16 Noyabr 2011 03:11
442
SİYASƏT
A- A+

Miqrasiya Ermənistanda ciddi problem yaradıb

 

Korrupsiya girdabında boğulan hakimiyyət əhalinin xaricə köçünün qarşısını almaqda acizdir

 

Yaşadığı tənəzzül prosesi getdikcə dərinləşən Ermənistan üçün hələ də ən aktual problemlərdən biri ölkə əhalisinin xarici ölkələrə köçünün davam etməsidir. Miqrasiya prosesinin indiki templə davam edəcəyi təqdirdə Ermənistanın əhalisiz ölkəyə çevriləcəyi erməni sosioloqlarının özləri tərəfindən də açıq etiraf olunur. Belə hesab edilir ki, real şəraitdə Ermənistanın ümumi təhlükəsizliyinə xələl gətirən əsas hallardan biri məhz əhalinin ölkəni tərk etməsidir.

Mövcud iqtidar bu cür sosial-iqtisadi şərait fonunda miqrasiyanın qarşısının alınmasında artıq aciz olduğunu nümayiş etdirir. Elə bu səbəbdən Ermənistanda belə bir fikir hakimdir ki, Serj Sarkisyan iqtidarı hakimiyyətdə olduğu müddət ərzində digər çətinliklər kimi Ermənistanda miqrasiya problemi də öz həllini tapmayacaq. 

O da kifayət qədər diqqət cəlb edən faktdır ki, rəsmi dairələr özləri də miqrasiya məsələsində Ermənistanda mənfi saldonun qeydə alındığını açıq etiraf edirlər. Məsələn, Ermənistan statistika xidmətinin məlumatına görə, cari ilin ilk yarısında ölkədən xaricə gedənlərin sayı gələnlərdən 90 min nəfər artıq olub. Mövcud miqrasiya tendensiyasının Ermənistan üçün təhlükəli xarakter alması dünyanın nüfuzlu media orqanlarında da xüsusi olaraq vurğulanmaqdadır.

Elə bu günlərdə    BBC teleradio korporasiyasının sözügedən məsələ ilə bağlı hazırladığı materialda da qeyd olunurdu ki, Ermənistanda  əksər hallarda kişilər evlərini tərk edir, bütöv kəndlər qadınların öhdəsinə qalır. Qeyd olunur ki, kişilərin ailələrini saxlamaq üçün yeganə pul qazanmaq yolu Rusiyaya getməkdir. Ermənistandakı miqrasiya təşkilatının rəhbəri İlona Ter-Minasyan bildirib ki, kişilər ölkəni tərk etdiyindən, kəndlərdəki qadınlar kişilərin əvəzinə ağır işlərlə məşğul olurlar. Lakin daha böyük problemlər də var. Rəsmi məlumatlara görə, Ermənistanda işsizlik 7 faizə yaxındır. Lakin hüquq müdafiəçilərinin fikrincə, bu, reallıqdan çox uzaqdır. İşsizlik müavinətləri çox aşağı olduğundan əksər işsizlər qeydiyyatdan keçmirlər. Beləliklə, real rəqəmin 30-40 faizə yaxın olduğu bildirilir. Hüquq müdafiəçilərinin və müxalifət partiyalarının hesablamalarına görə, hər il 100 minə yaxın şəxs ölkəni tərk edir. Hüquq müdafiəçisi Karine Danielyanın sözlərinə görə, kişi çatışmazlığı cəmiyyətdə bütövlükdə hiss olunur: "Bu, həqiqətən ciddi problemdir. Qızların ərə getmək şansı olmayan nəsli yetişir. Çünki oğlanlar ölkəni tərk edirlər. Bu gün Ermənistanda doğum səviyyəsi əhalinin sabitliyini qorumaq üçün çox aşağıdır".

BBC teleradio korporasiyasının ardınca dünyanın daha bir nüfuzlu agentliyi olan  "France-Press" də məsələyə geniş diqqət ayırıb. Agentliyin yazısında  bildirilir ki, indi Ermənistandan əmək qabiliyyətli şəxslərin  kütləvi şəkildə xarici ölkələrə axışdığını görmək olar. Agentlik misal kimi Vanadzor yaxınlığındakı kəndləri göstərir. Bildirilir ki, məhsul yığımı vaxtı əkin sahələrində yalnız qadınların və uşaqların işlədiyini görmək mümkündür: "Onların ərləri və ataları qazanc dalınca əsasən Rusiyaya üz tutublar".

Erməni kəndlərində, demək olar ki, kişilərin qalmadığını yazan agentlik bildirir ki, qadınların bəziləri ərlərinin Rusiyada evlənərək bir daha geri qayıtmayacağından narahatdırlar: "Hər il Ermənistanı 25-30 min kişi tərk edir. Bu, reproduksiyaya və gender balansına mənfi təsir göstərir. Bu, cəmiyyətin qocalmasına da səbəb olur. Statistikaya əsasən, Ermənistan vətəndaşlarının 44 faizi özü və uşaqları üçün gələcəyi vətəndə görmür".

Son zamanlar Ermənistanı yalnız işsizlərin deyil, yaxşı əməkhaqqı alan şəxslərin də tərk etdiyi bildirilir: "Bəzi uşaqlar ataları ilə yalnız internet vasitəsilə əlaqə saxlaya bilir, digərləri atalarını görmək üçün Yeni ili gözləyirlər. Amma onların bəziləri, güman ki, Yeni ildə də məyus olacaqlar".

Xatırladaq ki, hazırda Rusiyanın "Həmvətənlər" proqramı Ermənistandan insanların kütləvi axınına səbəb olub. Ermənistanın miqrasiya xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib ki, Rusiyanın 2007-ci ildə icrasına başladığı bu proqram əsasında Ermənistanı yalnız son 8 ayda 19 min nəfər tərk edib. Bu məsələnin Ermənistan hökumətini narahat etdiyini deyən Yeqanyan baş nazir Tiqran Sarkisyanın da bu narahatlığı dilə gətirdiyini xatırladıb.

Ermənistanın "Aykakan Jamanak" qəzetinin yazdığına görə, ölkədə miqrasiyanın yüksək səviyyədə olmasına səbəb əhalinin mövcud rejimə inamının azalmasıdır. Yerevanda yerləşən Miqrasiya Problemləri Mərkəzinin ekspertləri hesab edirlər ki, mühacirət indiki templərlə davam etsə, ölkənin gələcəyi sual altına düşə bilər. Hesablamalara görə, bu ilin sonunadək ölkəni tərk edənlərin sayı 300 min nəfərə çatacaq. Ermənistandakı "Sardarapat" hərəkatının yaydığı bəyanatda isə bildirilir ki, ölkə rəhbərliyi mühacirət dalğasının qarşısını almaq və gedənlərin axınını səngitmək üçün faktiki olaraq heç bir tədbir görmür: "Ermənistan prezidenti Serj Sarkisyan bundan sonra nə etsə belə, ölkəni tərk edənlərə mane ola bilməyəcək. Mühacirət etmək fikrinə düşənləri hətta həbs gözləsə də, ermənilər qaçmağa davam edəcəklər. Axı səbir kasası daşan və heç bir ümid yeri olmayan insanları zorla ac saxlamaq olmaz".

"Daşnaksütyun" partiyasının parlament fraksiyasının üzvü Lilit Qalstyan isə bildirir ki, hər il ölkəni tərk edənlər sırasında yer alan 10 minlərlə vətəndaş sonradan geri qayıtmır. Onların əksəriyyəti 18-65 yaş arasında olan insanlardır. Bu proses davam etsə, bir neçə ildən sonra Ermənistan əhalisinin sayı milyondan da az olacaq. Araşdırmalar göstərir ki, işğal altında olan Dağlıq Qarabağda da mövcud erməni əhalisinin sayında azalma baş verir. Bugünlərdə açıqlanan statistikaya görə, ilin əvvəlindən Dağlıq Qarabağda cəmi 2 min uşaq dünyaya gəlib, ölənlərin sayı isə bundan çox olub. Kütləvi işsizlik, ağır sosial-iqtisadi vəziyyət buradakı erməni əhalisini də xarici ölkələrə üz tutmağa məcbur edir.

Müxalifət lideri Levon Ter-Petrosyan isə bəyan edib ki, Sarkisyan iqtidarı yaranan ağır durumun qarşısını almaq gücündə deyil. Çünki hakimiyyət daha çox öz mənfəətini güdməkdə, korrupsiyanın miqyasını genişləndirməkdədir.

Qeyd edək ki,  müxtəlif təşkilatlar tərəfindən Ermənistanda aparılan sorğular son illər ölkədə korrupsiyanın həcminin xeyli artdığını göstərir. Rəyi soruşulanların əksəriyyəti bütün məmurların istisnasız olaraq rüşvət və korrupsiyaya qurşandığını düşünür. Ermənistanda daha çox korrupsiyalaşmış sahələr kimi təhsil, səhiyyə, ordu, polis və məhkəmə sistemləri göstərilir. İndi Ermənistanda belə bir fikir hakimdir ki, korrupsiya tam şəkildə ölkənin maddi və mənəvi həyatına daxil olaraq hər şeyi amansızcasına məhv edir. O da bildirilir ki, dövlət xəzinəsinin talan edilməsi, əmlakın, xaricdən alınan kreditlərin mənimsənilməsi fonunda miqrasiya və yoxsulluq səviyyəsi də durmadan yüksəlir, iqtisadiyyat böyük sürətlə tənəzzülə uğrayır, həllini tapmayan sosial problemlərin miqyası daha da genişlənir.

Bu şəraitdə miqrasiyanın qarşısının da alınması mümkünsüz olduğundan Ermənistanın tezliklə əhalisiz ölkəyə çevriləcəyi qaçılmaz reallıq sayılır.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video