07:06 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mir Cəlal və müasirləri

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
02:32 11.06.2021

 

Zəngin tarixi ənənələri olan, dünya bədii fikrinə böyük ədəbi simalar bəxş edən Azərbaycan ədəbiyyatının sovet dövrünü müstəqil dövlətimizin yaratdığı demokratik elmi prinsiplər zəminində öyrənmək sahəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ardıcıl iş aparılır. Bu dövrün məzmun və sənətkarlıq baxımından indi də yaşayan, siyasi konyunkturadan kənar ədəbi nümunələrini, onu yaradan sənətkarların yaradıcılıq yolunu işıqlandıran çoxsaylı kitablar sırasında “XX əsr ədəbiyyatı məsələləri” seriyasından nəşr edilən əsərlərin xüsusi yeri var.

Professor Şirindil Alışanovun rəhbərliyi və elmi müdaxiləsi ilə 2006-cı ildən çap olunmağa başlanmış bu kitablarda XX əsr (sovet dövrü) klassiklərinin irsi fonunda ötən əsrin ədəbi gedişatının ən mürəkkəb, bu gün də ciddi mübahisə doğuran məsələləri tədqiq olunur. Bu araşdırmalarda əsas elmi prinsip belə müəyyənləşdirilir: “Nəzəri konsepsiyalarla milli ədəbi təcrübənin yekunlarının vəhdətdə götürülməsi müasir nəzəri-metodoloji böhrandan çıxmağın səmərəli, düzgün yoludur”. XX əsr ədəbiyyatının klassikləri Məmməd Arif, Səməd Vurğun, Mikayıl Müşfiq, İlyas Əfəndiyev irsinə həsr olunmuş dörd kitabdan sonra bu seriyadan beşinci kitab görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlala həsr olunmuşdur. Elmi məcmuənin “Mir Cəlal və müasirləri” adlandırılması təsadüfi deyil. Kitabda XX əsr Azərbaycan ədəbiyyatının ədəbi-nəzəri fikrinin görkəmli nümayəndəsi Mir Cəlalın bədii və elmi irsi yaşadığı dövrün ədəbi gedişatının ən vacib problemləri, mətləbləri fonunda öyrənilir. Mir Cəlalın müasirləri Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rəhimov, İlyas Əfəndiyev, Həmid Araslı, Məmməd Arif, eləcə də ötən əsrin 20-30-cu illərinin ədəbi prosesində iştirak etmiş Seyid Hüseyn, Y.V.Çəmənzəminli kimi yazıçıların yaradıcılığı təhlilə cəlb olunur.

