməkdən ibarət oldu...

Bütün bu missiyaların fövqündə bir missiya da var: Heydər Əliyev missiyası...

Heydər Əliyev Azərbaycan xalqının ona qədər yetirdiyi nadir istedad sahiblərinin missiyalarını özündə birləşdirən qüdrət sahibi kimi tarix səhnəsinə çıxdı. Orada öz əbədiyyətini qazandı...

Dədə Qorqud müdrikliyi, Babək əzmi, Nizami, Füzuli, Nəsimi irfanı, Şah İsmayıl Xətai gücü, Həsən bəy Zərdabi ziyası, Azərbaycan Demokratik Respublikasını qurub-yaratmış zəka sahiblərimizin bəsirəti Heydər Əliyev şəxsiyyətində əks olunmuşdu.

O, üzərinə düşən tarixi bir missiyanı bu qüdrətin işığında şərəflə yerinə yetirdi. Müstəqil Azərbaycan dövlətini qurub-yaratdı. Milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdi. Azərbaycanı dünyaya çıxardı. Müstəqilliyinin daimiliyi, əbədiliyi, dönməzliyi təmin olunmuş milli dövlətimizi əmin əllərə tapşırdı.

Azərbaycanın işıqlı gələcəyi naminə başa çatdıra bilmədiyi işləri müqəddəs missiyanın davamı kimi mənəvi irsinin varisi - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həvalə etdi.

İlham Əliyev isə belə bir inamın, güvənin gücü ilə tarixin ən qüdrətli Azərbaycanını yaratdı...

Bu da yeni bir missiyadır və əzmlə davam etdirilən bu missiya Azərbaycanı hər gün ümidlərimizdəki ən xoşbəxt günlərinə doğru bir addım da yaxınlaşdırır. Bir zamankı arzularımızı addım-addım reallığa qovuşdurur.

Və bu möhtəşəm tarixin içində bir də Mehriban xanım Əliyeva missiyası var...

Son 25 ildə bu missiya gözlərimiz önündə cərəyan edir. Amma bu missiyanın tarixi hüdudları konkret zamanın sərhədlərinə sığmaz. Mehriban xanım Əliyevanın bu missiyasının ömrün erkən çağlarından onu əhatə etmiş mühitin təsirləri, mənsub olduğu ocağın dəyərləri əsasında çox-çox əvvəllərdən başlandığının fərqindəyik...

***

Onun həyat missiyası konkret bir istiqamətlə məhdudlaşmır. Bu missiyanın işığı insanların, ümumən, bəşəriyyətin ehtiyacları olan bütün istiqamətlərdə görünür, qəlbləri, düşüncələri aydınlığa çıxarır.

Bu mənada Mehriban xanım Əliyeva adı dünyamız üçün Yer üzündəki milyardlarla insan arasında fərd olaraq birini konkretləşdirən, təsəvvürdə konkret bir şəxsin surətini yaradan təfəkkür hadisəsi deyil...

Bu ad bütöv bir dəyərlər sistemidir, aid olduğu böyük və şərəfli tarixin, şəcərənin, ictimai mühitin, o mühitin xarakterini müəyyən edən ziyalı şəxsiyyətlərin ümumi mənəvi obrazıdır...

Keçmişlə bu gün, irslə varislik arasındakı qırılmaz bağlılıqdır...

***

Mehriban xanım Əliyeva yerinə yetirdiyi ictimai missiya etibarilə tarixi fenomendir. O, ilk növbədə, Azərbaycan qadınını belə bir tarixi fenomenə çevirməyə nail olmuş, bu adı layiq olduğu belə yüksək ucalıqda qərarlaşdıra bilmiş şəxsiyyət kimi dərin sevgi və hörmət sahibidir.

Dünyada qadınlara səsvermə hüququ ilk dəfə XX əsrin əvvəllərində Azərbaycanda verilib. Qadın ən mühüm vətəndaşlıq hüququnu bu torpaqlarda əldə edib. Bu, belə bir addımı atan düşüncə sahiblərimizin, o dövrdəki siyasilərimizin qəfildən fikirləşib, yaxud hansısa dövlətin yanaşmalarını təqlid edib verdikləri qərar deyildi. Daha çox epos təfəkkürümüzdən, tarixən qadının Azərbaycan toplumundakı ali mövqeyindən, eyni zamanda inanc sistemimizdən irəli gələn bir yanaşma idi.

Mifik dünyagörüşümüzdə qadının yeri "Kitabi-Dədə Qorqud dastanları”ndan bəllidir. Əgər dünya dinlərinin tarixinə nəzər salsaq, müqəddəs inancımızın da qadına münasibət məsələsində dünyanın ən mükəmməl dəyərlər sistemlərindən olduğunu dərhal görəcəyik.

Bununla belə, razılaşaq ki, istənilən toplum təfəkkürünün formalaşdırdığı prinsiplərin özünü nə dərəcədə doğrultması, dünyaya, bəşəriyyətə hansı faydaları verməsi o topluma mənsub insanların davranışlarından, ictimai çevrələrdə sərgilədikləri şəxsi nümunələrdən, qazandıqları nailiyyətlərdən asılıdır.

Türk-İslam düşüncəsi qadınlara geniş hüquqlar tanıyan, qadını, ananı müqəddəsləşdirib ucalardan uca tutan, qadın haqlarına yüksək sayğı ilə yanaşan mükəmməl baxış kimi örnək sayılsa da, əfsuslar olsun ki, tarixin müəyyən dönəmlərində bəzi Şərq ölkələrində yaşanan sosial-siyasi reallıqlar türk-müsəlman qadınları haqqında hüquqsuz, təhsilsiz, xurafata meyilli və s. bu kimi yanlış düşüncələrin yaranmasına səbəb olmuşdu.

Bu mənada Mehriban xanım Əliyeva öz adı, əməlləri, zəkası, intellekti, gündən-günə güclənən beynəlxalq nüfuzu ilə qlobal dünyamızda Şərq qadını haqqındakı yanlış düşüncəni ortadan götürən, qadını epos təfəkkürümüzdəki, islami dəyərlərdəki ucalıq zirvəsinə yetirən, insanlığın baş tacı edən qüvvədir...

***

Konkret bir fərdin ömür yolu ayrı-ayrı mərhələlərdən, hər dönəmə xas ehtiyaclardan, görüləsi işlərdən keçdiyi kimi, bunun təxminən bənzərini xalqların həyatında da izləyə bilirik.

Xalqlar da insanlar kimi, doğulur, mənəvi tərbiyəyə, fiziki sağlamlığa, maariflənməyə, sosial rifahının təmin olunmasına, öz dəyərlərini formalaşdırmağa ehtiyacı yaranır.

Eyni inkişaf proseslərindən biz də keçmişik, keçirik...

Mehriban xanımın ötən əsrin 90-cı illərinin ortalarından üzü bəri davam edən ictimai fəaliyyətini nəzərdən keçirdikcə bu fəaliyyətin cəmiyyətimizin konkret dönəmlərdəki inkişaf ehtiyaclarını necə qanunauyğunluqla izlədiyinə, dövrün ruhunu dəqiqliklə əks etdirdiyinə heyrətlənməyə bilmirsən.

Ötən əsrin 80-ci illərinin sonlarında istiqlal haqqımızı əldə etmək üçün ayağa qalxarkən, bu haqqı canımızla-qanımızla alarkən biz xalq olaraq yenidən doğulduq, yenidən dünyaya gəldik və dərhal da hiss etdik ki, dünyanın bizi yenidən görüb tanımasına ehtiyac var.

Onun da fərqində idik ki, xalq, ilk növbədə, yaratdığı mədəniyyətdən ibarətdir. Hər bir xalqın təşəkkülü və inkişafı yeni bir mədəniyyətin doğulması deməkdir. Mədəniyyət xalqın mənəvi tərbiyəsidir. Başqaları onun böyüklüyünə, gücünə, inkişaf səviyyəsinə məhz mədəniyyəti işığında qiymət verir. Ona görə də bir körpənin gələcəyə hazırlanması onun tərbiyəsindən başladığı kimi, xalqa xidmət də onun mədəniyyətinə xidmətdən başlanır.

Bəli, müstəqilliyimizin ilk illərində biz xalq olaraq dünyaya yenicə gəlmiş körpə misalında idik. Böyük dünyaya doğru birinci kövrək addımlarımızı atdığımız yer, söykəndiyimiz tarixi təməllər möhkəm sayılırdı, amma əsrlər boyu taleyimizə hakim kəsilmiş vahid mədəniyyətdən, son onilliklərdə adımıza yapışmış sovet xalqı ifadəsindən sıyrılıb özümüzü dünyaya müstəqil xalqın, dövlətin, milli mədəniyyətin təmsilçiləri olaraq təqdim etmək ehtiyacı da vardı önümüzdə.

Müstəqilliyimizin təlatümlü ilk illərini geridə buraxıb Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aydın inkişaf yoluna çıxanda ən çox həm də buna ehtiyacımız vardı. Bunu isə ancaq mədəniyyətin gücü ilə edə bilərdik. Milli mədəniyyətimizin gücü, işığı bizə həm də xalqın müstəqillik dövründə mənəvi tərbiyəsi, özünə əminliyi, gələcəyə ruhlanması üçün vacib idi.

Belə bir məqamda Mehriban xanım Əliyeva ilk dəfə məhz milli mədəniyyətimizə xidmət missiyası ilə ictimai məkanda göründü. Yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondu qısa zamanda böyük işlər gördü.

Mehriban xanımın dünyanın müxtəlif səmtlərində yaşayan minlərlə insanı, ayrı-ayrı tanınmış şəxsiyyətləri Azərbaycan mədəniyyətinə dost etməyə nail olması ona görə önəmli idi və bu gün də önəmlidir ki, bir xalqın mədəniyyətinin dünyada təbliği, özünə yer tapması, xalqın öz mədəni dəyərləri işığında təqdimatı o mədəniyyəti bəyənənlərdən, dəstəkləyənlərdən çox asılıdır.

Mehriban xanım Əliyevanın bu fondun xətti ilə gördüyü işlər dünyanın dörd bir yanında Azərbaycan mədəniyyətinə dostlar qazandırdı. Yer üzündəki milyonlarla insan Azərbaycan muğamını, bəşəriyyətin mədəni irsinə töhfə olan tarixi abidələrimizi, milli mətbəximizi, folklorumuzu, xalq sənəti nümunələrimizi görüb onların ecazına heyran kəsildi.

Dost qəlbində yaranan sevgi və rəğbət hissi ilə milli mədəniyyətimiz dünyadakı özünüifadə məkanını getdikcə genişləndirdi. Müstəqil bir xalqın, dövlətin mədəniyyətinin təmsilçiləri olaraq səsimiz-sözümüz daha geniş məkanda eşidilməyə başladı.

Mehriban xanımın yaratdığı "Azərbaycan İrs” jurnalı da milli mədəniyyətimiz işığına toplaşan, bu işığı Yer üzündə yaymaq məramı ətrafında bir araya gələn insanlar arasında təsirli kommunikasiya vasitəsinə çevrildi və qarşıya qoyulmuş niyyətlərin reallığa çevrilməsində mühüm rol oynadı.

***

Mədəniyyət qədər xalqın fiziki sağlamlığı da önəmlidir. Sağlam nəsil sağlam gələcəkdir, sağlam Vətəndir və bu Vətəni daim irəli aparan sağlam ruhdur. Ona görə də Mehriban xanım Əliyevanın fəaliyyətinin davamında Azərbaycan idmanının inkişafı, fiziki hazırlığın, sağlam həyat tərzinin təbliği məsələləri də xüsusi aktuallıq daşımağa başladı. Mehriban xanım Azərbaycan Gimnastika Federasiyasının rəhbəri kimi milli idman tariximizdə bir-birindən möhtəşəm uğurlara imza atdı. Onun təşkilatçılığı ilə Azərbaycanda tarixi əhəmiyyətli beynəlxalq yarışlar keçirildi. İdmançılarımız böyük arenalarda yüksək nailiyyətlər qazanaraq bayrağımızı ucalara qaldırdılar.

Şəxsən bu sətirlərin müəllifinin bir müşahidəsi də var ki, onu bütün bu nəticələrin, uğurların ötəsində sayıram. Məhz cənab

İlham Əliyevin, Mehriban xanım Əliyevanın idman sahəsində gördükləri işlər sayəsində, sağlam həyat tərzinin təbliği hesabına, eləcə də yaratdıqları şəxsi nümunələrlə idman bu gün Azərbaycan insanı üçün arenalarda, televiziya ekranı qarşısında seyr etdiyi kənar bir məşğuliyyət deyil.

Azərbaycan insanı bu gün idmanın içindədir artıq... Onu özü üçün gündəlik həyat tərzinə çevirib...

Səhər, ya axşam haradasa başmaqseyrinə çıxanda xeyli sayda müxtəlif yaşlı insanın - kişilərin, qadınların idman geyimlərində yürüş etdiklərini görürsən. Yaxud küçələrdə, demək olar ki, addımbaşı idman zalları və ora gedib-gələn adamlar çıxır rastına, hələ səhhət üçün çox faydalı olan velosipedin əksəriyyətin həyatına necə daxil olduğunu demirəm...

Bu, artıq nəticədir. Və xalqın sağlamlığına xidmət edən bu cür faydalı nəticələrin əldə olunmasında Mehriban xanım Əliyevanın əməyi çox böyükdür...

***

2004-cü ildə onun rəhbərliyi ilə Heydər Əliyev Fondu yaradıldı. Ulu Öndərin ideyaları işığında formalaşmış bu təsisatın ali niyyətləri bəlli idi. Və Mehriban xanım bu niyyətlərin reallaşdırılmasına, demək olar ki, ən birinci təhsil sahəsindən başladı. Fond elə yarandığı gündən bir sıra strateji layihələri paralel həyata keçirir, milli mədəniyyətimizin qorunması və təbliği sahəsində mühüm nailiyyətlər qazanırdı. Təhsili isə ona görə birinci sırada qeyd edirəm ki, fondun yerinə yetirdiyi təşəbbüslərin ən miqyaslısı təhsillə bağlı idi.

Ömür keçdikcə təhsilin insan üçün də, xalq üçün də nə qədər böyük əhəmiyyət daşıdığını bir daha anlayıram. Müasir dünyamızın yeni çağırışları isə təhsili artıq su kimi, yemək kimi, aldığımız nəfəs kimi həyati bir ehtiyaca çevirib.

Xalqın təhsilə olan ehtiyacı da yaratdığı mədəniyyət, fiziki-mənəvi sağlamlığı qədər önəmlidir. Toplum təhsilli olmasa, yaratdığı mədəniyyətə zamanla başqaları sahib çıxacaqlar, fiziki sağlamlığı da artıq bir işə yaramayacaq, çünki təhsilə dəyər verib irəli düşən başqa toplumların içində, təsir dairəsində getdikcə əriyib itəcək. Ona görə də təhsil Ulu Öndər Heydər Əliyev kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin də bu xalqın, ölkənin gələcəyi üçün qarşıya qoyduğu əsas strateji hədəfdir.

Bir adamın yüksək mənəvi keyfiyyətlərini daha yüksək tonla, ürəyimizin dərinliklərindən gələn emosional hisslə nəzərə çatdırmaqdan ötrü, adətən, "qızıl kimi insandır” deyirik...

Azərbaycan dövləti də Prezident İlham Əliyevin gündəmə gətirdiyi "insan kapitalı” ideyası ilə, əslində, "insan qızılı” yaratmaq istəyir. Gələcəyin qızıl kimi insanlarını yetirməyə çalışır. Çünki bu, zəmanəmizin ən qiymətli sərvətidir, xəzinəsidir və bu xəzinənin də mərkəzində təhsil dayanır.

2004-cü ildən bəri Azərbaycan dövlətinin təhsilimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərlə bir arada, nə aşağı, nə yuxarı, elə dövlətin gördüyü işlər qədər Mehriban xanım Əliyeva da Heydər Əliyev Fondu xətti ilə işlər gördü. Parlaq nəticələr yaratdı. Cəmiyyətdə maarif çırağının işığını daha da gur etdi.

Adətən, cəmiyyətdəki hansısa ictimai məzmunlu problemlər haqqında söhbət düşərkən tez-tez istifadə etdiyimiz ümumi bir məntiqi hökm var: "Hər şey məktəbdən başlanmalıdır”.

Mehriban xanım Əliyeva da, sözün əsl mənasında, birinci məktəbdən başladı. Onun irəli sürdüyü "Yeniləşən Azərbaycana yeni məktəb layihəsi” Azərbaycanın ictimai gündəmini müəyyən edən sosial çağırış kimi əks-səda yaratdı. Qısa zamanda özünə böyük tərəfdarlar ordusu topladı. Hamı bu nəcib niyyətin niyyətdən gerçəkliyə dönməsindən ötrü can-dildən işə girişdi. Sabah övladlarının təhsil alacağı, yaxud müəllim kimi dərs deyəcəyi yeni Azərbaycan məktəblərinin tikilib qurulması prosesində hamı əlini daşın altına qoymağa can atdı. Az zamanda Azərbaycanın ucqar kəndlərində, şəhər və qəsəbələrində ucalan işıqlı məktəblər yeniləşən Azərbaycanımızın yeni məktəbləri və onlardan başlanan ümid dolu gələcəyimizdir.

***

Mehriban xanım Azərbaycan Prezidentinin rəhbərliyi ilə paytaxtımızdan ölkənin ən ucqar məkanlarına qədər həyata keçirilən başqa infrastruktur layihələrinə də öz faydalı təşəbbüsləri ilə dəstək oldu. Vətən evinin abadlığına əsl Azərbaycan qadınının xanım əllərinin səliqəsi, həssaslığı, qayğıkeşliyi, qeydkeşliyi ilə töhfələr verdi.

O, bu yurda və yurdun insanlarına, ümumən, insanlığa sevgisi ilə hər kəsin doğmasına çevrildi, bütün Azərbaycan ailələrinin rəğbəti, məhəbbəti qədər problemlərini, qayğılarını da ürəklə paylaşdığı ən əziz bir adamı oldu. Bu yurdun kimsəsizi Mehriban xanımı özünə kimsə bildi, valideynlərin tənhalığa tərk etdikləri körpələr ana nəvazişini, ana şəfqətini onun sevgisində tapdı, övladlarından naxələflik görüb ömrün ixtiyar çağlarını ahıl evlərində keçirən yaşlılarımız onun varlığı ilə ovundu, övlad təsəllisini Mehriban xanımdan aldı.

O, nəcib əməlləri, dünyaya və insanlara yaxşılıqlar gətirən gözəl işləri ilə insanlara bu qədər doğmalaşdı.

***

Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın yaratdıqları hər real nəticə, ortaya qoyduqları saleh əməllər insanların həyatına rahatlıq gətirir, onların problemlərinin, qayğılarının sırasını seyrəldir, bu rahatlığı, məmnunluğu yaşayan hər kəs onlara şükranlıq duyğularını qəlbindən keçən, dilindən səslənən "Halaldır kişinin oğluna, Halaldır kişinin qızına” alqışı ilə ifadə edir...

Beləliklə, xalqın daim adını əziz tutduğu, xatirəsini rəğbətlə andığı Kişinin - Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın ailə ocağında yedikləri çörək, aldıqları tərbiyə, Mehriban xanımın akademik Arif Paşayevdən, professor Aida xanım İmanquliyevadan əxz etdiyi mənəvi irs sadə insanların dualarında onların halalı olur...

Azərbaycanın bu günü və gələcəyini əmin əllərdə görmək istəyən Heydər Əliyevin ruhu bu Vətənin sadə zəhmət adamlarının Tanrıya ünvanlanmış şükranlıq dualarında sevinir, rahatlıq tapır...

***

Onun əməllərinin xoş sorağı dünyanın hər bir səmtindən eşidilir. Mehriban xanım Əliyevanın tarixi abidələrin, müqəddəs dini məkanların bərpası, abadlaşdırılması üzrə həyata keçirdiyi layihələr, başqa-başqa ölkələrdə inşa etdirdiyi məktəblər, ehtiyacı olan icmalara uzatdığı kömək əli, UNESCO və İCESCO-nun sülhməramlı səfiri qismində yerinə yetirdiyi missiya insanlarda bu Azərbaycan qadınının şəxsiyyətinə böyük rəğbət yaradır.

Xalqı formalaşdıran, kimliyini nişan verən həm də tapındığı dəyərlərdir. Mehriban xanım Əliyeva bu gün dünyamızın xilası kimi görünən tolerantlığı, mədəniyyətlər, dinlər arasında dialoqu xalqımızın önəmli dəyərləri kimi gündəmə gətirir. Azərbaycanı bu dəyər ətrafında müzakirələrin aparıldığı, sivilizasiyalararası toqquşmaların diskussiya məcrasına yönəldildiyi dialoq, sülh, barış məkanına çevirir. Bütün dünyaya təlqin etdiyi multikulturalizm prinsipləri ilə Allahın yaratdığı ən ali varlığı, yer üzünün əşrəfi sayılan insanı bütün dinlərin, dillərin, millətlərin, irqlərin arasındakı fərqlərin fövqünə ucaldır.

Mehriban xanım Əliyeva öz şəxsi nümunəsi ilə insana sevgini, insana verilən dəyəri, mərhəməti, xeyirxahlığı dünyanın ən mühüm meyarı kimi təqdim edir. Dində cəhalətə, xurafata, qaragüruhçuluğa qarşı mübarizə aparır. Öz əməlləri ilə başqalarına ən doğru yolu göstərir.

İllərdən bəri yerinə yetirdiyi nəcib missiyanı, ictimai vəzifələri Mehriban xanım Əliyeva bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi həyata keçirməkdədir. Dövlətimizin vətəndaşların rifahı üçün gerçəkləşdirdiyi çoxşaxəli, geniş bir sosial proqramın ağırlığını o, zərif çiyinlərində daşıyıb aparır, sadə vətəndaşlara faydalı olmaqla dövlət rəhbərimizin göstərdiyi etimadı doğrultmağa, sadiq bir silahdaş, vəfalı yol yoldaşı kimi ona dəstək olmağa çalışır. Vətəndaş-dövlət münasibətlərini daha da doğmalaşdırır, təşkilatçılıq, idarəçilik bacarığı, yüksək məsuliyyəti və bunu başqalarında da görmək istəyi, problemlərin həllinə yönələ bilməsi, ən əsası isə Azərbaycana sevgisi ilə Vətənin bu günü və gələcəyi üçün böyük işlər görür.

Onun adı, ictimai-siyasi obrazı cəmiyyəti ali məqsədlər, ümumi maraqlar, problemlərin həlli yönündə faydalı təşəbbüslər ətrafında bir araya gətirməyi bacaran rəmzdir...

Mehriban xanım Əliyeva bu gün milyonlarla insan üçün bir vəhdət simvoludur. Buna koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri dövründə hamımız şahid olduq. Mehriban xanımın bütün rəsmi statuslardan, inzibati vəzifələrdən kənarda, ailəmizin qeydimizə qalan, sağlamlığımızı düşünən doğma bir üzvü kimi cəmiyyətə ünvanladığı ardıcıl müraciətlər çətin və gərgin günlərdə insanlara ruh verdi. Onları inandırdı, yol göstərdi.

Bu dövlətin vətəndaşları, bu dünyanın sakinləri kimi belə məqamlarda yerinə yetirməli olduğumuz vətəndaşlıq və insanlıq vəzifələrimizi bizə xatırlatdı, öyrətdi.

"İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacağıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır. Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır”. - Bu, Mehriban xanım Əliyevanın Azərbaycan xalqı timsalında, ümumən, dünyaya ünvanladığı müraciətlərin birindən gətirilmiş iqtibasdır.

Hazırda bütün aləm pandemiyaya qarşı mübarizənin effektiv yollarını sınamaqla yanaşı, həyat normala dönəndən sonra dünyada, inkişaf meyillərində, insanların gündəlik davranışlarında baş verəcək dəyişiklikləri də proqnozlaşdırmağa çalışır. İngilis dilində həmin gələcəyi ifadə etmək üçün istifadə edilən "New normal”ın tərcüməsindən yaranmış "Yeni normal” ifadəsi artıq bizim leksikonumuza da daxil olmaqdadır.

Pandemiyadan sonrakı zamanın mənzərəsi necə olacaq, bunu hələ heç birimiz bilmirik, qismət olsun yaşayarıq, görərik.

Amma çox arzu edərdik ki, Mehriban xanımın müraciətindəki bu ali həqiqət tarixin "Yeni normal” dövrünün aparıcı xəttinə çevrilsin.

Vaxtilə Andre Morua yazırdı ki, insanın həyatdakı məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər gününü kiçik bir əbədiyyətə çevirməkdədir. Mehriban xanım Əliyevanın bu gün bütün dünyada tanınması da xoş əməllərinin ona qazandırdığı şöhrət deyil.

Bu, şöhrətdən daha üstün bir dəyərdir...

İnsanın vaxtın fövqünə ucalmasıdır...

Biz də bu şərəfli Azərbaycan qadınına, Vətənsevər şəxsiyyətə, xeyir əməllər sahibinə mənalı ömründə yeni-yeni ucalıqlar diləyirik!..

Hüseynbala MİRƏLƏMOV,

Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video