Mir Cəlal sənətinin ideya-bədii özəllikləri, onun bir şəxsiyyət və pedaqoq kimi xidmətləri yeni faktlar, təhlillərlə müasir nəsillərə çatdırılır. Kitab bu gün ədəbiyyatşünaslıq sahəsində çalışan görkəmli alimlər tərəfindən yazılmışdır. Yeni nəşr Xalq yazıçısı, professor Elçinin “Yazıçı, alim, pedaqoq” məqaləsi ilə açılır. Elçin öz müəllimi, ustadı haqqında olduqca səmimi bir ruhda söhbət açır, Mir Cəlalın yazıçı, alim, pedaqoq kimi portretini yaradır. Akademik İsa Həbibbəylinin “Mir Cəlal ədəbi-elmi məktəbi: sadəlik, dərinlik və professionallıq” başlıqlı məqaləsi klassik örnəyə müasir aspektdən dəyər verməyin nümunəsidir. Hər iki məqalədə həm bədii nəsrimizin, həm də ədəbiyyatşünaslıq elmimizin inkişafında Mir Cəlalın xidmətləri onun zəngin irsindən gətirilən faktik material əsasında üzə çıxardılır. Professor Şirindil Alışanovun “XX əsr Azərbaycan ədəbiyyatının Mir Cəlal fenomeni” məqaləsi belə bir dəyərləndirmə ilə başlayır: “Mir Cəlal Paşayevin zəngin yaradıcılıq yolu, pedaqoji fəaliyyəti XX əsr Azərbaycan tarixi ədəbi prosesinin həm təcrübi, həm də nəzəri-estetik təkamül prosesini özündə ehtiva edən dəyərli milli mənəvi sərvətdir. O, XX əsr ədəbiyyatının elə klassiklərindəndir ki, onun bədii və elmi irsi böyük bir zaman kəsiyində bədii fikrin sənətkarlıq uğurları, poetik nailiyyətləri ilə yanaşı, ədəbi tənqidin və ədəbiyyatşünaslığın da nəzəri-metodoloji inkişaf mərhələlərinin mahiyyətini özündə əks etdirir”. Məqalədə Mir Cəlal irsini XX əsr ədəbiyyatının fenomeninə çevirən mətləblər şərh olunur.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun, filologiya elmləri doktorları Bədirxan Əhmədov, Mahirə Quliyeva, Vaqif Yusifli, Mərziyyə Nəcəfova, Təyyar Salamoğlunun və filologiya üzrə fəlsəfə doktorları Aygün Bağırlı, İlham Məmmədli və Yadigar Əsgərovanın məqalələrində Mir Cəlal yaradıcılığının əsas istiqamətləri bu günə qədər elmi dövriyyədə olmayan, kifayət qədər öyrənilməmiş faktlar əsasında tədqiq olunur. Mir Cəlalın romanlarında zaman və məkan problemi, Mir Cəlal gülüşünün səciyyəsi, onun romanlarının janr tipologiyası, Mir Cəlal nəsrində həyat həqiqətləri və bədii həqiqət, sənətkar və zaman kimi məsələlərin işığında yazıçının sənətkarlıq istiqamətindəki axtarışları təhlil olunur.

Kitabın elmi quruluşu elə düşünülüb ki, Mir Cəlal sənətinin qaynaqları ilə yanaşı mənsub olduğu müasirləri ilə yaradıcılıq əlaqələri, ötən əsrin 30-60-cı illərinin ədəbi-elmi prosesi ilə bağlılığı haqqında təsəvvür yaransın. “Mirzə İbrahimov və XX əsr Azərbaycan ədəbi-nəzəri fikri” (S.Alışanov), “1920-30-cu illər Azərbaycan satirik hekayəsinin janr təkamülü” (B.Əhmədov), “1920-30-cu illər hekayəsində yeni insan konsepsiyası” (S.Quliyeva), “XX əsr hekayəsində milli xarakter” (A.Rüstəmzadə) və digər məqalələr bir çox problemləri işıqlandırır.

“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” seriyasından “Mir Cəlal və müasirləri” mövzusuna həsr olunmuş kitab müasir ədəbiyyatşünaslığımızın yüksək səviyyəsini əks etdirir.

 XX əsr ədəbiyyatımızın klassiklərindən olan professor Mir Cəlalın bədii və elmi yaradıcılığının, şəxsiyyətinin yüksəkliyini, müəllim kimi bənzərsiz mənəvi keyfiyyətlərini oxuculara çatdırır. “Mir Cəlal müəllim Azərbaycanda ədəbiyyat adamlarının bir neçə nəslinin müəllimi olmuşdur. Filologiya fakultəsində təhsil almış hər bir tələbə öz ailəsinə, işlədiyi kollektivə, dərs dediyi sinif otağına Mir Cəlal müəllimin sadəlik, paklıq işığından pay aparmışdır”. (Ş.Alışanov)

Vaxt ötdükcə xalq həyatını Azərbaycan dilinin zəngin imkanları zəminində, yüksək vətəndaşlıq mövqeyindən əks etdirən Mir Cəlal kimi yazıçıların ömür və sənət ənənələri yeni araşdırmaların predmeti olacaqdır.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM